• 23 Sentyabr 2020
logo
Azərbaycan Prezidenti: “Azərenerji”nin böyük planları var və hesab edirəm ki, ardıcıl siyasət nəticəsində bütün bu planlar həyata keçəcək

Azərbaycan Prezidenti: “Azərenerji”nin böyük planları var və hesab edirəm ki, ardıcıl siyasət nəticəsində bütün bu planlar həyata keçəcək

“Azərenerji”nin böyük planları var və hesab edirəm ki, ardıcıl siyasət nəticəsində bütün bu planlar həyata keçəcək.

Bunu Prezident İlham Əliyev Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi açılışindan sonra Cəmiyyətinin bir qrup əməkdaşı ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Digər elektrik stansiyalarında da bərpa işləri aparılır və əminəm ki, biz bu istiqamətdə öz hədəfimizə çatacağıq. Bütün bu işlər, o cümlədən ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, iqtisadi inkişaf, sənaye potensialımızın artması, eyni zamanda, qonşu ölkələrlə enerji xətlərinin təmin edilməsi, inşası ona gətirib çıxarır ki, xarici investorlar artıq bu sahəyə böyük maraq göstərirlər. Biz bunu həmişə arzulamışıq. Ancaq görəndə ki, xarici investor bu sahəyə maraq göstərmir, bütün işləri biz özümüz görürük, öz pulumuzla. Müəyyən hissəni biz borc kimi götürdük, amma əsas hissəni öz pulumuzla həll etdik və bu gün dünya miqyasında ən səmərəli enerji sistemindən biri məhz Azərbaycandadır və bunu təsdiqləyən Davos Ümumdünya İqtisadi Forumunun hesabatıdır. Bunu mən elə-belə demirəm. Beləliklə, Forumun hesabatında elektrik enerjisinin əlçatanlıq indeksinə görə Azərbaycan dünyada ikinci yerdədir. Təsəvvür edin, ikinci yerdə. Bizdən qabaq, sadəcə olaraq, bir ölkə var. Yəni, bir çox inkişaf etmiş ölkələri qabaqlamışıq. Özü də nə vaxt, qısa müddət ərzində.

Bizim müstəqilliyimizin hələ 30 yaşı tamam olmayıb. Biz müstəqil ölkə olanda enerji təsərrüfatımız bərbad vəziyyətdə idi. Ondan sonra daha da bərbad vəziyyətə düşdü. Biz o illəri xatırlayırıq. Burada bir “Barmek” şirkəti peyda olmuşdu, özü də qeyri-təmiz sxemlər əsasında, keçmiş məmurlarla sövdələşmə əsasında gəlib bizim Bakı şəhərinin bütün enerji təsərrüfatına sahib olub və pul qoymaq əvəzinə, bu sistemi bərbad vəziyyətə salıb, Azərbaycandan milyonlarla pul aparıb. Sonra da bu, azmış kimi, bizi hələ məhkəməyə vermək istəyirdi. Mənim göstərişimlə bu çirkin sövdələşməyə son qoyuldu, bu dələduz şirkət Azərbaycandan qovuldu və mənim Sərəncamımla o vaxt “Azərişıq” Səhmdar Cəmiyyəti yaradıldı. Adını da mən qoymuşam, “Azərişıq”. Biz bütün enerji təsərrüfatımızı dövlət mülkiyyətinə qaytardıq. Əgər bunu etməsəydik, bu gün biz qaranlıq içində yaşayacaqdıq və “Azərenerji”nin bütün əmlakı dağıdılacaqdı, necə ki, bu bina. Təsəvvür edin, 13 min kvadratmetrlik binanı çıxardılar özəlləşdirməyə və ucuz qiymətə satmaq istəyirdilər. Əgər mən xəbər tutmasaydım, mənə məlumat verilməsəydi, göstəriş verməsəydim satacaqdılar. İndi görün siz nə gözəl binada yerləşirsiniz. Bu, demək olar ki, bizim enerji sistemimizin tənzimlənməsi işində əsas mərkəzdir. Skada sistemi, dispetçer sistemi, idarəetmə sistemi, hamısı burdadır, harada yerləşəcəkdi? Bizim enerji sistemimizi belə dağıtmaq istəyirdilər.

Ona görə bizim vətəndaşlar bunu bilməlidirlər və xatırlamalıdırlar. Bu gün haradan-hara gəlmişik, dünya miqyasında ikinci yerdəyik. Bu gün bizim enerji potensialımız artan iqtisadiyyatı dəstəkləyir. Təkcə bu ilin 3 ayında, - baxmayaraq ki, neftin qiyməti düşdü, koronavirus pandemiyası bizim ölkəmizə də çox böyük təsir göstərdi, - qeyri-neft sənayesi sahəsində artım 23 faizdir və bütün bu artan sənaye müəssisələri enerji tələb edir. Həm generasiya, həm ötürmə, həm dayanıqlı təchizat - bütün bunlar bu gün təmin edilir. Ona görə hesab edirəm ki, bu gün bu binanın açılışı çox böyük rəmzi məna daşıyır. Təbii ki, burada institut yerləşir, Baş İdarəetmə Mərkəzi, Tədris-Laboratoriya Mərkəzi, Dispetçer Mərkəzi və eyni zamanda, bu, bizim enerji sistemimizin yeni simasını əks etdirir. Bu bina artıq satışdan, hərracdan çıxarılaraq energetiklərə, onun sahiblərinə qaytarılmışdır. Ona görə bu binada işləyən vətəndaşlar öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər. Elə etməlidirlər ki, bizim enerji təminatımız daim yüksək səviyyədə olsun.

Bütün bunlarla yanaşı, hələ görüləcək işlər çoxdur. “Azərenerji”nin böyük planları var və hesab edirəm ki, ardıcıl siyasət nəticəsində bütün bu planlar həyata keçəcək".