• 26 Sentyabr 2020
logo
Rusiya yeni dünya düzəninə hazırlaşır

Rusiya yeni dünya düzəninə hazırlaşır

Rusiya prezidenti Vladimir Putinin keçmiş SSRİ-nin bərpası ilə bağlı mövqeyi əsasən, post-korona dövrünə yeni dünya nizamında bu istiqamətdə çalışacağı anonsudur.
Bunu “Xalq Cəbhəsi”nə politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun fikrincə, Belarus prezidenti A. Lukaşenko da ötən həftə koronavirusla bağlı SSRİ-nin mümkün bərpası kimi sətiraltı mesaj vermişdi. Bunu koranavirusa qarşı birgə mübarizə kimi vurğuladı. Baxmayaraq ki, A.Lukaşenko çıxşlarında Rusiya ilə birləşməyə razı olmadığını vurğulayır. Amma o, həlledici məqamda ölkənin müstəqilliyini Rusiyaya güzəştə getməyə hazır olduğu fikrində olduğunu da bildirib: “Sadəcə, əlverişli situasiyanı gözləyir. Budur, dünya pandemiyaya qarşı mübarizə apardığı bir dönəmdə , Lukaşenko MDB ölkələrini sətiraltı şəkildə birləşməyə çağırdı və ardınca onun böyük qardaşı Putini bunu açıq şəkildə dilə gətirdi. Lukaşenkonun ötən həftə keçmiş SSRİ ölkələrinin birləşmə kimi mesajı təsadüfi deyildi və Putinin bunu bu gün açıqlaması göstərir ki, hər iki ölkənin lideri anlaşıb. Qeyd edim ki, Rusiyada günü-gündən iqtisadi vəziyyətin ağırlaşması, Putinin reytinqinin kəskin düşməsi onun belə bir açıqlama verərək, rusların vətənpərvərlyini qaldırmaqla, Krımın annekasiyası illərində eyforyeya qaytarmaq istəyir. O rusların aclığa dözüb vətənpərvərlik nümayiş etdirmək xarakerini bilərək bunu ortaya atmaqla iqtisadi və sosial problemləri önləməyə çalışır. Amma rusların yenidən Putinin belə avantürasına sakit qalacağı mümkün deyil. Neftin kəskin şəkildə ucuzlaşması Putini aqressivləşdirib və o, yeni ittifaq haqqında planını reallaşdırması istiqamətində çalışarsa Belarus könüllü birləşəcək, Ukraynaya da ordu yeridə bilər”.
Politoloq bildirib ki, bu da Rusiyanın parçalanmasına gətirə bilər. V. Putinin bu planı yeni deyil və o, hesab edir ki, pandemiya ABŞ və Avropanın iqtisadiyyatını güclü zəiflədib və dünyanın yenidən bölüşdürülməsini ortaya atmaqla SSRİ-nin bərpasını başqa adla Rusiyanın tərkibinə qatacaq: “Amma Qərb və başda ABŞ olmaqla Rusiyanın bu planının reallaşmasına qəti imkan verməyəcək. Bu, ABŞ üçün yeni bir siqnaldır və bu plan birbaşa ABŞ-ın və Avropanın təhlükəsizliyini və beynəlxalq maraqlarını təhdid edir. Putinin bu mesajı birbaşa Azərbaycan olmaqla digər keçmiş müttəfiq ölkələrin müstəqilliyinə, suverenliyinə və təhlükəsizliyinə təhdiddir. Belarus istisna olmaqla, heç bir keçmiş müttəfiq respublikalar buna getməz. Yeni dünya nizamında Rusiyanın mövqeyi kəskin zəifləyəcək, konkret olaraq ABŞ güclü şəkildə iqtisadiyyatını qurub, Avropa və Cənubi Qafqazın müstəqlllyinin qarantı olacaq. Göründüyü kimi Rusiya təhlükəsi qalmaqdadır və beynəlxalq birliyi ciddi təhdid edir”.
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin "Rossiya" kanalına son müsahibəsində deyib ki, guya keçmiş SSRİ respublikalarının keçmiş böyük dövlətin bərpasıyla bağlı qorxuları tədricən aradan qaldırılır. Putin bildirib ki, keçmiş respublikalar arasında inteqrasiyanın genişlənməsində qəribə heç nə yoxdur. Buna baxmayaraq, Putin mövcud reallığı bu şəkildə ifadə edib: "Təəssüf ki, inteqrasiya istənilən qədər irəli getməyib, halbuki bu, mümkündür".
Politoloq hesab edir ki, Vladimir Putin sonrakı cümləsində açıqlamasının mahiyyətini bu sözlərlə büruzə verib: "SSRİ-nin bərpası kimi fikirlərdən qorxmaq lazım deyil, birlik hamının xeyrinədir və bu, qaçılmazdır". Putin keçmiş SSRİ respublikalarının birliyinin dünya bazarlarında rəqabət gücünü artıracağını vurğulayıb. Kreml sahibi keçmiş SSRİ-nin vahid dilinin, nəqliyyat infrastrukturunun və enerji qaynaqlarının olduğunu da xatırladıb. Putin birlikdə maraqlı olmayan qüvvənin də adını çəkib: Qərb.
Birincisi, Putin sonuncu cümləsində yeni heç nə deməyib. Həqiqətən Qərb SSRİ-nin bərpasını istəmir. Ancaq SSRİ-nin bərpasını heç Putinin haqqında danışdığı keçmiş SSRİ respublikaları, indiki müstəqil dövlətlər də istəmir. Putinin açıqlamasının heç bir yerində keçmiş SSRİ respublikaları müstəqil dövlətlər kimi adlandırılmır. Bununla Kreml sahibi bu dövlətlərə baxışını ortaya qoyur. Putin ətrafındakı dövlətləri Rusiya və Sovet imperiyasının tərkib hissəsi kimi qiymətləndirir. Təsadüfi deyil ki, Putin illər öncəsi verdiyi açıqlamada SSRİ-nin süqutunu əsrin böyük faciəsi adlandırmışdı. Aydındır ki, bunu deyən şəxs Rusiyanın qonşularını müstəqil dövlətlər kimi dəyərləndirə bilməz. Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi müdaxilə edərək Abxaziya və Cənubi Osetiyanı rəsmən işğal etməsini, 2014-cü ildə isə Krımı ilhaq etməsini və Donbasda Kiyevə tabe olmayan separatçı bölgə yaratmasını bu siyasətin tərkib hissəsi kimi dəyərləndirə bilərik.
İkincisi, Putin açıqlamasında "vahid dilə qayıdışa" işarə edərkən, hamının yenidən rus dilində danışması gərəkliyinə işarə edib. Putini başqalarının fikri maraqlandırmır, o öz xəyallarını reallaşdırmaq istəyir. Necə ki, Adolf Hitler başqa dövlətlərin ərazilərini işğal edərkən öz xəyallarını reallaşdırmaq istəyirdi. Ancaq indi fərqli əsrdir, güclər və maraqlar da fərqlidir. Yəni Putinin dediyi əsas deyil, əsas dünyadakı və bölgədəki qüvvələr nisbətidir.
Üçüncüsü, keçmiş SSRİ respublikalarından hansı biri imperiyanın yenidən bərpasını, Rusiyanın ağalığı ilə Qərblə münasibətlərinin korlanmasını və nəhayət, müstəqillikdən vaz keçməsini istəyir? Rusiyanın yaxın müttəfiqləri Qazaxıstan, Belarus və Ermənistan sayılır. Ancaq hətta bu 3 dövlət belə çətin ki, Putinin "SSRİ-ni başqa şəkildə bərpa edək" ideyasına dəstək versin. Rusiya ilə birləşməyə illərdir hazır olan Belarus belə sonda anladı ki, Moskvaya tərəfdaş yox, vassal lazımdır. Ona görə də Belarus prezidenti Aleksandr Lukaşenko vaxtilə özünün irəli sürdüyü Rusiya ilə ittifaq ideyasından vaz keçib.
Dördüncüsü, Putin eyni açıqlamada ziddiyyətli fikirlər söyləyib. SSRİ-nin başqa formada bərpasından danışan Putin sonrakı cümləsində deyib ki, Avrasiya İqtisadi Birliyinin yeni üzvlərlə genişləndirilməsi məsələsində tələsmək lazım deyil. Putin deyib ki, Avropa təcrübəsi göstərir ki, inteqrasiya proseslərində çətinliklər var və onlarla hesablaşmaq lazımdır. Putinin bu fikri ilə razılaşmamaq olmur. Ancaq inteqrasiyanın mövcüd çətinliklərindən danışan Putin, eyni zamanda, bundan daha sıx inteqrasiya olunması hədəflənən ikinci SSRİ-nin bərpasını necə mümkün hesab edir? Başqa aktual sual da var. İşğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında inteqrasiya necə mümkündür? Bəziləri deyə bilər ki, axı Azərbaycan və Ermənistan Müstəqil Dövlətlər Birliyinin (MDB) də üzvüdürlər. Məsələ burasındadır ki, MDB amorf qurumdur. Putin isə MDB-dən və Avrasiya İqtisadi Birliyindən daha güclü təşkilat yaratmaq istəyir.
Putin "yeni ideyasını" maraqlı dövrdə irəli sürür. Dünya və elə Rusiyanın özü koronavirusla gərgin mübarizə aparır, xəstələrin və ölənlərin sayı artır. Rusiyada vəziyyət ağırdır, bir tərəfdən koronavirus, digər tərəfdən neftin qiymətlərinin düşməsi Rusiya iqtisadiyyatını iflic edib. Kreml sahibi bu problemləri necə həll edəcəyi və ölkənin bütövlüyünün gələcəyi haqqında düşünmək əvəzinə SSRİ-ni başqa formada bərpa etmək istəyir. Burda deyiblər, özünə umac ova bilmir, özgəyə əriştə kəsir"