• 1 Oktyabr 2020
logo
Vətəndaşın rifahı Azərbaycan dövləti üçün prioritetdir

Vətəndaşın rifahı Azərbaycan dövləti üçün prioritetdir

Koranavirus təhlükəsi dünyanı qəfil yaxaladı. Ərazisindən, əhalisinin sayından, təbii resurslarından, iqtisadi potensialından, siyasi və geosiyasi təsir imkanlarından, hərbi gücündən asılı olmayaraq, bütün dövlətlər bu çağırılmamış gözəgörünməz düşməni, gəlişinə xüsusi hazırlıq görmədən qarşılamaq məcburiyyətində qaldılar. Qısa bir zaman ərzində dünyanın iqtisadi-siyasi mənzərəsi dəyişdi. Sərhədlər qapandı, bütün ənənəvi biznes münasibətləri, iqtisadi əlaqələr havadan asılı vəziyyətdə qaldı, pandemiyanın qarşısının alınması üçün atılan zəruri addımlar, karantin rejimləri çərçivəsində tətbiq olunan məhdudiyyətlər daxili və qlobal iqtisadi prosesləri sıradan çıxmaq təhlükəsi qarşısında qoydu, uzun illər boyu tətbiq olunan, qlobal bohranların sınağından çıxaraq təkmilləşdirilən sosial müdafiə mexanimləri öz effektivliyini itirdi...
Bəlkə də bəşəriyyət III dünya müharibəsinə hazırlıqlı idi, amma koronavirus pandemiyasına yox...
Bütün bunları qısaca da olsa xatırlatmaqda məqsədim baş verənlərin mahiyyətini bir daha göz önünə sərgiləməkdir. Bəzən hadisələrin inkişaf tempi geridə buraxdığımız zaman kəsiyində cərəyan edən hadisələri bütün detalları ilə xatırlamağa, təhlil etməyə və nəticə çıxarmağa imkan vermir. Proseslərin sürətli inkişafında yalnız günün yaşantıları ilə kifayətlənir və bu günlə sabahın arasındakı məsafəni özümüzlə əlavə informasiya yükü götürmədən qət etməyə çalışırıq.
Amma belə olmamalıdır. Çünki koronavirus təhlükəsi sovuşduqdan sonra, vaxtilə dünyaya “humanizm dərsi” keçən, indisə öz vətəndaşlarına belə sahib dura bilməyənlər və onların muzdlu, marginal nüfuz müvəkkiləri yenə də Azərbaycanın pandemiya dövründə nümayiş etdirdiyi çoxsaylı humanizm nümunələrini görməzdən gələcək, ənənəvi boşboğazlıqlarını davam etdirəcəklər.
Məhz bu baxımdan, inşallah qısa bir zamanda geridə buraxa biləcəyimizə şübhə etmədiyim pandemiya dönəmində, Azərbaycanın sərgilədiyi gerçək humanizm nümunələrinə nəzərə salmağı vacib hesab edirəm. Nəzər salaq ki, dövlətin ən kritik, ekstremal vəziyyətlərdə öz vətəndaşına necə sahiblənməli olduğunu görə və anlaya bilməyənlər də nəticə çıxarsınlar.
Koronavirus (COVID-19) pandemiyasının sürətlə yayılması fonunda yaranan vaxt məhdudiyyətinə baxmayaraq, Azərbaycan dövlətu qarşıda duran problemlərin həllinə, ölkəmizdə həyata keçirilən islahatların dinamikasına uyğun olaraq yenə də konseptual yanaşdı. “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı hazırlandı və təsdiq olundu. İqtisadi artıma, sahibkarlığa, məşğullq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması kimi mühüm istiqamətlərin yer Tədbirlər Planında əhalini bilavasitə sosial müdafiəsinin təmin edilməsini nəzərdə tutan 10 tədbir müəyyənləşdirildi.
Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrıldı.
Virusun sürətlə yayılma təhlükəsini önləmək məqsədilə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində dövlətin qarşısında duran prioritet vəzifələrdən biri də
dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması idi ki, bu istiqamətdə də məqsədyönlü və təxirəsalınmaz tədbirlər həyata keçirildi və bu proses davam etməkdədir.Bu məqsədlə elektron sistem üzərindən 1 milyon 629 min işçi (o cümlədən, dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min) ilə bağlı gündəlik nəzarət həyata keçirilir. Əmək müqavilələrinin sayında isə azalma deyil, əksinə, artım baş verib. Beləki 1 aprel - 17 aprel tarixlərində, yəni cəmi 16 gün ərzində əmək müqavilələrin sayı 55 min artıb.
Bununla yanaşı, muzdlu işçilərin əçək haqları ilə bağlı məsələlər də diqqətdən kənarda qalmayıb və artıq 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir.
Dünyanın əksər ölkələrində iş yerlərinin bağlanmasına, əhalinin məşğulluq imkanları ilə bağlı ciddi problemlərin yaranmasına baxmayaraq, Azərbaycanda məşğulluq orqanlarının fəaliyyəti daha da gücləndirilib. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib.
Ümumilikdə ictimai iş yerlərin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda da işləməyə davam edirlər.
İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanıb.
Qeyd edim ki, Azərbaycan Prezidentinin qərarı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək və bu ödəmələr aprel-may aylarını əhatə edəcək. Növbəti mərhələdə isə birdəfəlik ödəmə alan şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq
Birdəfəlik ödəmələrlə bağlı proses də olduqca sürətlə həyata keçirilib. Aprelin 7-də təsdiq edilən qaydalar üzrə çox qısa müddət ərzində - 2 günə ödənişlərə başlanılıb. Ümumilikdə aprelin 9-dan 17-dək 140 min işsiz vətəndaşımız üçün birdəfəlik ödəmə təmin edilib.
Birdəfəlik ödəmələrin alınması prosesi isə kifayət qədər sadələşdirilib. Ödəmə köçürülərkən vətəndaşa bu barədə SMS göndərilir. Ödəniş bank filialları və ya poçt şöbələri vasitəsilə təmin edilir.
Azərbaycan hökumətinin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, mövcud vəziyyətdən daha az ziyanla çıxılması prioritet təşkil etdiyindən, həyata keçirilən tədbirlərin davamlı olması nəzərdə tutulur. Yəni proses təkcə pandemiya dövrünü deyil, həm də pospsndemiya dövrünü əhatə edəcək ki, iqtisadi mexanizmlərin danamik inkişafına nail olmaq üçün tələb olunan zaman kəsiyində Azərbaycan vətəndaşlarının sosial müdafiəsi təmin olunsun. Bu məqsədlə işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Eyni zamanda əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək. Butövlükdə 2020-ci ildə bu növ ödənişlər 20 min nəfəri əhatə edəcək.
Həyata keçirilən tədbirlər nəticəsində işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti də uzadılıb. 2 min nəfəri əhatə edən bu sosial tədbirə 600 min manat manat vəsait ayrılıb.
Azərbaycan hökumətinin həyata keçirdiyi sosial tədbirlər çəırçivəsində özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi əsas istiqamətlərdən birini təşkil edir. 2020-ci ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb.
Proqramın genişləndirilməsi ilə əlaqədar Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir.
Bu məqsədlə, eyni zamanda banklarla da əməkdaşlıq həyata keçirlir. Aprelin 8-də banklar tərəfindən proqram iştirakçılarına aktivlər verilməsinə başlanıb.
Dünya Bankı ilə birgə layihənin icrası çərçivəsində isə hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək.
Bütün bunlarla yanaşı, BMT-nin İnkişaf Proqramı ilə birgə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verilməsini də xüsusi olaraq vurğulamağa ehtiyac duyuram.
Azərbaycan hökumətinin xüsusi həssas təbəqələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər yalnız koronavirus pandemiyasının doğurduğu nəticələrin aradan qaldırılması ilə bağlı deyil. Bu tədbirlər kompleks və ardıcıl xarakter daşıyır.
Beləki Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 mln. manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilmişdir. Bu ödənişləri (pensiya, müavinət təqaüd və s.) 2,3 milyon şəxs alır.
Aprelin 8-15-də respublika üzrə aprel ayı üçün pensiyalar tam ödənilib. Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.
Bu bağlamda ünvanlı dövlət sosial yardımının verilməsi müddətinin uzadılması və təyinatının sadələşdirilməsi istiqamətində də müvafiq addımlar atılıb. Xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bunun üçün əlavə 3 milyona manat ayrılıb.
Aprelin 1-dən ünvanlı sosial yarıdımı alanların sayı 10 min ailə artıb. Ümumilikdə 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.
Azərbaycan dövlətinin öz vətəndaşlarına olan münasibəti özünü tənha yaşlılara göstərilən sosial xidmətlərdə də büruzə verir. Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır. 15 000-dən çox tənha yaşlıya sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə artıq 17 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verilib. Bu proses davam edir.
Hazırda 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.
Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və sosial rifahının təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlər daha öncə sadaladığım istiqamətlərlə məhdudlaşmır. Beləki 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bu tədbir 14 min nəfəri əhatə edir və bunun üçün 2.6 milyon manat ayrılıb.
Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb.
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulub.
Göründüyü kimi, dövlət vətəndaşın sosial vəziyyətinə mənfi təsir göstərəcək bütün amilləri nəzərə alır, təhlil edir və onların tez bir zamanda, kompleks şəkildə aradan qaldırılması üçün mümkün olan bütün vasitələrdən istifadə edir.
Bu yazıda ayrı-ayrı sosial təbəqələrin rifah halının yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin yalnız müəyyən bir hissəsinə toxunmaq mümkün oldu. Bu proses o qədər geniş və ardıcıl xarakter daşıyır ki, yaratdığı mənzərəni bir yazının “sərhədləri” çərçivəsinə sığışdırmaq mümkün deyil.
Az qala hər gün əhalinin məşğulluğunun təmin edilməsi, sosial müdafiəsənin gücləndirilməsi istiqamətində yeni və innovativ layihələrin həyata keçirildiyinin şahidi oluruq. Bu prosesin dünyanı acı reallıqlarla qarşı-qarşıya qoyan koronavirus pandemiyasının özü ilə birgə gətirdiyi sosial-iqtisadi problemlərin qlobal müstəvidə tüğyan etdiyi bir dönəmdə davamlı şəkildə həyata keçirilməsi isə Azərbaycan Prezidentinin yürütdüyü siyasətin təməlində insan amilinin dayandığını bir daha sübuta yetirir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır!
Vətəndaşın rifahı Azərbaycan dövləti üçün prioritetdir!

Elçin Mirzəbəyli