• 27 Sentyabr 2020
logo
“Bütün cərimələr dövlət büdcəsinə keçməlidir”

“Bütün cərimələr dövlət büdcəsinə keçməlidir”

Qüdrət Həsənquliyev: “Cərimə təyin edən şəxslərə topladıqları cərimədən pul ayrılması düzgün yanaşma deyil”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə də bağlı çıxış edib. Millət vəkili cərimələrin müəyyən faizinin cərimə edənlərin maaşına ödənilməsi barədə qanundakı müddəanı düzgün saymadığını bildirib: “Bu məsələ komitədə müzakirə olunarkən öz fikrimi bildirmişəm. Mən əvvəllər də demişəm, indi də o fikirdəyəm ki, cərimə təyin edən şəxslərə topladıqları cərimədən pul ayrılması düzgün yanaşma deyil. Əməkhaqqı siyasəti ilə bağlı hesab edirəm ki, buna son verməliyik. Hörmətli Əli Hüseynli də bildirdi ki, artıq ilkin addımlar atılır. Amma bu bizim konstitusiyanın 149-cu maddəsinə ziddir. Bu maddə normativ hüquqi aktlar adlanır və orada qeyd edilir ki, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə, bərabər mənafelərə və bərabər münasibətlərə əsaslanmalıdır”.
Millət vəkili diqqətə çatdırıb ki, bu məqamda konstitusiyanın əsas prinsipi pozulur: “Ona görə ki, haqq-ədalət deyilən bir şey yoxdur. Bizim kifayət qədər dövlət büdcəsindən maliyyələşən dövlət təşkilatları var. Onların cərimə təyin etmək imkanı yoxdur. Baxmayaraq ki, onların bir qisminin iş fəaliyyəti həm strersli, , həm də sağlamlıq baxımdan təhlükəli olduğuna görə, cərimə təyin edən orqanın əməkdaşlarından az əhəmiyyətli deyil. Belə olduğu təqdirdə necə ola bilər ki, o cərimə təyin edir deyə biz onun əməkhaqqına əlavə pul təyin edirik?! Hesab edirəm ki, sadaladığım əlamətlər, yəni işin ağırlığı, stresli olması, eləcə də həyat və sağlamlığa təhlükəsinə görə nəzərə alınmalı, vahid tarif cədvəli olmalı və hər kəsə əməkhaqqı bu prinsip əsasında verilməlidir. Bu həm də ona gətirib çıxarar ki, biz indi cəza siyasətinin humanistləşdirilməsindən danışırıq, amma xarici ölkələrdə görürük ki, bəzən polis bir nəfəri saxlayaraq tanbeh edir, xəbərdarlıq edərək deyir ki, bir daha qaydanı pozma. İnsani münasibətlər baxımından bu çox önəmlidir. Amma biləndə ki, o cərimə təyin etsə, bunun 25 faizi onun əməkhaqqına gələcək, bu zaman həmin şəxs cərimə təyin etməyə meylli olacaq. Bu təkcə polislə bağlı deyil, cərimə təyin edən bütün strukturlarla bağlıdır. Düşünürəm ki, nəhayətdə biz bu məsələni müvafiq icra qurumlarının qarşısında qaldırmalıyıq. Bu yanaşma konstitusiyaya ziddir. Bütün cərimələr dövlət büdcəsinə keçməlidir. Dövlət büdcəsindən də işin xarakterindən, məsuliyyətin ağırlığına uyğun olaraq maaş verilməlidir”.
Millət vəkili bildirdi ki, əvvəlcədən heç kim təyin edə bilməz ki, nə qədər cərimə toplanacaq: “Ona görə də, mərkəzi icra hakimiyyəti orqanı əvvəldən müəyyən etməməlidir ki, biz bu qədər cərimə toplayacağıq və buradan da əməkhaqqına bu qədər əlavələr gələcək. Həm də, cərimələrin toplanması aydan-aya fərqli ola bilər. İnsan öz ailə büdcəsini əvvəlcədən proqnozlaşdıra bilmir. Nəticədə cərimə təyin edən strukturların nümayəndələri qarşılarına cərimələrlə bağlı gündəlik məqsəd qoymağa başlayırlar. Məsələn, bu gün 3 nəfəri cəriimə etməliyəm ki, ayın sonunda bu qədər vəsait yığılsın.
Hörmətli spiker, hesab edirəm ki, bu da bizim həll etməli olduğumuz məsələlərdən biridir. Fikrimcə, bu islahatlar sahəsində mühüm addım ola bilər”.