• 22 Sentyabr 2020
logo
Əhalinin sosil, iqtisadi təhlükəsizliyi təmin olunub

Əhalinin sosil, iqtisadi təhlükəsizliyi təmin olunub

Sadiq Qurbanov: “Düşünürəm ki, dövlətin iqtisadiyyata, sahibkarlara və aztəminatlı əhali qruplarına dəstək proqramları qarşıda da davam etdiriləcək”

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənən Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. 17 apreldə Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində, hökumətin qabaqlayıcı tədbirləri ilə ölkəmizdə vəziyyəti nəzarət altında saxlamaq mümkün olub: “Məhz Azərbaycan hökumətinin çevik reaksiyası sayəsində koronavirus pandemiyası bir çox ölkələrdən fərqli olaraq, ölkəmizdə katastrofik həddə çatmayıb, mən inanıram ki, bundan sonra da çatmayacaq və Azərbaycan bu pandemiyadan ən az itkilərlə çıxmış dövlətlərdən biri olacaq”.
Komitə sədri onu da vurğulayıb ki, bu günə olan rəqəmlər ondan xəbər verir ki, hökumətimiz qarşıya qoyulan məqsədin öhdəsindən uğurla gəlir, yoluxma və ölüm sayına görə ən yaxşı mövqelərdən birində durmuşuq. Son günlərin statistikası da görülən tədbirlərin effekt verdiyini və müsbətə doğru meyillənmə olduğunu göstərir: “Məsələnin iqtisadi tərəfinə gəlincə, bu istiqamətdə də təqdir edici işləri sadalamaq olar. Prezident İlham Əliyev pandemiyanın sosial-iqtisadi təsirlərinin aradan qaldırılması üçün 2.5 milyard manat ayırıb, müəyyən əhali qruplarına, sahibkarlara maddi yardımların edilməsinə artıq başlanılıb. Bu işlər başlanğıcdır, düşünürəm ki, dövlətin iqtisadiyyata, sahibkarlara və aztəminatlı əhali qruplarına dəstək proqramları qarşıda da davam etdiriləcək. Nəzərə almaq lazımdır ki, bütün dünyada pandemiya hələ davam edir, nə qədər davam edəcəyini də heç kim proqnozlaşdıra bilmir. Bu bəla tam aradan qalxmadan onun vurduğu zərbələrin miqyasını müəyyənləşdirmək mümkün deyil”.
Sadiq Qurbanov bildirib ki, Azərbaycan dövləti, iqtidarı hər zaman olduğu kimi öz vətəndaşının yanındadır. Fürsətdən istifadə edib qərəzli şəkildə Azərbaycan iqtidarına hücum edənlər bu dəfə də sonda məyus olacaqlar: “Xalqımız Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanımın bu pandemiya günlərindəki gərgin fəaliyyətini, atılan addımları, həyata keçirilən dəstək proqramlarını yüksək qiymətləndirir. Bunu görməmək mümkün deyil. Əsas odur ki, bütün dünya iqtisadiyyatına ölümcül zərbə vuran koronavirus pandemiyasına, eyni zamanda neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, Azərbaycan hökuməti heç bir sosial layihəni təxirə salmayacaq. Prezident İlham Əliyev 14 aprel müşavirəsində bunu açıq şəkildə bəyan etdi. Bu, Azərbaycan iqtidarının xalqa münasibətinin növbəti əyani göstəricisidir”.
Onu da qeyd edək ki, koronavirus pandemiyasının təsirlərindən qorunması istiqamətində Azərbaycan hakimiyyətinin həyata keçirdiyi bütün layihələrin əsas məqsədi əhalinin sağlamlığının qorunması ilə yanaşı, sosial rifahının yaxşılaşdırılmasıdır.
Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirləri özündə əhatə edir.
Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılıb. Belə ki, elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Əhatə dairəsi: 1 milyon 629 min işçi (o cümlədən, dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min). Burada əmək müqaviləsi sayında azalma deyil, əksinə, artım baş verib: 1 aprel - 17 aprel: 55 min artım; 1 yanvar - 17 aprel: 77 min artım.
Xüsusi həssas təbəqələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 mln. manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilmişdir. Bu ödənişləri (pensiya, müavinət təqaüd və s.) 2,3 milyon şəxs alır. Aprelin 8-15-də respublika üzrə aprel ayı üçün pensiyalar tam ödənilib. Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov bildirib ki, pandemiya təkcə insan sağlamlığına deyil, dünya iqtisadiyyatına da təsir göstərib: “Bu gün insanlar və dövlətlər bir-birindən aralı düşüblər, ölkələrin qapıları bağlanıb, iqtisadi əlaqələr kəsilib, təcrid olunublar. Pandemiya hər bir ölkəni sınağa çəkib. Hansı ölkə bu sınaqdan necə çıxacağını düşünür. Hər bir ölkə pandemiya ilə mübarizə aparmaqla yanaşı, özünü ayaq üstə saxlamağa çalışır. Azərbaycanda ölkə rəhbərliyinin apardığı sosial, iqtisadi siyasət bizim iqtisadi təhlükəsizliyimizə təminat verir”.
QHT sədri deyib ki, dünyada panemiyanın təsirindən neftin qiymətində azalmalar müşahidə olunur, iqtisadiyyatın digər sahələrində də irəliləyiş yoxdur, bu Azərbaycandan da yan keçməyib: “Düzgün və reallığı uyğun aparılan siyasət dövləti ayaq üstə saxlayacaq. Prezidentimiz bu istiqamətdə iqtisadi, sosial layihələr həyata keçirir ki, bu da əhalinin sosial rifahının yaxşılaşdırılması deməkdir. Əmək haqqları artırılır, pensiya, müavinət və sosial yardımlar vaxtından əvvəl hesablanıb əhaliyə çatdırılır, əlavə olaraq işsiz statusu qazananlara 190 manat müavinət ödənilir.
Bir sözlə, görülən tədbirlər Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikrilərinin bariz təzahürüdür.”

Cavid