• 23 Sentyabr 2020
logo
Musa Qasımlı: Beynəlxalq təşkilatların qondarma “seçkiləri” tanımaması Ermənistana növbəti beynəlxalq diplomatik-siyasi zərbə oldu

Musa Qasımlı: Beynəlxalq təşkilatların qondarma “seçkiləri” tanımaması Ermənistana növbəti beynəlxalq diplomatik-siyasi zərbə oldu

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaradılmış qondarma "qurum"da keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri”ni bütün aparıcı beynəlxalq təşkilatların tanımadıqlarını bəyan etmələri, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa, Rusiyanın, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, hətta Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Türk Şurasının verdiyi açıqlamalar Ermənistana vurulan növbəti beynəlxalq diplomatik-siyasi zərbə oldu.

Bunu açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Deputat bildirib ki, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirə zamanı nitqində cənab Prezident İlham Əliyev Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri Münxen Təhlükəsizlik Konfransında geniş auditoriyaya çatdırmasını xatırlatdı. Prezident İlham Əliyev bir daha göstərdi ki, erməni təbliğatı saxtakarlıq, yalan, mifologiya üzərində qurulub, Azərbaycanın mövqeyi isə tarixi sənədlərə, reallıqlara və beynəlxalq hüquqa əsaslanır:

“Deməli, cənab Prezidentin nitqindən alınan daha bir dərs ondan ibarətdir ki, bizim hər birimiz Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyaya çatıdırlmasında fəal olmalı, milli-dövlət maraqlarımızı qətiyyətlə qorumağı bacarmalıyıq. Cənab Prezident qondarma “seçkiləri” pisləyən beynəlxalq təşkilatların arasında 20 il ərzində Azərbaycanı qaralamaq, şər, böhtan atmaq, nüfuzdan salmaq üçün əlindən gələni əsirgəməyən Avropa Şurası, Avropa Şurası Parlament Assambleyasının adının olmadığına diqqəti yönəltdi".

Deputat qeyd edib ki, ölkə başçısı birmənalı olaraq bu qurumların qəbul etdikləri qətnamə və qərarların kağız parçasından fərqlənmədiyini bildirib:

"O təşkilatın Azərbaycanla bağlı məruzəçilərinin susduqları vurğulandı. Açıq şəkildə bildirildi ki, kiçik bir hadisə baş verən kimi ölkəmiz haqqında yalan, böhtan uyduranlar, bundan sonra Azərbaycan üzrə məruzəçi olmaq üçün mənəvi haqqlarını itiriblər".

M.Qasımlı əlavə edib ki, çirkin bəyanatların arxasında heç də Azərbaycanda demokratiya, insan haqlarının qorunması məsələsi deyil, Azərbaycanı qaralamaq, şantaj etmək, nüfuzdan salmaq və maraqlarına zərbə vurmaq məqsədi dayanır:

"Deməli, cənab Prezidentin nitqindən çıxarılan dərslərdən biri ondan ibarətdir ki, millətimiz ona bədxah münasibət bəsləyənləri yaxından tanımalı və qətiyyətli olmalıdır”.