• 27 Sentyabr 2020
logo
Cənab Prezident, əminik ki, “Biz birlikdə güclüyük!” çağırışınızla koronavirusa tez bir zamanda qalib gələcəyik - Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir

Cənab Prezident, əminik ki, “Biz birlikdə güclüyük!” çağırışınızla koronavirusa tez bir zamanda qalib gələcəyik - Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir

Bu fikir dövlətimizin başçısına ünvanlanmış minnətdarlıq məktublarının leytmotivini təşkil edir

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın bütün guşələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edirik.

Ağdam rayonunun Əfətli kəndinin sakini Şəmsəddin Əhmədov yazır: “Möhtərəm Prezidentimiz, son bir neçə aydır ki, dünyanı bürüyən koronovirus pandemiyasına qarşı Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən qətiyyətli tədbirlər biz, cəbhə xəttinin yaxınlığında mənfur düşmənlə üz-üzə yaşayan vətəndaşlarınızı ürəkdən sevindirir. Biz bu ağır günlərdə bir daha əmin olduq ki, möhtərəm Prezidentimiz İlham Əliyev hər zaman öz xalqının yanındadır. Cənab Prezident, bu çətin günlərdə xalqımıza dəstək olduğunuz üçün Ağdam gəncləri adından Sizə minnətdarlığımızı bildiririk”.

İsmayıllı şəhərində fəaliyyət göstərən məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov və müəllimlər Sevda Qasımova, Mətanət Abbasova, Humay Talıbova, Brilyand Mursalova, Çingiz Muradlı yazırlar: “Hörmətli cənab Prezident, bu gün bütün dünyanın bir nömrəli bəlasına çevrilmiş COVID-19 pandemiyası bizim ölkədən də yan keçmədi. Bu çətin günlərdə bir daha əmin olduq və tam qətiyyətlə deyə bilərik ki, Sizin uzaqgörən və düşünülmüş siyasətiniz bütün azərbaycanlıların dərin rəğbətini qazanmışdır. Qeyd etdiyiniz kimi, əgər vaxtında doğru və qətiyyətli addımlar atılmasaydı, çox ciddi əlaqələndirmə aparılmasaydı, bu gün Azərbaycanımız daha böyük problemlərlə üzləşə bilərdi. Necə ki, dünyanın güclü dövlətləri hesab edilən ölkələr bu gün bu pandemiya qarşısında acizliklərini etiraf etmək məcburiyyətində qalıblar. Bir rəhbər olaraq, Azərbaycana, xalqımıza, ən kiçiyindən ən yaşlısına qədər bəslədiyiniz səmimiyyət və sevgi hissləri açıq-aydın duyulur. “Biz birlikdə güclüyük” deməklə xalqımızı bir yumruq halında birləşdirə bildiniz. Elə onun nəticəsidir ki, bu gün xalqımız həm özünü, həm də dövlətini düşünərək bir-birinə kömək göstərir, tezliklə bu ümumbəşəri bəladan üzüağ, alnıaçıq çıxmaq yolunda səfərbər olub. Biz, İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin pedaqoji kollektivi hər zaman olduğu kimi, Sizin bu sahədə də siyasətinizi dəstəkləyir və qürurla qeyd edirik ki, həmişə Sizin yanınızdayıq. Azərbaycanımıza, xalqımıza verdiyiniz dəyərə, göstərdiyiniz qayğı və diqqətə görə Sizə səmimi qəlbdən təşəkkür edirik”.

Masallı rayonunda N.Bağışov adına Xanalion kənd məktəbinin direktoru Mirəsgər Bağırzadə yazır: “Hörmətli cənab Prezident, bildiyimiz kimi, koronavirus bəlası tibbin ən inkişaf etmiş ölkələrində belə can almaqda davam edir. Ölkəmizdə isə vəziyyətin Sizin nəzarətinizdə olması virusun sürətlə yayılmasının qarşısını almağa kömək edib. Respublikamızda vaxtında elan olunmuş karantin rejimi, dezinfeksiya işlərinin aparılması və digər təxirəsalınmaz tədbirlərin görülməsi bir daha onu göstərir ki, Siz həmişə xalqımızı düşünürsünüz. Sizin göstərişinizlə ölkədə tibbi maska çatışmazlığının da qarşısı alındı. Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı oldu və Siz açılışda şəxsən iştirak etdiniz. Cənab Prezident, görülən işlərə görə Masallı rayonunun təhsil işçiləri, bütün müəllim və şagird kollektivləri adından Sizə təşəkkür edir, minnətdarlığımı bildirirəm”.

Mingəçevir şəhər sakini Bəhmən Paşayev yazır: “Möhtərəm cənab Prezident, bütün dünyada sürətlə yayılan koronavirus pandemiyası vətənimiz Azərbaycandan da yan keçməyib. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və əhatəsinin məhdudlaşdırılması istiqamətində vacib addımlar atılıb. Ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi, yeni koronavirusun yayılmasının qarşısının alınması, onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsaitin ayrılması, Sumqayıtda tibbi maska istehsalı müəssisəsinin açılması onu sübut edir ki, yürütdüyünüz siyasətin təməlində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Cənab Prezident, əminik ki, “Biz birlikdə güclüyük!” çağırışınızla bu virusa tez bir zamanda qalib gələcək, bu bəladan az itki ilə qurtulacağıq. Bütün mingəçevirlilər Sizə güvənir, Sizinlə qürur duyur, şərəfli və məsuliyyətli işinizdə Sizə uğurlar diləyirlər”.

Gəncə şəhər sakinləri Mətləb Məhərrəmov, Telman Quliyev, Aygün Həsənova və Mehriban Allahverdi yazırlar: “Hörmətli cənab Prezident, koronavirus pandemiyasının ölkəmizdə kütləvi yayılmasının qarşısını almaq üçün atdığınız addımlar öz nəticəsini verməkdədir. Bir neçə gündür bu virusla əlaqədar Azərbaycanda nikbin statistika müşahidə olunur. Xəstəliyə yoluxanlarla sağalanların sayının təqribən eyni olması ümidlərimizi və inamımızı daha da artırır. Sizin vaxtında gördüyünüz tədbirlərin real nəticələr verəcəyini əvvəlcədən gözləyirdik. İnanırıq ki, bu sahədə vəziyyət get-gedə daha da yaxşılaşacaq və xalqımızın canı bu bəladan birdəfəlik qurtaracaq. Cənab Prezident, Ulu Tanrı hər zaman yolunuza işıq salsın, Sizi bədnəzərdən qorusun!”.

“Hörmətli Prezident, koronovirus epidemiyası Azərbaycan sərhədlərini keçən kimi Sizin gördüyünüz qabaqlayıcı tədbirlər, xəstəliyin daha geniş ərazini əhatə etməməsi üçün verdiyiniz tapşırıqlar bu problemi nəzarətdə saxlamağa imkan verdi”.

Bu sözlər Salyan rayonunun Marışlı və Seyidsadıqlı kəndlərinin sakinləri Qabil Bağırov, Dadaş Qafarov, Teymur Rzayev və Ceyhun Musayevin məktubunda qeyd olunub. Onlar yazırlar: “Bu tədbirlər Sizin üçün xalqın sağlamlığının hər şeydən üstün olduğunu göstərir. Bununla da Siz bir daha hər bir azərbaycanlının Prezidenti olduğunuzu təsdiq etdiniz. Müxtəlif sosial təbəqələrdən olan insanlara kömək edilməsi, bu məqsəd uğrunda hamının səfərbər olması Sizin bu gərgin və məsuliyyətli günlərdə söylədiniz “Biz birlikdə güclüyük!” çağırışının sayəsində oldu”.

Şirvan şəhərinin sakini Taclı Mustafayeva məktubunda qeyd edir: “Cənab Prezidentimiz, Sizi şəxsən öz adımdan, ailəmin adından və 6 yaşlı oğlum Bəyazidin adından salamlayıram. Sizin xalqımız üçün gördüyünüz işləri alqışlayırıq. Koronavirusla mübarizə apardığımız bu ağır dönəmdə Siz xalqın yanında olur, onun hər bir probleminə həssaslıqla yanaşır və onu həll edirsiniz. Siz dünya dövlətlərinin başçılarının etdiklərinin daha mükəmməlini reallaşdırırsınız. Cənab Prezidentim, mən bir vətəndaş olaraq Sizin gördüyünüz bütün işləri dəstəkləyir və buna görə Sizə minnətdarlığımı bildirirəm. Mən və oğlum Sizi görmək ümidi ilə Şirvan şəhərinizə səfər edəcəyiniz günü səbirsizliklə gözləyirik. Sizi çox sevirik. Tutduğunuz yolda Sizə daim uğurlar arzulayıram. Uca Rəbbim hər bir işinizdə Sizə yardımçı olsun”.

Ağdam rayonunun Xındırıstan kəndinin sakinləri Nurlan Baxşəliyev, Məzahir Qasımov və Aqil Hümbətov yazırlar: “Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə görülən işlər deməyə əsas verir ki, biz bu koronavirus bəlasını da dəf edəcək, bu mübarizədə qalib gələcəyik. Siz bizi bir olmağa çağırdınız, xalq da Sizinlə həmrəylik nümayiş etdirdi. Pandemiyanın qarşısının alınması istiqamətində görülən işlərə, həmçinin bizə “Evdə qal” şəraitində yaşadığımız halda yardım göstərdiyinizə görə Sizə təşəkkür edirik. Sizinlə fəxr edirik, cənab Prezident!”

Neftçala rayonunun Xolqaraqaşlı kəndinin sakinləri İlham Məcidov və Eyvaz Quliyev yazırlar dövlətimizin başçısına ünvanladıqları məktubda yazırlar: “Hörmətli cənab Prezident, dünyanı bürüyən koronavirus pandemiyası böyük bəladır, artıq 100 mindən çox insanın həyatına son qoyub. Dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşansa da, Azərbaycanda qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarət altında saxlanılır. Allahın köməyi, Sizin gərgin əməyiniz sayəsində ölkəmiz bu bəladan minimum itkilərlə çıxacaq.

Azərbaycan xalqı üçün gördüyünüz bütün işlər alqışlanır, yüksək qiymətləndirilir. Bu şərəfli və məsuliyyətli vəzifənizdə Sizə və Mehriban xanıma uğurlar arzulayırıq”.

Bərdə rayon sakini Yusif Vahidi yazır: “Hörmətli cənab Prezident, koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə atılmış addımlar bizi sevindirir. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bu gün xalqımızın devizinə çevrilib. Biz gənclər olaraq, Sizin rəhbərliyinizlə görülən bütün tədbirlər sayəsində çox yaxın gələcəkdə ölkəmizdə pandemiyanın sona çatacağına qəti əminik. Allahdan bu bəlanın tezliklə Azərbaycanın və bütün dünyanın üzərindən çəkilməsini diləyirik”.

Füzuli rayonundan Milli Qəhrəman ailəsi Ülviyyə Quliyevanın məktubunda bu fikirlər yer alıb: “Hörmətli cənab Prezident, Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir. İstirahət etmədən xalqımızın qayğısına qalırsınız. Bu çətin günlərdə belə diqqətinizi bizdən əsirgəmirsiniz. Şəhid Milli Qəhrəman ailəsi olaraq Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyinizlə görülən tədbirlər sayəsində ölkəmizdə pandemiyanın sona çatmasına nail olacağıq. Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” şüarınızı dəstəkləyirik və hər zaman arxanızdayıq”.

Bakı şəhəri Nəsimi rayonunun sakini Sübhan Qaragözov yazır: “Hörmətli cənab Prezident, hazırda koronavirus pandemiyası nəticəsində dünyada hər gün yüz minlərlə insan xəstəliyə yoluxur, minlərlə insan bu xəstəlikdən dünyasını dəyişir və milyonlarla insan müxtəlif şəkildə bu pandemiyadan maddi və mənəvi zərər görür. Bu çətin günlərdə biz bir daha şahidi olduq ki, dövlətimiz dünyada baş verən bütün prosesləri olduqca həssaslıqla izləyir və öz vətəndaşlarının pandemiyadan əziyyət çəkməmələri, zərərlərin ən minimum səviyyəyə endirilməsi üçün lazım olan bütün qabaqlayıcı və tənzimləyici tədbirləri vaxtında, qətiyyətlə həyata keçirir. Dünyanın aparıcı dövlətlərinin belə aciz qaldığı bu vəziyyətdə dövlətimizin, Prezidentimizin öz xalqının və vətəndaşlarının yanında olması, onların bütün mümkün problemlərinin həllinə çalışması doğrudan da təqdirəlayiqdir, sevindirici və qürurvericidir. İstər xüsusi karantin rejimi çərçivəsində atılan qabaqlayıcı addımlar, istər sahibkarlara, işsizlərə və mövcud vəziyyətdən zərər çəkən digər şəxslərə dövlət dəstəyinin, maddi yardımın göstərilməsi, istərsə də xəstəliyə yoluxmuş və yoluxma riski olanların müalicəsi, qorunması baxımından Azərbaycan dünya dövlətlərinə nümunə olacaq bir model, bir yanaşma ortaya qoydu. Bütün bunlara görə Sizə dərin təşəkkürümüzü bildiririk, cənab Prezident!”.

Bakı şəhər sakini Fuad Heydərlinin məktubunda isə aşağıdakı fikirlər yer alıb: “Möhtərəm cənab Prezident, bütün dünyanın koronavirusla üz-üzə qaldığı bir vaxtda Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi mübarizə tədbirləri biz gənclərdə böyük qürur hissi yaradıb. Müvafiq Fərmanınızla Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş “Yeni klinika” xəstəxanasının və Sumqayıt Kimya Sənaye Parkında maska istehsalı müəssisəsinin açılışları, həmçinin Sizin və Birinci vitse-prezident Mehriban Əliyevanın açılışlarda şəxsən iştirakınız bir daha sübut etdi ki, Siz hər zaman Azərbaycan xalqının sağlamlığını və təhlükəsizliyini düşünür, məhz bunun üçün yorulmadan çalışırsınız. Sizin və Mehriban xanımın bu mövzuda xalqımıza müraciətləriniz soydaşlarımızda yüksək əhval-ruhiyyə yaradıb, biz vətəndaşlara böyük mənəvi stimul olub. Sizin rəhbərliyinizlə dövlətimiz tərəfindən koronovirusla mübarizə sahəsində həyata keçirilən bütün tədbirlər xarici ölkələrin mətbuatlarında da, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də təqdir olunur və yüksək qiymətləndirilir. Biz gənclər də Sizin bu xidmətlərinizi yüksək qiymətləndirir, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımızın tezliklə bu yoluxucu xəstəlikdən ən az itki ilə qurtulacağına əminliyimizi bildiririk. Bütün bunlara görə gənclər adından Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu Tanrı Sizi, ailənizi və xalqımızı qorusun!”.

Bakı şəhəri Səbail rayonunun sakini Telman Əzimzadə yazır: “Əziz Prezidentim, bizim ailə Sizin qayğınızı daim hiss edib. Hazırda mən tək yaşasam da, özümü tənha hiss etmirəm. Məlum səbəblərdən ölkəmizdə yaranmış bu çətin günlərdə Sizdən böyük diqqət və qayğı gördük. Bu günlərdə həm maddi, həm də ərzaq yardımı aldım. Bu, mənə və mənim kimi insanlara maddi yardımdan əlavə, həm də mənəvi qayğıdır. Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayıram. Allah Sizi qorusun. Doğrudan da biz birlikdə güclüyük”.

Bakı şəhəri Suraxanı rayonunun sakinləri Vidadi Hüseynov, Rüstəm Kazımov və Natiq Baxışov yazırlar: “Hörmətli cənab Prezident, biz Yeni Suraxanı qəsəbəsinin sakinləri Sizə qəsəbəmizdə daxili yolların təmirinin başa çatdırıldığına görə səmimi təşəkkürlərimizi bildiririk. Bu işlər ilin əvvəlindən başlasa da, qayğılı günlərdə başa çatdırıldı. Bu isə Azərbaycan dövlətinin heç bir çətinlik qarşısında əyilmədiyini göstərir. Bu işlərin yerinə yetirilməsini biz hazırkı çətinlik üzərində ilkin qələbə kimi qəbul edirik. Əminik ki, Sizin rəhbərliyinizlə pandemiyaya qalib gələcək, Qarabağ uğrunda mübarizədə qələbəyə də hazırlaşacağıq. Gecə-gündüz çalışdığınıza görə qəsəbəmizin bütün sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Goranboy rayonunun Xan Qərvənd kəndinin sakini Niyaz Hacıyevin məktubunda deyilir: “Möhtərəm cənab Prezident, bu gün dünya ölkələri qarşısında ciddi problemə çevrilmiş COVID-19 virusunun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Sizin rəhbərliyinizlə həyata keçirilən davamlı, sistemli və kompleks tədbirlər biz sadə vətəndaşlar tərəfindən böyük minnətdarlıqla qarşılanır. İstər koronavirusun yayılmasının lokallaşdırılması ilə bağlı qabaqlayıcı tədbirlər, istər iqtisadiyyatın bu virusun təsirlərindən qorunması üçün atılan addımlar, istərsə də sahibkarlara, sosial baxımdan ehtiyacı olan insanlara dövlət dəstəyinin göstərilməsi və bütün bu işlərin həyata keçirilməsi istiqamətində dövlət qurumlarının sistemli fəaliyyəti vətəndaş olaraq bizim özgüvənimizi daha da artırır. Eyni zamanda, Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın bu istiqamətdə fəaliyyətini, bir neçə gün əvvəl xalqımıza bir ana qayğısı ilə, sevgi və səmimiyyətlə müraciətini də qeyd etməyi özümə borc bilirəm. Bu gün mən və ailəm paytaxtdan 350 kilometr aralıda, özü də döyüş bölgəsi olan bir rayonda yaşayırıq. Verilən bütün qərarların ölkənin ən ucqarlarında belə icrası dövlət intizamının bariz nümunəsi və bunun nəticəsində biz sadə insanların dövlətə inamının daha da möhkəmlənməsidir. Cənab Prezident, Siz xoş günlərdə də, çətin günlərdə də həmişə xalqımızın yanında, sadə insanların arxasında olmusunuz. Qoy bu çətin yolda Allah da həmişə Sizin arxanızda dursun!”.

Xaçmaz rayonunun Mehrəliqışlaq kənd ümumi orta məktəbinin direktoru Pənah Ələsgərov yazır: “Əziz və hörmətli cənab Prezident, bütün dünyanın koronavirusla üzləşdiyi bir vaxtda Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi mübarizə tədbirləri bizlərə ölkəmizdə daha rahat və arxayın yaşamağa imkan verir. Siz insanlarımızın sağlamlığı üçün ölkədə çox münbit şərait yaradırsınız. Sizin göstərişinizlə bütün sahələrdə işlərin qaydasında olması üçün lazımi tədbirlər görülür. Hazırda dünyada tüğyan edən koronavirus bütün ölkələr kimi, bizim də iqtisadiyyatımıza, maliyyə sistemimizə öz təsirini göstərib. Amma əsas odur ki, Sizin müəyyənləşdirdiyiniz proqram sayəsində biz vətəndaşlar bunu hiss etmirik. Əksinə, vətəndaşlara maddi dəstək göstərilir, sahibkarlara güzəştlər edilir. Möhtərəm cənab Prezident, görülən işlərə görə Sizə minnətdarlığımızı bildirməklə bərabər, əminliyimizi ifadə edirik ki, Sizin rəhbərliyinizlə qısa zamanda bu çətinliklərdən az itkilərlə çıxacaq, əvvəlki həyatımıza qayıdacağıq. Bu yolda hamımıza cansağlığı, uğurlar arzulayırıq”.

Quba rayonunun sakini Sərxan Mirzəyevin məktubunda deyilir: “Möhtərəm Prezidentimiz İlham Əliyev, Sizin Azərbaycanın hər bir vətəndaşına olan diqqət və qayğınız Quba əhalisi tərəfindən də fərəhlə qarşılanır. Dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə vaxtında həyata keçirdiyiniz tədbirlər hər bir Azərbaycan vətəndaşına olan qayğınızdan xəbər verir. Respublikamızın hər yerində bu istiqamətdə aparılan zəruri tədbirlər, xüsusi karantin rejiminin tətbiqi mövcud vəziyyətdə əhalinin sağlamlığının qorunmasına xidmət edir. Sizin rəhbərliyinizlə həyata keçirilən bu tədbirlər əslində bir sıra dünya ölkələri üçün də nümunədir. Cənab Prezident, son illər ölkəmizdə, o cümlədən Qubada reallaşdırılan böyük infrastruktur layihələrini də xüsusi vurğulamaq istəyirəm. Yaşadığım Dəvədabanı massivində uzun illərdən bəri həllini gözləyən problemlər sürətlə aradan qaldırılmaqdadır. Artıq əraziyə qazın verilməsi təmin olunub. Hazırda küçələr asfaltlanır, müasir işıqlandırma sistemi quraşdırılır. Çoxdan gözlədiyimiz məktəb və uşaq bağçasının inşası da yaxın vaxtlarda başlanacaq. Bütün bu işlərə görə Dəvədabanı yaşayış massivinin üç min sakini adından Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk”.

Füzuli rayonunun 5-ci Zobucuq qəsəbəsinin sakini Cəmalə Məmmədova dövlətimizin başçısına ünvanladığı məktubda qeyd edir: “Hörmətli cənab Prezident, mən vətənpərvər Azərbaycan vətəndaşı və müəllimi olaraq, ilk növbədə, təhsil sahəsinə göstərilən qayğıya, həmçinin koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində müəllimləri düşünərək, əməkhaqları ödənilməklə onlara evdə qalmaq şəraiti yaratdığınıza görə Sizə təşəkkür edirəm. Biz müəllimlər ev şəraitində olsaq da, gələcəyimiz olan uşaqların təhsildən yayınmamaları üçün əlimizdən gələni edəcək, Sizin qayğınıza yorulmadan çalışmaqla cavab verəcəyik. Bir daha Sizə dərin minnətdarlığımı çatdırır, uğurlar diləyirəm. Allah Sizi qorusun!”.