• 22 İyul 2024
logo
Diplomatiya tariximizin ən mühüm sənədlərindən biri - Şuşa Bəyannaməsi

Diplomatiya tariximizin ən mühüm sənədlərindən biri - Şuşa Bəyannaməsi

2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanan bəyannamənin 3 ili tamam olur. Azərbaycan ilə Türkiyə arasında imzalanan müttəfiqlik haqqında Şuşa Bəyannaməsi siyasi-diplomatik, milli-mənəvi, həm də hərbi-strateji əhəmiyyət kəsb edir. Bəyannamə iki ölkə arasında əlaqələrin, qardaşlıq və dostluğun ən yüksək səviyyədə olduğunu dünyaya nümayiş etdirdi. Şuşa Bəyannaməsi keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır və böyük bir tarixə əsaslanır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə bəyannamə imzalayarkən Qars müqaviləsini xatırlatdı. O, vurğuladı ki, tarixi Qars müqaviləsinin imzalanmasından düz yüz il sonra azad edilən Şuşa şəhərində müttəfiqlik haqqında birgə bəyannamənin rəmzi mənası vardır və bu sənəd bizim gələcək işbirliyimizin istiqamətini göstərir.
YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev “Xalq Cəbhəsi”nə bildirib ki, tarixi köklərlə bir-birinə bağlı olan Azərbaycanla Türkiyə arasındakı münasibətlər sevindirici haldır ki, hazırda dostluq və qardaşlıq səviyyəsinə qədər yüksəlmişdir. Azərbaycan və Türkiyə qədər dünyada bir-birinə mənəvi-siyasi cəhətdən yaxın olan dövlət yoxdur. Ölkələrimiz arasında mövcud olan birliyimiz - həmrəyliyimiz isə dünyaya nümunədir: “Qeyd etməliyik ki, hazırda ölkələrimizi birləşdirən amillər çoxdur. Ən əsası ortaq tarixi keçmiş və milli-mənəvi dəyərlər, dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimizdir. İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha nümayiş etdirdi. Tarix boyu Azərbaycan Türkiyə qardaşlığı iqtisadi, siyasi və hərbi əməkdaşlıqdan daha güclü olmuş və hər hansı marağa söykənməməklə ilk növbədə mənəvi anlam və bağlılıq kəsb etmişdir. Bu bağlılıq və birliyi bütün dünyaya olduğu kimi tanıdansa heç şübhəsiz 44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyə dövlətinin Azərbaycanla həmrəylik nümayiş etdirməsi oldu. Əslində qardaş Türkiyənin bu mövqeyi bir çoxları üçün ciddi mesaj olmuşdu. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı”.
Onun sözlərinə görə, postmüharibə dövrünün reallıqları da bu gerçəkliyi təsdiqləyir. Şuşa zirvəsində Azərbaycan ilə Türkiyənin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi - Şuşa Bəyannaməsinin imzalanması isə şanlı tariximizin ən qürurverici səhifələrindən biridir. Bu, ilk növbədə, iki qardaş ölkənin əlaqələrinin, birliyinin - həmrəyliyinin sarsılmaz olduğunu göstərdi. Bir daha bəlli oldu ki, Azərbaycan-Türkiyə münasibətləri bütün siyasi hadisələr və proseslərin fövqündədir. Bundan əlavə “Böyük Qayıdış”ın və işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin həyata keçirilməsində Türkiyə dövləti yaxından iştirak etməkdədir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də son illər qardaş Türkiyə Cümhuriyyəti ilə olan ikili münasibətlərin nə qədər tarixi köklərə bağlı olduğunu qeyd etməklə yanaşı, iki dövlət arasında 2021-ci ilin 15 iyununda imzalanmış Şuşa Bəyənnaməsinin əhəmiyyətini xüsusi olaraq vurğulamışdır. Cənab Prezident qeyd etmişdir ki, Şuşa Bəyənnaməsi əslində dünyaya mesajdır. Şuşa Bəyənnaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Qeyd etməliyik ki, biz Türkiyə ilə onsuzda istənilən şəkildə müttəfiq idik sadəcə bu Bəyənnamə əməkdaşlığımızın mahiyyətini rəsmiləşdirmiş oldu.
Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti olduqca böyükdür. Bəyannamənin məhz Şuşada imzalanması ilə Azərbaycan öz qələbəsini bir daha təsdiqləmiş oldu. Eyni zamanda bu bəyənnamə Ermənistanda mövcud olan bəzi revanşist qüvvələrə də konkret mesaj verdi ki, yenidən hansısa çirkin niyyətlərə düşsələr, hansı güclə üz-üzə qalacaqlar. Əslində, bu mesaj Ermənistanda olan revanşist qüvvələrlə yanaşı digər düşmən qüvvələrə də bir işarədir. Belə ki, hansısa ölkə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxarsa, böyük güclə üz-üzə qalacaqdır. “Bir millət iki dövlət” olan Azərbaycan və Türkiyə dövlətləri arasında imzalanmış Şuşa Bəyannaməsinin əsas müddəası da məhz bundan ibarətdir. Bu, Azərbaycan və Türkiyənin təhlükəsizliyinin qorunması istiqamətində imzalanan çox mühüm və tarixi səhifədir. Tarixi Qars və Moskva müqavilələri qədər böyük tarixi əhəmiyyətə malik olan Şuşa Bəyənnaməsinin önəmi qarşıdakı illərdə daha da aydın olacaqdır”.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov isə deyib ki, “Türk dünyası böyük bir ailədir» doktrinası ilə siyasət yürüdən və Azərbaycanın Türk dünyası ilə daha sıx inteqrasiyası üzrə davamlı addımlar atan Prezident İlham Əliyevin iyunun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfər etməsi Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edən münasibətlərin yüksək dinamikasından xəbər verir. Azərbaycan-Türkiyə münasibətlərinin xarakteri nəinki Cənubi Qafqazda, bütün Avrasiya məkanında proseslərə ciddi təsir göstərir və böyük bir coğrafiyada sülh və sabitliyin, dostluq və əməkdaşlığın qalıcı dəyərlərə çevrilməsində olduqca mühüm rol oynayır. Dövlətimizin başçısı qardaş ölkəyə işgüzar səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ilk növbədə Azərbaycan-Türkiyə əlaqələrinin cari durumu, Azərbaycan-Ermənistan normallaşma prosesində Türkiyənin rolu, habelə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiya prosesinin gücləndirilməsi yönündə geniş müzakirələr aparıb. Bu da təbiidir. Çünki hər iki ölkə tarixi "Şuşa Bəyannaməsi"nin ruhuna uyğun olaraq əksər regional və qlobal məsələlərdə birgə, koordinasiyalı mövqe ortaya qoyur. Bu isə istər Cənubi Qaqfazda, istərsə də ətrafımızda və dünyada cərəyən edən proseslərin liderlər tərəfindən operativ şəkildə, işgüzar qaydada müzakirə edilməsini və ortaq qərarların qəbul olunmasının, birgə hərəkət planının cızılmasını zəruri edir: “Bir sözlə, bu cür işgüzar görüşlərin gedişində Azərbaycan və Türkiyənin hazırkı mənafelərinə və gələcək hədəflərinə dair bütün önəmli məsələlər masaya yatırılır, görüləcək işlər nəzərdən keçirilir. Strateji müttəfiqlərin bu cür intensiv təmasları "Şuşa Bəyannaməsi"nin ölkələrimiz arasındakı münasibətlərin inkişafına birbaşa yön verməsindən irəli gəlir. Azərbaycan və Türkiyə liderlərinin bütün önəmli məsələlərdə belə sıx məsləhətləşmələr aparması yaxşı ənənədir. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın ənənələrə sadiqliyi təqdirəlayiq haldır. Böyük Öndərlərimiz Mustafa Kamal Atatürkün və Heydər Əliyevin “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, “Bir millət, iki dövlət” kimi tarixi əhəmiyyətli fikirləri münasibətlərimizin bu gününü və gələcəyini şəkilləndirir. Ümumiyyətlə, Türk dünyasının gələcəyi Azərbaycan və Türkiyənin bugünkü addımlarından və qərarlarından asılıdır. Bu mənada İlham Əliyevin Türkiyəyə səfərinin nəticələrinin bütün Türk dünyası üçün xeyirli olacağına inanırıq”.
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru Rəşad Rəhmanovun fikrincə, Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi dövlətimizin xarici siyasətinin prioritet istiqamətini təşkil edir. Bu gün biz əminliklə deyə bilərik ki, xalqlarımız və dövlətlərimiz arasında mövcud olan və qardaşlıq səviyyəsinə qədər yüksəlmiş münasibətlər səviyyəsində dünyada ikinci belə bir nümunə yoxdur. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri bu gün daha da inkişaf etməkdədir. Müasir dövrdə etibarlı strateji tərəfdaş olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib və daha da genişləndirilməsi istiqamətində önəmli addımlar atılmaqdadır: “Tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan-Türkiyə münasibətləri son dövrlərdə özünün ən yüksək səviyyəsini yaşamaqdadır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafında hər iki dövlət başçısının böyük xidmətləri vardır. Dövlət rəhbərlərinin nümayiş etdirdiyi səmimi qardaşlıq münasibətləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqla müsbət nəticələr verməkdədir. Mütəmadi olaraq dövlət başçıları arasında aparılmış danışıqlar ölkələrimiz və xalqlarımız arasındakı mövcud əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etməkdədir. Ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq, qlobal səciyyə daşıyan iri layihələrin həyata keçirilməsi xalqlarımızn rifahını daha da yaxşılaşdırmaqla yanaşı regionda dövlətlərimizin əsas söz sahibinə və güc mərkəzinə çevrilməsi ilə nəticələnmişdir.
Azərbaycan-Türkiyə qardaşlığının necə möhkəm təməllər üzərində qurulduğu 44 günlük Vətən müharibəsi dövründə bütün dünyaya bir daha nümayiş etdirilmiş oldu. Tarixi Zəfərimizin qazanılmasında qardaş dövlətin mənəvi dəstəyi xüsusi rol oynamışdır. Postmüharibə dövründə Azərbaycanımızın siyasi və mədəniyyət beşiyi olan Şuşa şəhərində iki dövlət arasında 2021-ci ilin 15 iyununda imzalanmış Şuşa Bəyənnaməsi isə mühüm tarixi hadisə kimi yaddaşlarımıza əbədi olaraq həkk olundu. Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Azərbaycan və Türkiyə hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, hər iki dövlət bir-birini qoruyacaqdır.
Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edən Milli Qurtuluş Günündə iki qardaş dövlət arasında imzalanmış Şuşa Bəyənnaməsi əslində bütün dünyaya verilən mühüm mesajdır. Məhz bütün bunlar Bəyənnamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillərdəndir. Şuşa Bəyənnaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Azərbaycan və Türkiyə arasında tarixi münasibətlərə əsaslanan Şuşa Bəyənnaməsi ölkələrimiz arasındakı münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəltməklə yanaşı Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlığı bütün dünyaya nümayiş etdirmiş oldu. Bir daha əminliklə deyə bilərik ki, bütün bunlar xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir”.

Cavid