• 1 Oktyabr 2020
logo
Türk diplomatdan kritik açıqlama: 11 ildə ilk dəfədir ki, Türk Şurası... - Müsahibə

Türk diplomatdan kritik açıqlama: 11 ildə ilk dəfədir ki, Türk Şurası... - Müsahibə

Teleqraf.com-un Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü barədə suallarını Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

- Dünya miqyasında ilk dəfə Türk Şurasının dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü necə qiymətləndirirsiniz?

- Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin tarixi təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi dünyada böyük dəyər qazandırıb. Fövqəladə Zirvə görüşünün keçirilməsi bu təşkilatın dostluq və qardaşlıq təməlləri əsasında qurulduğunu nümayiş etdirdi, Türk Şurasının bir təşkilat olaraq dünyadakı önəmini bir daha göstərdi.

Naxçıvan anlaşması ilə təsis olunan təşkilatın 11 illik fəaliyyətinə nəzər yetirdikdə aydın görə bilərik ki, Azərbaycan Türk Şurasının yaranmasında və çoxistiqamətli inkişafında qətiyyətli mövqe nümayiş etdirib.

Türk Şurasının strateji coğrafiyası, liderlərin qarşılıqlı münasibətlərindəki dostluq və qardaşlıq əlamətləri, eləcə də dövlət və hökumət başçılarının böhran hallarına qarşı qətiyyətli mövqe sərgiləməsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının beynəlxalq aləmdəki nüfuzunu daha da artırır.

Hesab edirəm ki, Türk Şurasının COVİD-19 infeksiyası ilə mübarizədə təcrübəsi və həmrəyliyi dünya birliyi tərəfindən örnək kimi qəbul olunacaq. Dünyada koronavirusla mübarizə fonunda yaşanan bu çətin böhran dönəmində bu cür tarixi sammitin baş tutması regional və dünya ölkələri, eləcə də beynəlxaq təşkilatlar üçün vacib mesaj oldu.

- Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusla mübarizə tədbirləri çərçivəsində görülən işlərdən bəhs etdilər. Bu tədbirləri necə dəyərləndirirsiniz?

- Azərbaycan Pezidenti cənab İlham Əliyev dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünün türkdilli ölkələrin nümunəvi səviyyədə olan həmrəyliyinin növbəti bariz təzahürü olduğunu vurğuladı. Bildirdi ki, bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Azərbaycanın koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atdığını, məhdudlaşdırıcı tədbirlərin yaranmış şəraitə uyğun aparıldığını diqqətə çatdırdı. Cənab İlham Əliyev Zirvə görüşünün əsas məqsədinin milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birimizə dəstək göstərilməsi və xalqlarımız arasında həmrəyliyin möhkəmləndirilməsi olduğunu bildirdi. Xüsusilə qeyd etdi ki, mövcud qlobal pandemiya şəraitində Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz növbəsində Türk Şurasının fövqəladə Zirvə görüşünün koronavirus pandemiyası ilə mübarizəmizdə türkdilli ölkələr arasında həmrəyliyi möhkəmləndirəcəyini bəyan elədi. Cənab prezident Ərdoğan qeyd etdi ki, Türkiyə ilə Azərbaycan və Gürcüstan arasında yük daşımaları üçün istifadə edilən dəmir yolu xəttini Orta Asiyayadək uzada bilərik. Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə mövcud yükə əlavə olaraq gündəlik 3500 ton yükün daşına bilməsi üçün işlər görüldüyünü vurğuladı. Həmçinin bağlanan quru yollar ilə əlaqədar Azərbaycan və Qazaxıstanın türk nəqliyyatçıları üçün mühüm bir tranzit marşruta çevrildiyini diqqətə çatdırdı. Həm Azərbaycan, həm də Türkiyə prezidentləri pandemiya ilə mübarizə çərçivəsində qarşıdakı dönəmdə birgə mübarizənin vacibliyini vurğuladılar. Səhiyyə, tranzit, nəqliyyat sahəsində əməkdaşlığın önəmini qeyd etdilər.

- Zirvə görüşündə diqqətinizi cəlb edən daha hansı məqamlar oldu?

- Bir neçə mühüm məqamı xüsusilə qeyd etmək lazımdır. Əvvəla ilk dəfədir ki, Türk Şurası fövqəladə Zirvə görüşü keçirir. İkinci, bu görüşdə bütün dünya üçün bəlaya çevrilən və ölkələri böhrana sürükləyən COVİD-19 infeksiyası ilə mübarizə məsələsi müzakirə olundu və mühüm qərarlar qəbul edildi. Nəhayət, ötən 11 ildə ilk dəfədir ki, Türk Şurası belə geniş tərkibdə yığıldı, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Ümumdünya Səhiyyə Təşkilatı kimi mühüm bir qurumun Baş direktoru Tedros Adhanom Qebreyesus iştirak etdi. Türk Şurasına üzv ölkələrin sürətli və çevik hərəkət etdiyini bütün dünya bir daha gördü. Üzv dövlətlər əməkdaşlıq və həmrəyliyə hazır olduqlarını bir daha bəyan etdilər.

- Statistik göstəricilərə görə, koronavirus pandemiyasından ən az zərər görən məhz türkdilli ölkələrdir. Bunu vaxtında və operativ qaydada görülmüş tədbirlərlə əlaqələndirmək olarmı?

- Pandemiya ilə əlaqədar türkdilli ölkələr operativ şəkildə qabaqlayıcı tədbirlər gördülər. Sürətli qabaqlayıcı tədbirlər pandemiyanın yayılmasının qaşısını aldı. Xalq müvafiq qaydada təlimatlandırıldı, təhsil müəssisələrinin fəaliyyəti müvəqqəti dayandırıldı, çevik şəkildə hərəkətə keçildi. Eləcə də kütləvi tədbirlər təxirə salındı, insanlara evdə qalmaq barədə çağıırşlar oldu. Xalqın dövlətlə birgə əməkdaşlığı, qərarlara riayət etməsi pandemiayadan yoluxanların sayını aşağı saldı.

- Sizcə, Türk Şurası pandemiya ilə mübarizədə birgə əməkdaşlığı necə davam etdirməlidir?

- Zirvə görüşündə Türk Şurasına üzv dövlətlərin bundan sonra da səhiyyə sahəsində əməkdaşlığının vacibliyi vurğulandı. Hesab edirəm ki, müvafiq komissiyalar, böhran mərkəzləri və koronavirusla mübarizə üzrə operativ qərargahlar arasında qarşılıqlı işbirliyi olduqca önəmlidir. Eləcə də texnoloji inkişaf üzrə təcrübə mübadiləsi mütləqdir. Həyatın davamı baxımından nəqliyyat vasitələrinin tranzit keçidində proses asanlaşdırılmalıdır. Türkdilli ölkələrin iqtisadiyyat nazirləri əməkdaşlıq etməlidir. Bu, pandemiya dönəmini daha ağrısız və asan keçməyimizə təsir göstərəcək.

- Zaman-zaman türkdilli ölkələrin eyni nöqtəyə vurmaması, böyük gücə çevrilə bilməməsi barədə müzakirələr aparılır. Pandemiya türk cümhuriyyətlərinin bir-birinə indi həmişəkindən daha çox ehtiyacları olduğu həqiqətini üzə çıxardımı?

- Türk Şurası 11 il əvvəl yaradılıb, olduqca gənc təşkilatdır. Lakin gənc təşkilatın qısa müddətdə getdikcə böyüdüyünün şahidi oluruq. Təbii ki, bu, zaman alan bir proses olsa da, Türk Konseyi artıq təşkilatlanıb. Təsəvvür edin, Avropanın ortasında türk dövləti olan Macarıstan bizimlə eyni sammitə qatılır. Bu da Türk Konseyinin gələcəyi baxımında önəmli göstəricidir.

Bir məqamı da qeyd etmək yerinə düşər, Türk Şurasının 2019-cu ilin oktyabrın 15-də Bakıda keçirilən VII zirvə görüşündə təşkilata üzv ölkələr arasında investisiya fondunun yaradılması barədə qərar verilmişdi. Düşünürəm ki, bununla da koronavirus böhranından sonra üzv ölkələrin iqtisadi sahədəki çətinlikləri aradan qalxacaq.

Türk Şurası Baş katibliyi qarşıdakı dövrdə həm VII Zirvədə, həm də aprelin 10-da fövqəladə Zirvə görüşündə qəbul edilən qərarların həyata keçirilməsi üçün lazımi tədbirləri görəcək.

Türk millətinə böyük qürur yaşatdıqları üçün bu cür tarixi Zirvə görüşünü təşkil edən can Azərbaycanımızın prezidenti cənab İlham Əliyevə, Türk Şurasının baş katibi Bağdad Amreyevə və komandasına öz minnətdarlığımı bildirirəm.