• 22 İyul 2024
logo
Keşiş Paşinyana qalib gələ biləcək?

Keşiş Paşinyana qalib gələ biləcək?

İyunun 17-də parlament hökumətin istefasını müzakirə edəcək

Ermənistanın “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan iki ayağını bir başmağa dirəyib ki, Paşinyan hakimiyyətini yıxsın, özü baş nazir olsun. Mayın 10-dan bu yana Ermənistanı ayağa qaldıran keşiş istəyinə nail olmaqdan ötrü bütün vasitələrə əl atıb. O, iyunun 10-da hakimiyyətə öz iradələrini tətbiq etmək üçün 96 saat ərzində kütləvi itaətsizlik aksiyalarına və etiraz aksiyalarına toplaşmağa çağırıb. "İndi qərar verməliyik. Yalnız dörd gün fasiləsiz, işə getmədən, istirahət etmədən və yatmadan küçələrə çıxıb iradəmizi ortaya qoysaq, üzərimizə düşən vəzifəni həll edə bilərik", - Qalstanyan deyib. Ermənistan müxalifətinin lideri deputatları da hökumətin buraxılması məsələsini müzakirə etmək üçün iyunun 11-də iclas keçirmək təşəbbüsü göstərməyə çağırıb. “Bizim tələbimizlə parlamentin müxalif deputatları iyunun 11-də saat 18:30-da qanunverici orqanın növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edirlər. Gündəm hakimiyyətin istefası və yeni hökumətin formalaşdırılmasıdır", - Qalstanyan vurğulayıb.
Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib ki, Ermənistan hakimiyyəti növbədənkənar parlament seçkisi keçirmək fikrində deyil. “Bu məsələni müzakirə etməmişik və etmək fikrində deyilik”, - o bildirib. Qeyd edək ki, Ermənistan parlamentinin müxalifətdən olan “Ermənistan” və “Şərəfim var” fraksiyalarından 33 deputatı növbədənkənar sessiyanın çağırılması tələbi ilə müraciət edib.
Lakin sonradan Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan iyunun 17-də parlamentin növbədənkənar iclasının çağırılması barədə göstəriş verib, iclasın gündəliyinə hökumətin istefası və yeni nazirlər kabinetinin formalaşdırılmasının zəruriliyi ilə bağlı layihəsi daxil ediləcək. Göstəriş qanunverici orqanın saytında dərc olunub. "Ermənistan Respublikası Konstitusiyasının 100-cü və “Parlamentin reqlamenti” Konstitusiya qanununun 41-ci maddələrinə uyğun olaraq, deputatların təşəbbüsü ilə 17 iyun 2024-cü il saat 18:30-da Parlamentin növbədənkənar sessiyasının gündəliyi aşağıdakı kimidir: Hökumətin istefası və yeni hökumətin formalaşdırılmasının zəruriliyi ilə bağlı Milli Məclisin müraciətinin layihəsi", - Sərəncamda deyilir.
Politoloq Elşən Manafov "Xalq Cəbhəsi"nə deyib ki, Paşinyan keşiş Qalstanyanin rəhbərliyi altında davam edən etiraz aksiyalarını diqqətlə izləyir. Aksiyaların qarşısını almaq üçün iqtidarın güc tətbiqindən hələlik imtina etməsi erməni cəmiyyətinin əhəmiyyətli hissəsinin etirazçıları dəstəkləməməsi ilə əlaqədardır. Bu aksiyalar cəmiyyətdə millətçi və dindar toplumun müəyyən hissəsi tərəfindən dəstəklənir Qalstanyan və ətrafının səylərinə baxmayaraq aksiyalar ümumermənistan xarakteri kəsb etməyib onların coğrafiyasi Paşinyanı güzəştə gedəcək parametrlərdən hələ də uzaqdır: “Bu aksiyalar Azərbaycanla demarkasiya danışıqlarına qarşı yönəldiyindən onların arxaslnda müharibədəki məğlubiyyətə görə revanş göturmək istəyində olan millətçi dairələrin dayandığı istisna deyil. Bu dairələrin qlobal güc mərkəzləri ilə bağlılığı hələlik ehtimal edilə bilər, çunki aksiyaların genişlənməsində maraqlı olan geosiyasi faktor hələ ki, özünü qabarıq şəkildə biruzə vermir. Bu isə aksiyaların məhdud çərçivədə davamının əsas səbəblərindan biridir. Kilsə və müxalifət Paşinyan hökumətinə qarşımübarizədə iş birliyində olsalar da, onun demokratik və hüquqi anlamda hakimiyyətdən uzaqlaşdırmaq üçün kifayət qədər resurslara malik deyillər. Parlamentdə qüvvələr nisbəti birmənali şəkildə iqtidarın xeyrinədir”.
Politoloqun fiukrincə, aksiyalara geosiyasi dəstək olmadığından etirazçıların uğur qazanacaqlarl inandırıcı deyil. İstisna deyil ki, aksiyaların təşkilatçısı Qərbin özüdür, iqtidarın etirazçılara münasibətdə kifayət qədər loyal davranışı bu fikirlərə səbəb olub. Aksiyaların yönləndirilməsi Azərbaycanla danışıqlarda Paşinyana siyasi spekulyasiyalar üçün şərait yaratmış olur. Hazırda Qərb region ətrafindakı geosiyasi konfiqurasiyanın dəyişdirilməsində maraqlıdır, odur ki, Paşinyan danışıqları bu və ya digər bəhanələrlə uzatmağa çalışır.
Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, keşiş Baqrat Qalstanyanın Ermənistanda keçirdiyi mitinqlər müsbət nəticə vermir. Çünki erməni cəmiyyəti Nikol Paşinyanın devrilməsinin əleyhinədir. O, qeyd edib ki, Nikol Paşinyanın sülh istiqamətində verdiyi açıqlamalar xalqın etimadının qazanmasına gətirib çıxaracaq. Bu etirazlar onu da göstərdi ki, bir növ kilsəyə və din xadimlərinə xalqın etimadı aşağıdır: “Keşiş Baqrat Qalstanyanın Ermənistanda keçirdiyi mitinqlər müsbət nəticə vermir. Çünki erməni cəmiyyəti Nikol Paşinyanın devrilməsinin əleyhinədir. Eyni zamanda kilsə etirazlarının arxasında Robert Köçəryan, Serj Sarkisyan və Rusiyanın kəşfiyyatı dayanır. Onların da verdiyi proqram ilə Ermənistan növbəti dəfə 1990-ci illərə qayıda bilər. Yəni Ermənistan Azərbaycana qarşı düşmənçilik, işğalçılıq siyasəti aparmalıdır. Bu da erməni əhalisinin maraqlarına ziddir. Keşiş Baqrat Qalstanyan da istədiyi nəticəni almır. Buna baxmayaraq o, gah Gümrüyə, gah Zəngəzura gedir və müəyyən görüşlər keçirir, müəyyən təxribatlara əl atırlar. Nikol Paşinyan kilsəyə ona görə çox ciddi şəkildə təsir etmir ki, kilsəyə təsir etsə, xalqda etiraz yaradar. Çünki xalqın arasında kilsənin müəyyən qədər önəmi var. Əgər kilsəyə hücum olsa, kilsə bundan Nikol Paşinyana qarşı istifadə edər. Həmçinin Paşinyan bilir ki, kilsənin siyasətə qarışması xalqın kilsəyə etimad etməsinə gətirib çıxarmayacaq. Çünki onların planlarında müharibə, Qarabağ məsələsi var”.
Politoloq Arzuman Abdulkərimov isə qeyd edib ki, hərəkatın başlanğıcından bəri xronologiyaya baxdıqda görürük ki, mütəşəkkillik və kütləvilik xeyli azalıb. Amma müxalifət indi də oturaq aksiyaya keçib, küçələrdə çadırlar qurublar. Yəni Gürcüstan və Ukraynada olduğu kimi, klassik üsula əl atıblar. İndi hər şey Baqratın kənardan onu dəstəkləyənlərdən nə qədər dəstək alacağından asılı olacaq. Paşinyan baş verənlərin fonunda rahat görünür. Bölgələrə səfərlər edir, sakinlərlər görüşür, söhbətləşir, sanki revanşistləri vecinə almırmış təsiri bağışlayır. İstənilən halda, bir narahatlıq var: “mpiçmentə gəlincə, parlamentdə mütləq çoxluq Paşinyanın tərəfindədir. Parlament müxalifətinin impiçment prosesini başlatmaq üçün səsi çatmır. Buna görə də, impiçmentin olacağını düşünmürəm. Rusiya da son dövrlərdə Paşinyana loyal münasibət sərgiləməyə başlayıb. Belə bir durumda Paşinyanın devriləcəyi və ya impiçment ediləcəyini pronozlaşdırmaq çətindir.
Amma istənilən halda, belə hərəkatları proqnozlaşdırmaq olmur. Bir də görürsən, belə durumda spontan halda bir kütləvilik yaranır. Revanşistlərin cəmiyyət arasında o qədər nüfuzları və hörmətləri qalmayıb, amma yenə də Paşinyan müharibədə uduzmuş liderdir. Ola bilsin, nə vaxtsa bu yöndən Paşinyana daxili təzyiqlər artsın. Amma bunun indi baş verəcəyini demək çətindir. Hələlik baş verənlər bu yöndə deyil”.
Ermənistanın hakim partiyasının deputatı Hayk Koncoryan isə deyib ki, Parlament müxalifəti çox gözəl bilir ki, müraciət layihəsi ilə istefaya nail olmaq mümkün deyil.
Onun sözlərinə görə, Baqrata dəstək verən parlament müxalifətinin real proqramı yoxdur:
Koncoryan vurğulayıb ki, sözügedən iclas keçirilsə və bu müraciət əsasında hansısa səsvermə olsa belə, bunun hüquqi qüvvəsi olmayacaq, çünki hakim partiya həmin iclasa qatılmayacaq:
“İndi ən vacib sual müxalifətin niyə öz tərəfdarları və hamıya yalan danışmasıdır. Parlament müxalifəti çox gözəl bilir ki, müraciət layihəsi ilə istefaya nail olmaq mümkün deyil. Baqratın da bundan xəbəri var, bilməyənlər yalnız tərəfdarlarıdır. Yəni onlara yalan danışırlar. Baqrat və müxalifət başqa məqsəd güdür.
Plan belədir: bu yalan vasitəsilə mümkün qədər çox adamı parlamentin qarşısına toplamaq, toqquşmalara səbəb olmaq, xaos yaratmaq”.
Deputat qeyd edib ki, revanşistlər vətəndaş toqquşmasına nail olmaq üçün emosional fonu qızışdırmağa çalışırlar: “Həmin məzmunla vəziyyəti bir az da qızışdırmaq üçün saxta impiçment prosesi başlamalıdır, çünki onların real impiçment üçün lazımi səsləri yoxdur”.
Koncoryanın fikrincə, revanşistlərin planlarının nə olmasından asılı olmayaraq, məqsədilərinə çatmayacaqlar.

Cavid