• 22 Sentyabr 2020
logo
“Azərbaycan bir addım öndədir” - Azər Kərimli

“Azərbaycan bir addım öndədir” - Azər Kərimli

“Cənab Prezidentin həyata keçirdiyi çevik siyasət bu prosesin davamlı olacağını göstərir. 2020-ci ilin birinci rübü Azərbaycan üçün uğurla başlayıb, ölkə həyatının bütün sahələrində, o cümlədən iqtisadiyyatımızda inkişaf müşahidə olunub. İlin birinci rübünün statistik göstəriciləri də geridə qalan 3 aylıq zaman kəsiyinin ölkəmizdə həyata keçirilən islahatların uğurla davam etdirildiyini təsdiqləyir".
Bunu Modern.az-a açıqlamasında deputat Azər Kərimli deyib. O qeyd edib ki, Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda səsləndirdiyi fikirlər də Azərbaycanın öz strateji hədəflərinə doğru uğurla irəlilədiyini nümayiş etdirir:
“Bu prosesin eyni dinamika ilə inkişafı ilin sonunadək daha böyük uğurların əldə olunmasına gətirib çıxara bilərdi. Amma COVİD-19 pandemiyasının yayılması bütün dünya ölkələrində olduğu kimi Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərdi. Pamdemiya başlayanda, daha dəqiq desək, bu təhlükəli virusa Azərbaycanda da ilk yoluxma halları nəzərə çarpanda ölkəmizin qarşısında bir neçə seçim imkanı vardı. Ölkəmizdə iqtisadi inkişaf dinamikasının sürətini azaltmamaq üçün dünyanın bir sıra ölkələrində olduğu kimi COVİD-19 virusu ilə mübarizəni, vətəndaşların sağlamlıqlarına, həyatlarına təhlükə yaradan amilləri arxa plana da keçirmək olardı. Yaxud olduqca yumşaq məhdudlaşdırıcı tədbirlər həyata keçirməklə, məsuliyyətin əhəmiyyətli hissəsini vətəndaşların öhdəsinə buraxmaq da mümkün idi. Lakin cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan hakimiyyəti vətəndaşların sağlamlığını, insanların həyatını prioritet olaraq seçdi və zaman da bu seçimin doğruluğunu sübuta yetirdi. Çünki COVİD-19 virusu təhlükəsinə ciddi yanaşmayan, prosesləri öz axarına buraxan ölkələr olduqca ciddi problemlərlə qarşı-qarşıya qaldılar. Virusa yoluxma və ölüm halları ən yüksək səviyyəyə çatdı, nəticədə isə inkişaf dinamikası prioritet sayılan iqtisadiyyat daha böyük tənəzzül təhlükəsi ilə qarşılaşdı. Azərbaycanda isə həyata keçirilən qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarətdə saxlanıldı”.
A.Kərimlinin sözlərinə görə, ölkəmizin koronavirusa yoluxma hallarının minumuma endirilməsi istiqamətində atdığı addımlar, vətəndaşların sağlamlığının qorunması və sosial müdafiəsinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər artıq dünyanın bir sıra ölkələrində nümunə kimi qəbul olunur:
“Bu baxımdan, mübaliğəsiz olaraq ölkəmizin koronovirusa qarşı mübarizədə innovativ ideya generatoru rolunu oynadığını söyləyə bilərik. Ölkəmizdə koronavirusa ilk yoluxma halı qeydə alınandan bir neçə gün sonra Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Şübhəsiz ki, belə bir fondun yaradılması, sadəcə bu pandemiyanın qarşısının alınmasına əlavə vəsaitlərin cəlb edilməsi məqsədi daşımırdı. Azərbaycanın iqtisadi gücü istənilən təhlükənin qarşısnın alınması üçün yetərlidir. Əsas məqsəd ilk növbədə bu qlobal təhlükəyə qarşı vahid milli mövqenin, birlik və həmrəyliyin nümayişi, cəmiyyətdə mövcud təhlükənin ciddiliyinin dərk olunması və ona qarşı vahid müqavimət mexanizmlərinin formalaşması idi və nəticədə buna nail olundu. Azərbaycandan sonra dünyanın bir çox ölkələrində, o cümlədən qardaş Türkiyədə buna bənzər fondlar yaradıldı. Həmçinin BMT-nin Baş katibi tərəfindən koronavirusla mübarizə aparan dövlətlərə dəstək üçün fondun yaradılması təşəbbüsü irəli sürüldü və bu istiqamətdə əməli addımlar atıldı. Azərbaycan Prezidentinin koronavurusla mübarizənin ön cərgəsində olan dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavənin müəyyən edilməsi, eləcə də sosial sahədə çalışan şəxslərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə imzaladığı sərəncamlar da dünyanın bir sıra ölkələri tərəfindən örnək kimi qəbul olundu. Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin həyata keçirilməsi üçün tətbiq olunan innovativ vasitələr də bu gün dünyanın diqqət mərkəzindədir və artıq çoxlu sayda ölkə Azərbaycanın təcrübəsindən yararlanır”.
Deputat bütövlükdə pandemiyaya qarşı mübarizə çərçivəsində hayata keçirilən tədbirlərin və bu tədbirlərin dünyada doğurduğu rezonansın Azərbaycanda həyata keçirilən islahatların nə qədər effektiv nəticələrə yol açdığını nümayiş etdirdiyini vurğulayıb:
“Dövlətlər də insanlar kimidir. Onların gücü, bacarığı və digər bu kimi keyfiyyətləri özünü ekstrimal vəziyyətlərdə büruzə verir. Hələlik Azərbaycan bir addım öndədir və cənab Prezidentin həyata keçirdiyi çevik siyasət bu prosesin davamlı olacağını göstərir”.