• 21 Sentyabr 2020
logo
Fərid Qayıbov: Əminəm ki, Azərbaycan qlobal pandemiya sınağından layiqincə çıxacaq və təxirə salınmış idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edəcək - Prezident İlham Əliyevə məktub

Fərid Qayıbov: Əminəm ki, Azərbaycan qlobal pandemiya sınağından layiqincə çıxacaq və təxirə salınmış idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edəcək - Prezident İlham Əliyevə məktub

Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu göndərib.

Trend Prezidentin saytına istinadla oxuculara məktubu təqdim edir.

Məktubda deyilir:

"Hazırda bütün dünyada koronavirus pandemiyası ilə mübarizə aparıldığı bir zamanda ölkəmizdə tərəfinizdən vaxtında lazımi qabaqlayıcı tədbirlərin görülməsi, əhalinin sağlamlığının qorunması istiqamətimdə görülən operativ işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Bütün idman növlərində olduğu kimi, Sizin daimi diqqət və qayğınızı hiss edən Azərbaycan gimnastları məşqlərini dayandıraraq xüsusi karantin rejiminin qaydalarına riayət etməkdədirlər. Bu gün dünyadakı çətin vəziyyətə baxmayaraq, ölkəmizdə ailəsinin əhatəsində evdə qalan hər bir şəxsin ruhdan düşməməsi və müsbət düşünməsi sayənizdə gələcəyə inamla baxmasından qaynaqlanır.

Azərbaycanda hər bir sahədə olduğu kimi, idman sahəsində də yaradılan şərait paytaxtımızda keçirilən gimnastika növləri üzrə mötəbər beynəlxalq yarışlarda iştirak edən nümayəndə heyətləri tərəfindən də yüksək qiymətləndirilir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası tərəfindən fevral ayında təşkil olunmuş batut gimnastikası üzrə dünya kubokunda artıq ölkəmizin koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlər görməsi böyük təqdirlə qarşılanmışdı. Mart ayında isə Operativ Qərargahın kütləvi tədbirlərin təxirə salınması qərarına müvafiq olaraq idman gimnastikası üzrə dünya kubokunun final mərhələləri ləğv olundu. Bir sıra ölkələr tərəfindən sərhədlərin bağlandığı bir vaxtda bütün iştirakçıların müvafiq dövlət strukturlarının dəstəyi sayəsində yola salınmasından sonra nümayəndə heyətlərinin rəhbərləri ölkəmizə xüsusi təşəkkürlərini bildirdilər.

Avropanın gimnastika federasiyalarının mövcud olduğu 50 ölkəsində koronavirusa qarşı mübarizə aparılır. Bu ölkələr arasında hələ qlobal pandemiya elan olunmamışdan əvvəl Sizin rəhbərliyinizlə Azərbaycan koronavirusa həssas yanaşması ilə seçilirdi.

Hazırkı vəziyyətlə əlaqədar bütün dünyada olduğu kimi, aprel və may aylarında Bakıda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə dünya kuboku, aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları və dünya çempionatının, o cümlədən kişi idman gimnastikası üzrə Avropa çempionatının keçirilməsi təxirə salınıb.

Əminəm ki, COVID-19-un Azərbaycanda geniş yayılmasının qarşısını alınması üçün gördüyünüz bütün bu tədbirlər nəticəsində ölkəmiz qlobal pandemiya sınağından layiqincə çıxacaq, idmançılarımız məşqlərini bərpa edəcək və təxirə salınmış idman tədbirlərinə ölkəmiz yeni tarixlərdə yüksək səviyyədə ev sahibliyi edəcək.

Hörmətlə,

Qayıbov Fərid, Avropa Gimnastikasının prezidenti."