• 29 Sentyabr 2020
logo
Siyavuş Novruzov: Qlobal böhran fonunda Azərbaycanda xəyanətkar müxalifətin iç-üzü

Siyavuş Novruzov: Qlobal böhran fonunda Azərbaycanda xəyanətkar müxalifətin iç-üzü

İstənilən siyasi hərəkat, ideoloji bir cərəyan nəticə etibarı ilə millətin və dövlətin rifahını, gələcəyin modelləşdirilərək cəmiyyətə ən optimal formada təqdim olunmasını hədəflədiyi zaman həyat qabiliyyəti olur, geniş içtimai rəğbəti qazanır. Bu baxımdan Möhtərəm Prezidentimiz cənab İham Əliyevin rəhbərliyi altında Azərbaycan hakimiyyətinin cəmiyyətin bütün inkişaf istiqamətləri üzrə düşünülmüş strateji proqrama malik olması ölkəmizi istənilən qlobal böhran qarşısında daha dayanıqlı edir. Çünki bu idarəçilik fəlsəfəsi xalqın geniş təbəqələrinin möhkəm inamına və hərətrəfli dəstəyinə arxalanır.

Bu günlərin reallığı prizmasindan yanaşanda planetimizin sosial –iqtisadi mənzərəsi qətiyyən ürəkaçan deyil. Belə ki, OPEC ölkələrinin üzv olmayan dövlətlərlə danışıqlarında yaranan problemlər dünya neft bazarında qlobal böhran doğurmuş, bu strateji yanacağın qiyməti beynəlxalq birjalarda ən az iki dəfə dəyər itirmişdir. Belə vəziyyət isə neft ixrac edən ölkələrin tədiyyə balansında ciddi kəsrlər yaratmış, iri həcmli investisiyalar təxirə salınmış, bu isə öz növbəsində makroiqtisadi tələbə mənfi təsir göstərərək ciddi işsizlik təhlükəsi meydana çıxmışdır. Bu azmış kimi, ötən ilin sonlarında Çində başlayan koronavirus, başqa adı ilə COVİD-19 virusu sürətlə pandemiya şəklin alaraq geniş coğrafiyada yayılmış və bəşəriyyəti humanitar fəlakət qarşısında qoymuşdur. 2 milyona yaxın insanın yoluxduğu və on minlərlə insanın vəfat etdiyi pandemiya nəticəsində bütün ölkələrdə karantin rejimi tətbiq olunmuş, milyonlarl iş yeri bağlanmış,qlobal iqtisadiyyat xaos şəraitində çox ciddi zərbə almışdır.

Lakin yuxarıda qeyd etdiyimiz kimi Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz bu qlobal kataklizmlərdən mümkün qədər az zərərlə çıxmağa çalışır və buna uğurla nail olur. Belə ki, bütün digər neft ixrac edən ölkələrin milli valyutaları dəyər itirsədə Azərbaycanda həyata keçirilən uğurlu maliyyə - pul siyasəti manatın dəyərini sabit saxlamağa imkan verdi və bu əhalinin rifah halında neqativ halların qarşısını aldı. Habelə karantin şəraitində məcburi olaraq biznes fəaliyyətinə fasilə verən xidmət sektorunun, kiçik, orta və iri sahibkarların itirdiyi mənfəəti kompensasiya etmək üçün dövlət 2, 5 milyard manat vəsait ayırdı. O cümlədən rəsmi işsiz vətəndaşlar üçün karantin davam etdiyi müddətdə xüsusi müavinətlər ayrıldı ki, son üç gündə artıq 75 mindən artıq şəxs bundan faydalandı. Dövlət başçımızın qeyd etdiyi kimi bütün bu yardımlar neftin ucuzlaşması nəticəsində ölkəmizin 1 milyard dollara yaxın bir itkiyə məruz qalacağı proqnozlaşdırılaraq həyata keçirilmişdir.

Qürur hissi ilə qeyd etmək olar ki, Azərbaycan bugün COVİD-19 ilə mübarizədə ən qabaqcıl ölkələr sırasındadır. Bir neçə əsas beynəlxalq göstərici ilə bu reallığı arqumentləşdirə bilərik. İlk növbədə, virusun müəyyənləşdirilməsi üçün fərdi testlərin aparılmasında Azərbaycan 70 mindən artıq testlə dünyada ən inkişaf etmiş 30 ölkə arasında yer almaqdadır. Digər göstəriciyə görə də, yəni ümumi xəstə sayının vəfat edənlərə nisbəti statistikasında da ölkəmiz 1,2 –lik bir əmsalla dünyanın ən güclü səhiyyə sisteminə malik dövlətləri ilə eyni sırada dayanır. Habelə, Qərbin inkişaf etmiş ölkələrində xəstəxana yataqları, reanimasiya kabinetləri və kislorod maskaları ilə bağlı çatışmamazlıqlara Azərbaycanda ümumiyyətlə rast gəlinmədi. O cümlədən, Azərbaycanda tikilən 550 çarpayılıq xəstəxana açılan gündən koronavirus xəstələrinin istifadəsinə verildi (ABŞ-da çadırlardan və gəmilərdən xəstəxana kimi istifadə edirlər). Bundan başqa dövlət başçısının sərəncamı ilə hər biri 200 yerlik, 6 dövlət, 4 özəl modul tipli yeni xəstəxana inşasına başlanıldı. Həmçinin virusun yayıldığı ilkin mərhələdə xaricdən xüsusi reyslərlə ölkəmizə gətirilən 15 minə yaxın vətəndaşımız üçün ölkəmizin inkişaf etmiş otel, istirahət mərkəzləri və Olimpiya şəhərciyi təqdim olundu və yerləşdirildi.

Görülmüş bu qədər işlərin fonunda çox təəssüf ki, cəmiyyətdə məqsədsiz- məramsız həyat sürən tüfeyli və radikal müxalifət dairələri öz ampulalarına sadiq qalaraq şər- böhtan kampaniyalarından geri qalmadılar. Onlar “ölkə üçün nə qədər pis olsa, bizim üçün o qədər yaxşı olar “ kimi üzdəniraq siyasət fəlsəfələrinə uyğun olaraq, Azərbaycan hakimiyyətinin əhalimizi qorumaq üçün aldığı karantin tədbirlərini tənqid etməyə, bu addımlara ehtiyac olmadığına inandırmağa çalışdılar. Lakin, bütün dünyada alınan karantin tədbirlətinin hətta fövqaladə vəziyyət və komendant saatına qədər ciddiləşdiyini görəndən sonra, bu dəfə də hakimiyyəti yetərli tədbirlər almamaqda günahlandırdılar. Həqiqətən də tragikomik mənzərədir. Cəmiyyət həyatına aid heç bir sahədə ciddi bir proqrama, alternativ planlaşdırmalara malik olmayan radikal müxalifət bu dəfə də fövqəladə vəziyyətin yaratdığı imtahandan keçə bilmədi, hər zamanki kimi sinifdə qaldı. “ Narıncı inqilabların” bir sıra şərqi Avropa və post- sovet ölkələrində yaratdığı böhrana və onların məruz qaldığı ərazi itkilərinə məhəl qoymayaraq “ narıncı” geyinib küçələrə çıxan, yaxın şərqin sabit ölkələrini vətəndaş müharibəsi və xaosa sürükləyərək viran qoyan “ərəb baharından” təsirlənib öz ölkəsini də belə vəziyyətə salmağa çalışan bir müxalifətə milli demək olarmı? Xalqımız onların adını çoxdan verib- xəyanətkar.

Bəs öz ölkəsinə qarşı bu qədər kin-küdurətin səbəbi nədir? Öz ölkəsi haqqında xaricə donos yazan Əli Kərimlilərin, Avropaya və ABŞ-a qaçan Cəmil Həsənlilərin, Qənimət Zahidin, erməni mənşəli Arif Məmmədovun, İsa Sadıqov kimi dostlarının ordan hədyan yağdıran çirkin fikirlərini diqqət yetirsək, cavab aydın olacaq. Necə deyərlər, dostunu göstər, kim olduğunu söyləyim. Erməni olduğu üçün Azərbaycandan qaçmağa məcbur olduğunu deyib, buna uyğun sənədlər düzəldib ölkədən qaçan Ramiz Yunus bunlardan biridir. Özünü vətənpərvər hesab edən müxalifətçiləri görəsən bu anadangəlmə reneqat Yunuslarla nə birləşdirir? Ermənidən mədət uman bir müxalifət Azərbaycana lazımdırmı? Fikrimcə onlar əvvəlcə bu sualların cavabını axtarsalar daha yaxşı olardı. Bəlkə o zaman Azərbaycan xalqının nəzərində niyə heç bir nüfuza sahib olmadıqlarını dərk etdilər.

Osmanqızı isə başqa bir faciəvi fiqurdur. Mərhum atası ermənilər tərəfindən qətlə yetirilən (Ramiz Yunusun dayıları tərəfindən) bu xanım 5-ci kolonun ruporuna çevirilərək erməni dəyirmanına su tökür. Hətta bir çox məsələlərdə Ermənistanı Azərbaycanla müqayisə edərək düşmən ölkəni üstün tutur. COVİD-19 qarşı alınan tədbirlərdə Ermənistanı Azərbaycandan öndə olduğunu bildirən osmanqızılar, yunuslar adi statistikanıda unudurlar. Belə ki, Azərbaycan əhalisi Ermənistandan 3,5 dəfə artıq olsa da, viruslu xəstə sayı demək olar ki, bərabərdir. Test keçirilən vətəndaş sayı isə bizdə onlardan 10 dəfə artıqdır. Düşmən ölkənin bir sıra ekspertləri həyacan təbili çalaraq, karantinə görə izolyasiya şəraitinə məhkum olan Ermənistanın fəlakət qarşısında olduğunu bəyan edirlər. Hətta onların baş naziri də bunu etiraf etməyə məcbur olur. Görünür bizim radikallar Ermənistanı ermənilərdən çox sevirlər. Nə demək olar? Fikrimcə sual ritorikdir.

Yekunda vurğulamaq istərdim ki, qlobal və ya regional səviyyədə baş verən fors-major hallara baxmayaraq Azərbaycan dövləti gələcəyə əmin addımlarla gedir. Bütün iri miqyaslı layihələr uğurla həyata keçirilir, sosial- iqtisadi rifah ardıcıl olaraq yüksələn xətt üzrə inkişaf edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2020-ci ilin ilk rübünün yekunlarına həsr olunmuş müşavirədə qeyd etdiyi kimi: “Bizim siyasətimizdə Azərbaycan xalqının rifahından və sağlamlığından dəyərli heçnə yoxdur!”

Siyavuş Novruzov,

YAP İcra katibinin müavini,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri