• 23 Oktyabr 2020
logo
Biz “yeni dünya”nın ilk sakinlərindən olacağıq!

Biz “yeni dünya”nın ilk sakinlərindən olacağıq!

Prezident İlham Əliyevin 14 aprel 2020-ci il tarixdə imzaladığı “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncamı təqdir edilir. Bu sərəncamla tənha, yaşlı vətəndaşlarımıza xidmət göstərənlərin maaşları artırılır ki, bu da dövlətimizin ahıllara yüksək diqqət və qayğısından irəli gəlir. Xüsusən də bu ağır sınaq dövründə.

Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları İctimai Birliyinin sədri, ictimai fəal Emin Əliyev qəzetimizə bildirib ki, biz bu koronavirusla mübarizəni yaxşı apardıq. Yoluxanların və vəfat edənlərin nisbəti ümumi dünya mənzərəsində öikəmizdə çox yaxşıdır. Ümid edirəm ki, ən geci bir ay ərzində bu bəla tamam sovuşub bitəcək:

"Bəzən olur ki, məsələyə skeptik yanaşırıq və düşünürük ki, bizim dövlət bu hallara hazır deyil və bu cür kataklizmlərin, epidemiyaların qarşısında rahatlıqla aciz qalacaq. Bunun da ən əsas səbəbi payızda yağışın, qışda qarın yağması zamanı Bakının suyun altında qalması və buna bənzər digər hadisələrin düzgün idarə oluna bilməməsi göstərilirdi. Demək ki, aciz deyilmişik! Və ən əsası, demək ki, Bakı bir daha suyun altında qalmamaq potensialındadır. İstəyəndə olur!

Biz özümüzü daha yaxşı tanıdıq və dünyaya daha yaxşı tanıtdıq. Nəyə görə olduğunu bilmirəm, amma bu pandemiya prosesi mənə “Nuh tufanı”nı xatırladır. Bu proses miladdan sonrakı dövrün Nuh tufanıdır və hazırda Nuhun gəmisində “yeni dünya”ya “üzən”lərin bundan sonrakı fəaliyyətləri çox maraqlıdır.

Xalqımız da əl-ələ tutmağı bacardığını gözəl nümayiş etdirdi. Artistindən aliminə hamısı birlik-bərabərlik nümayiş etdirdi. Ölkəmizin imkansız vətəndaşları tək buraxılmadı, kimin nəyə gücü çatdısa əl tutdu. Bu cür nümunələr müasir dünyada çox azdır! Bunun qədrini bilək!

Həkim və polislərimizin fədakarlığı barədə isə yəqin ki, uzun illər danışılacaq. Hər biri bu millətin xeyir-duasını haqq etdi. Pis hər bir sahədə vardır və o hər yerdə pisdir. Lakin ümumi mənzərə polisin də həkimin də cəsarət və fədakarlığının təqdir edilməsini tələb edir".

QHT sədri onu da qeyd edib ki, aqrar sahə bugünkü situasiyada ön planda görünməsə də onların da xidmətləri yüksək qiymətləndirilməlidir. Onlar post-pandemiya dövründə ölkə əhalisinin sağlam qida ilə təmin edilməsi üçün səylə çalışırlar. Bir də gizli qəhrəmanlar vardır-sosial xidmət işçiləri: "Prezident İlham Əliyevin 14 aprel 2020-ci il tarixdə “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncamı ilə Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 1 misli miqdarında müddətli əlavə müəyyən edilməsi ilə təxminən 2000 nəfərin əmək haqqı artırılmışdır. İlkin baxışda cəmi 2000 nəfərin maaşı artırılmış kimi görünür. Lakin bu 2000 nəfər sosial xidmət işçiləri 15 mindən çox tənha, yaşlı vətəndaşlarımıza xidmət göstərdiklərini nəzərə alaraqsa məsələnin rəngi dəyişir. Bu 15 min nəfər COVİD-19 “standart”larına görə riskli qrup olaraq hal-hazırda cəmiyyətimizin ən zəif təbəqəsi hesab edilir. Onlar da diqqətdən kənarda qalmadı. “İnsan amili” dünyada digər bütün maraqların üzərində durur. İnsan amilinin uca tutulması baxımından da bu proses bizə böyük təcrübələr qazandırdı. Ən əsası da cəmiyyətin diqqətdən kənar qalan heç bir təbəqəsinin olmadığını gördük.

Hökumət maraqlı operativlik nümayiş etdirdi. Sosial dəstək paketləri, sahibkarlarla bağlı proqramlar, neftin qiymətinin sürətlə aşağı düşdüyü bir vaxtda manatın məzənnəsini təmkinlə qoruması və cəmiyyətə özgüvənliklə “qorxmuyun” mesajı verməsi ürəyəyatımlı oldu.

Bir az da səbr edib evdə oturaq. Biz “yeni dünya”nın ilk sakinlərindən olacağıq! Biz gördük ki, həqiqətən də #Bizbirlikdəgüclüyük!"