• 27 Sentyabr 2020
logo
Kişiliyə yaraşmayan davranış...

Kişiliyə yaraşmayan davranış...

BAXCP Azərbaycan hökumətini rəsmi Tehrandan İranın işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımaları ilə bağlı sosial şəbəkələrdə yayılmış və təkzib edilməsi mümkün olmayan faktlara aydınlıq gətirməsini tələb etməyə çağırıb

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İran İslam Respublikasına məxsus yük avtomobillərinin işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən video ilə bağlı bəyanat yayıb.
Bu barədə partiyanın mətbuat xidmətindən məlumat daxil olub.
Bəyanatda qeyd olunur ki, rəsmi Tehranın Ermənistanın işğalı altındakı Azərbaycan ərazilərində formalaşdırılmış separatçı rejimlə əlaqələrini, bu ərazilərə İrandan yük daşınmalarını dəfələrlə təkzib etməsinə baxmayaraq, sosial şəbəkələrdə yayılmış videogörüntülər bunun əksini sübuta yetirir:
“Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İran İslam Respublikasının işğalçı Ermənistan və onun işğal etdiyi Azərbaycan torpaqlarında formalaşdırdığı qanunsuz rejimlə əlaqələrini kəskin şəkildə pisləyir, bu cür davranışın beynəlxalq hüquqa zidd olmasını bəyan etməklə yanaşı, eyni zamanda kişiliyə yaraşmadığını xüsusi vurğulayır. BAXCP bəyan edir ki, İran İslam Respublikasına məxsus yük maşınlarının Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə ərzaq və yanacaq daşıması İranın işğalı və terrorçu rejimi dəstəkləməsi, onların azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım və etnik təmizləmə aktlarına haq qazandırması, insanlıq əleyhinə törədilmiş cinayətlərə şərik olması deməkdir”.
BAXCP hesab edir ki, İranın bu əməlləri Azərbaycan Respublikasının İranın ən çətin günlərində sərgilədiyi dost və yaxın qonşuluq münasibətləri ilə də ziddiyyət təşkil edir: “İran İslam Respublikasının ideoloji təbliğat maşını bu ölkənin daim müsəlmanların hüquqlarını müdafiə etdiyini önə çəkir, amma əməldə isə 1 milyona yaxın müsəlman azərbaycanlını öz evlərindən didərgin salan işğalçı Ermənistana və onun separatçı tör-töküntülərinə himayədarlıq edir”.
BAXCP Azərbaycan hökumətini rəsmi Tehrandan İranın işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımaları ilə bağlı sosial şəbəkələrdə yayılmış və təkzib edilməsi mümkün olmayan faktlara aydınlıq gətirməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyünə və beynəlxalq hüquq normalarına sayğıyla yanaşmasını, işğalçı rejimlə əməkdaşlığa son qoymasımı tələb etməyə çağırıb.