• 26 Sentyabr 2020
logo
“Zirvə görüşü həmrəyliyimizin təzahürüdür”

“Zirvə görüşü həmrəyliyimizin təzahürüdür”

Hikmət Babaoğlu: “Azərbaycanın təşəbbüsü ilə keçirilən zirvə toplantısı qlobal təhlükəyə qarşı birgə mübarizə səylərində vacib əhəmiyyətli tarixi hadisə kimi yadda qaldı”

“Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına sədrlik edən Azərbaycan həm Şuranın fəaliyyəti tarixində həm də beynəlxalq təşkilatların tarixində ilk dəfə olaraq videokonfrans vasitəsilə zirvə toplantısı keçirməklə bir ilkə imza atdı”. Bunu “Xalq cəbhəsi”nə açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. Millət vəkili bildirdi ki, bu məsələnin yalnız bir tərəfidir: “Hazırda koronavirus pandemiyası durmadan yayılmaqda davam edir və ona qarşı effektiv mübarizə də yalnız birgə səylərlə mümkündür. Çünki ayrı-ayrı dövlətlərin müxtəlif təcrübələri var və onların səmərəli olanlarının qarşılıqlı şəkildə öyrənilməsi və təhlükəsizlik məqsədilə istifadə olunması aktualdır. Bu mənada Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizədə olduqca yaxşı təcrübəsi var. Ancaq Türk Şurasına üzv olan digər qardaş ölkələrin də əldə etdiyi uğurlar var və bu təcrübə mübadiləsi ümumi mənafelər baxımından qiymətlidir. Belə olan halda Azərbaycan Prezidentinin təşəbbüsü ilə zirvə görüşünün baş tutması Türk Şurasına üzv olan dövlətlərin həmrəyliyi və mənəvi-siyasi birliyinin də göstəricisi hesab edilə bilər. Ona görə də Azərbaycan Prezidenti ilk növbədə məhz bu məsələyə diqqət çəkərək qeyd etdi ki, bu zirvə görüşü bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Hazırki mərhələdə koronovirusa qarşı mübarizədə tibbi tədbirlər nə qədər əhəmiyyətlidirsə, mənəvi-psixoloji məsələlər və ümumi həmrəylik də də bir o qədər əhəmiyyətlidir”.
Onun sözlərinə görə, başqa əlamətdar bir məsələ isə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesusanın zirvə görüşünə qatılması idi: “Bu da Azərbaycanın dəvətilə baş tutmuşdu və Türk Şurasının zirvə görüşünə həm də digər bir beynəlxalq təşkilatla birgə fəaliyyət və əməkdaşlıq keyfiyyəti qazandırırdı . Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru ölkəmizlə əməkdaşlıqdan məmnuniyyətini dilə gətirərək Azərbaycanda həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiyini bildirdi. Eyni zamanda bundan sonrakı mərhələdə koronovirusa qarşı mübarizədə daha yeni vasitələrlə birgə mübarizənin əhəmiyyətindən danışdı. Şübhəsiz ki, bütün bunların məqsədi qardaş ölkələrin qlobal pandemiya təhlükəsinə qarşı öz vətəndaşlarının təhlükəsizliyini birlikdə qorumaq əzmi idi. Ancaq koronavirus pandemiyasının yaratdığı problemlər təkcə sağlıq müstəvisi ilə məhdudlaşmır, digər sosial-iqtisadi seferalara da ciddi şəkildə mənfi təsir göstərir. Zirvə görüşündə bu məsələlərə də toxunuldu və iqtisadi itkilərin minimizə edilməsi məsələsi də gündəmə gəldi. Qardaş ölkələrin dövlət başçılarının nitqində Azərbaycanın həyata keçirdiyi qlobal tranzit layihələrin hazırki mənada iqtisadi kommunikasiya sahəsində mühüm əhəmiyyət kəsb etdiyi bildirildi. Bu sırada Bakı-Tiflis-Qars dəmir yolunun önəmi bir daha vurğulandı və qarşılıqlı iqtisadi mənafelərin təmin edilməsi baxımından olduqca yüksək qiymətləndirildi. Bütövlükdə isə Azərbaycanın təşəbbüsü ilə keçirilən Türk Şurası zirvə toplantısı həm şura üzvlərinin həmrəyli və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı kontekstində, həm də hazırki vəziyyətdə qlobal təhlükəyə qarşı birgə mübarizə səylərində vacib əhəmiyyətli tarixi hadisə kimi yadda qaldı”.

Əli