• 4 May 2024
logo
“Bütün rüsumların həddi Azərbaycan manatı ilə müəyyən olunmalıdır”

“Bütün rüsumların həddi Azərbaycan manatı ilə müəyyən olunmalıdır”

“Mən, “Dövlət rüsumu haqqında” qanunla bağlı fikirlərimi bildirmək istəyirəm. Komitə iclasında da bildirmişdim, Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsiumunun dərəcələri dollarla müəyyənləşir. Və mən buna etiraz eləmişdim. Ona görə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsində qeyd olunur ki, Azərbaycanda pul vahidi manatdır və digər valyutalarla ödənişlərin aparılması qadağandır”.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkili əlavə edib: “1961-ci il diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına görə, eksterritoriallıq prinsipi var. Yəni akkreditiv dövlətin nümayəndəliyi həmin ölkənin birbaşa ərazisi olmasa da ərazisi sayılır və toxunulmazlığı var. Bubaxımdan, akkreditiv dövlətin qanunvericiliyi həmin nümayəndəliyin ərazisində də tətbiq olunur. Ona görə də məntiq baxımından da bu doğru deyil. Məsələn, Avropa İttifaqında bizim səfirliyimiz. Əgər orada pul vahidi avrodursa, niyə bu ödənişləri dollarla qəbul etməlidir? Yaxud da Britaniyanı, qardaş Türkiyəni və ya başqa bir dövləti götürək. Ona görə də Azərbaycanla bağlı bütün rüsumların həddi Azərbaycan manatı ilə müəyyən olunmalıdır. Amma konvertasiya olunmalıdır ki, manat neçə lirə, yaxud neçə funt, yaxud neçə avro edir”.