• 4 May 2024
logo
“Alkoqol da insan orqanizmi üçün tütündən az ziyanlı deyil” - Qüdrət Həsənquliyev

“Alkoqol da insan orqanizmi üçün tütündən az ziyanlı deyil” - Qüdrət Həsənquliyev

“Hörmətli Tahir Mirkişili növbəti dəfə mənə uğursuz cavab verməyə cəhd elədi. Hörmətli Tahir müəllim, bir çox ölkələrdə adalar satışa çıxarılır. Təbii adalar, nəinki süni, kimsənin özünün yaratdığı adalar. Yunanıstanda, İtaliyada. Bir dəfə İtaliyada idim, Neapol şəhərində mənə göstərdilər, dedilər o adanı bir nəfər alıb və o adada cəmi özü üçün bir mənzil tikib. Yəni hesab edirəm, beynəlxalq təcrübəyə istinad edirsinizsə, beynəlxalq təcrübəni diqqətlə öyrənmək lazımdır”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Tütün və tütün məmulatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkili əlavə edib: “Hörmətli sədr! Hesab edirəm ki, tütün və tütün məmulatları haqqında qanunda inhisarçılığın yaradılması məqsədilə bu dəyişikliklər edilir. Doğurdan da tütün insan orqanizmi üçün ziyanlıdırsa bunun üçün vergiləri artırmaq lazımdır. Alkoqol üçün vergiəri artırmaq lazımdır. Baxın, alkoqolla bağlı biz bunu eləmirik. Əslində alkoqolun həcminin artırılması ilə bağlı qanunda dəyişikik edirik. Baxmayaraq ki, bizim hətta dinimizdə - müsəlman ölkəsiyik - tütün haram buyurulmasa da, alkoqol həm haram buyurulub, həm də alkoqol da insan orqanizmi üçün tütündən az ziyanlı deyil. Bu baxımdan, hesab edirəm ki, bunu əsaslandırmaq ki, guya biz, insanların qorumaq üçün bunu edirik - bu tamamilə yanlışdır. Konstisusiyanın 149-cu maddəsi var: Bərabər mənafelərə bərabər münasibət. Mən dedim, indi kimsə süni torpaq sahəsi, ada yaradır, biz ona demirik ki, sən bura nə qədər investisiya qoymalısan. Amma burada deyirik ki, 34 milyon. Bəlkə kimsə keyfiyyətli tütün istehsal edəcək. Vətəndaşların qorunmasının bura nə aidiyyatı var? Kimsə 5 milyonluq bir fabrik tikir, amma orada tütün istehsal edəcək. Bir daha söyləyirəm, bu, inhisarçılığın yaradılmasına xidmət edən bir məsələdir. Bunun təsdiqi üçün bir nümunə də göstərirəm. Qanunun 14.2-1.1 maddəsində qeyd edilir. Azərbaycan Respublikasının ərazisində azı bir il olmaqla tütün məmulatlarının istehsalı fəaliyyətinin həyata keçirilməsi imkan verəcək ki, həmin şəxsin istehsal etdiyi tütünün xaricə ixracına icazə verilsin. Dünyanın hər yerində təzə yaranan müəssisələri dövlət bəzən 3 il, bəzən 5 il, bəzən daha uzun müddətə ya vergilərdən azad edir, ya da onlara vergi güzəşti nəzərdə tutulur ki, həmin şirkət çox pul qazansın, qoyduğu investisiyanı çıxarsın. Bununla da investisitya qoyuluşunu stimullaşdırırmış oluruq. Amma bu qanunda necə bərabər mənafedən söhbət gedə bilər ki, məsələn, tutaq ki, mənim də zavodum işə düşüb, tütün istehsal edirəm, amma deyilir ki, yox sən tütünü xaricə sata bilməzsən. Bunun üçün sən gərək bir il tütün istehsal edəsən ki, sonra buna icazə verilsin. Qeyd elədiyim 14-cü maddə, həm də 10-cu maddənin 2-1-ci bəndi göstərir ki, faktiki surətdə qanunvericilik qaydasında biz, bu sahədə inhisarçılıq yaratmaq istəyirik. Onsuz da bilirik ki, çox az sayda insanlar bu işlə məşğul ola bilirlər. Baxmayaraq ki, istəyənlər çoxdur. Bununla da ümumiyyətlə biz o prosesin qarşısını almış oluruq. Ona görə də mən bu qanunun əleyhinə səs verəcəyəm”.