• 20 May 2024
logo
AVCİYA prezidenti: “Cənubi Qafqazda ciddi dəyişiklər baş verəcək”

AVCİYA prezidenti: “Cənubi Qafqazda ciddi dəyişiklər baş verəcək”

Elxan Süleymanov Azərbaycanın siyasi-diplomatik müstəvidə tarixi aprel uğurlarından və onun nəticələrindən yazdı

Cari ilin aprel ayının əvvəli Azərbaycan diplomatiyası üçün müəyyən gərginliklər vəd etsə də, sonradan bütövlüklə bir sıra uğurlarla yadda qaldı. Doğrudan da aprelin əvvəli Brüsseldə keçiriləcək üçtərəfli görüşlə bağlı Azərbaycanda əsaslı narahatlıq meydana gətirmişdi. Belə ki, aprelin əvvəlində Brüsseldə Brüsseldə ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasınnı sədri Ursula fon der Leyenin Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən üçtərəfli görüşü Cənubi Qafqazda sülhün bərqərar olmasına neqativ təsir göstərəcəyi, o cümlədən birtərəfli xarakter daşıması səbəbindən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına xidmət etmədiyi açıq-aşkar görünürdü. Görüşdən xeyli əvvəl rəsmi İrəvanın siyasi rəhbərliyi Brüssel görüşünü tarixi bir hadisə kimi dəyərləndirməklə yanaşı, bu görüşdə Qərbin onlara təhlükəsizlik təminatı verəcəyini xüsusilə vurğulayır və bunun üçün öz ənənələrinə sadiq qalaraq görüş öncəsi bölgədə gərginliyin artmasına çalışırdılar. Elan edilmiş üçtərəfli görüş ərəfəsində Ermənistan Fransadan və Hindistandan aldığı hərbi texnikanı Azərbaycanla sərhəd zonalarına daşıyır, Ermənistan-Azərbaycan şərti sərhədləri boyu hərbi istehkamlar qurur, Azərbaycan mövqelərinə müxtəlif çaplı silahlardan atəş açırdı. Ermənistan bu təxribat xarakterli addımları atmaqla açıq-aşkar Azərbaycanı cavab tədbirləri görməyə təhrik edir və bununla da öz havadarlarına göstərmək istəyirdi ki, ABŞ və Avropa İttifaqı tərəfindən onun təhlükəsizliyinə təminat verilməsi ən vacib məsələdir və hətta hakimiyyətə yaxın dairələr həmin görüşdə Ermənistanla təhlükəsizlik paktı imzalanacağına dair məlumatlar yayırdılar.

Diqqəti çəkən məqam ondan ibarət idi ki, görüşdən əvvəl rəsmi Bakının narahatçılığını nəzərə alan ABŞ dövlət katibi Entoni Blinken, ondan bir gün sonra isə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək bu görüşün Azərbaycana qarşı olmadığını və Ermənistanın iqtisadi inkişaf məsələlərinə fokuslanacağını bildirmişdilər.

photo_128582.jpg (45 KB)

Bu telefon zəngləri əslində birləşmiş Qərbin Cənubi Qafqazda Azərbaycanın maraqlarını nəzərə almadan hər hansı addım atmayacağından və bölgədə Azərbaycan faktorunu diqqətdə saxlayacağından xəbər verirdi. Beləliklə, görüşün yekunları Ermənistan tərəfinin təqdim etdiyi kimi olmadı və birləşmiş Qərb rəsmi İrəvana az qala simvolik maliyyə yardımı göstərmək barədə təminat verməklə kifayətləndi. Zənnimizcə, Brüssel görüşü ərəfəsində birləşmiş Qərb tərəfindən Azərbaycanın narahatlığının nəzərə alınması həmin görüşün nəticələrində də özünü göstərdi. Odur ki, birləşmiş Qərbin Ermənistana görüş zamanı simvolik yardım vəd etməsi, onlar tərəfindən Azərbaycanın mövqeyinin nəzərə alınması ilə bağlı idi. Odur ki, bir sıra ekspertlərdən fərqli olaraq, 5 aprel Brüssel görüşünün nəticələrini Azərbaycanın uzun illər ərzində apardığı xarici siyasətin uğuru kimi qiymətləndirirəm.
Brüssel görüşündən iki həftə sonra Azərbaycan yeni bir tarixi uğura imza atdı. Belə ki, Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev AzərTAC-a açıqlamasında bildirdi ki, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib”. O, eyni zamanda, artıq prosesin başlanıldığını, Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin həmin qərarın icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirdiklərini diqqətə çatdırıb.

Məlumdur ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 10 noyabr 2020-ci il tarixdə imzaladıqları üçtərəfli bəyanat əsasən müvəqqəti olaraq Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmişdi. Üçtərəfli bəyanatın 3-cü bəndinə əsasən Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilmişdi. Bəyanatın 4-cü bəndində bildirilirdi ki, “Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”. Qeyd edilməlidir ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti olaraq Qarabağda yerləşdirilməsinin əsas məqsədi təmas xəttində və mülki əhaliyə münasibətdə mümkün toqquşmaların qarşısını almaq, təhlükəsizliyi təmin etmək və humanitar vəziyyətə nəzarət etmək idi.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizin 44-günlük müharibədə qalib tərəf olmasına baxmayaraq Ermənistanla münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda əməkdaşlıq və rifah mühiti formalaşdırmaq, Ermənistanla sülh müqaviləsi imzalamaq məqsədilə danışıqlara başlamaq təşəbbüsü ilə çıxış etdi. Lakin Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması təklifinə baxmayaraq, rəsmi İrəvan müxtəlif bəhanələrlə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməkdən boyun qaçırırdı, öz hərbi hissələrini və Qarabağ bölgəsindəki qeyri-qanuni erməni silahlı qruplarının çıxarılmasını təmin etmədi. Ermənistan Azərbaycanla sərhəd bölgəsində, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə intensiv şəkildə ölkəmizin hərbi mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutmağa, Azərbaycan hərbi mövqeləri ilə üzbəüz istehkamlar quraşdırmağa, erməni diversiya qrupları işğaldan azad edilmiş ərazilərində piyada və tank əleyhinə minalar quraşdırmağa üstünlük verdi, vəziyyəti gərginləşdirməkdə davam etdi. Nəticədə Ermənistanın və erməni separatçılarının Azərbaycanın Qarabağ iqtisadi rayonunda təxribatları daha intensiv, genişmiqyaslı və gündəlik xarakter aldı. Odur ki, sentyabrın 19-20 sentyabr 2023-cü ildə Azərbaycan həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ölkəmizin öz suverenliyini bərpa etməsindən sonra ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələri və Ermənistan qüvvələri təslim oldular, separatçı rejim özünüləğv barədə qərar qəbul etdi, Azərbaycanın Qarabağda məskunlaşmış ermənilərin hüquqlarının ölkə Konstitusiyasına uyğun şəkildə təmin ediləcəyi barədə çağırışlarına baxmayaraq erməni əhali Azərbaycanın Qarabağ bölgəsini tərk etdilər. Azərbaycan 24 saata yaxın davam edən lokal antiterror tədbirləri nəticəsində bölgədə Azərbyacanın dövlət suverenliyini tam təmin etdi və bununla da, Qarabağ problemi tam şəkildə həll edildi.

WhatsApp-Image-2023-10-15-at-05.38.03.jpeg (66 KB)

Bu səbəbdən Rusiya sülhməramlı qüvvələrinin təmas xəttində təhlükəsizliyin təminatı, humanitar vəziyyətə və atəşkəsə nəzarət funksiyalarına ehtiyac qalmadı. Bununla belə, Rusiya sülhməramlı kontingentinin 20 sentyabr 2023-cü il antiterror tədbirlərindən sonra bölgədə mövcudluğuna ehtiyac qalmasa da, bu qüvvələrin 2025-ci ildə bölgəni tərk edib-etməyəcəyi barədə ekspertlər arasında müzakirələr gedirdi.
Lakin növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan bir daha özünün virtuoz siyasətçi olduğunu bir daha göstərdi. Məhz Prezident İlham Əliyevin dünya siyasətində baş verən prosesləri zərgər dəqiqliyi ilə adekvat qiymətləndirməsi, dünyada baş verən geosiyasi qarşıdurma nəticəsində yaranmış vəziyyətdən məharətlə istifadə etməsi və siyasi uzaqgörənliyi sayəsində Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazilərindən vaxtından əvvəl çıxarılması barədə Rusiya Prezidenti Vladimir Putinlə razılığa gəlməsi mümkün oldu.

Sulhmeramlilar-.jpeg (37 KB)

Azərbaycan Prezidenti İlham Əliyevin bu keyfiyyətləri bir daha göstərdi ki, Azərbaycan lideri, Zbiqnev Bjezinskinin təbirincə desək, “Böyük şahmat taxtasında” məharətli lider oyunçudur.
Prezident İlham Əliyevin Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılmasına dair Vladimir Putinlə razılığa gəlməsi, istər-istəməz, bir daha Ali Baş Komandanın 9 oktyabr 2020-ci ildə xalqa müraciətində vurğuladığı fikirlərin doğru olduğuna şübhə yeri qoymur. Prezident İlham Əliyev həmin müraciətində bildirmişdi: “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm”.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət öz nəticələrini göstərməkdə davam edir. Belə ki, bir neçə gün əvvəl Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə 32 ildən artıq işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı yaşayış məntəqələrinin Azərbaycana qaytarılması barədə razılaşma əldə edilib.

23 apreldə isə məlumat açıqlandı ki, Azərbaycanla Ermənistan sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.
Bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün yaydığı məlumatda deyilir.
Bildirilib ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, 2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və hücum diplomatiyası nəticəsində Azərbaycan xalqı son üç ildən artıq müddət ərzində ərazilərimizin işğaldan azad edilməsi, ərazi bütövlüyünün bərpası, dövlət suverenliyinin tam təmin edilməsi kimi sevinc yaşamışdı. İndi isə yeni bir sevinc – Rusiya sülhməramlı kontingenti vaxtından əvvəl Azərbaycan ərazisini tərk edir. Bununla yanaşı, Ermənistan rəhbərliyi bölgədə yaranmış yeni reallığı dərk etməyə başlamağa hazırlaşır və ilk addım kimi Qazax rayonunun işğal altında qalmış eksklav olmayan dörd kəndini qaytarmaq barədə razılıq verir.

cb561b428bb88daf4dac17e906214960.jpg (168 KB)
Beləliklə, bölgədə işğala son qoyulması, separatçı erməni qüvvələrin tərksilah olaraq bölgəni tərk etməsi, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin edilməsi, Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Azərbaycan ərazisini tərk etməsi Cənubi Qafqaz regionunda yaxın gələcəkdə ciddi dəyişikliklərin baş verəcəyindən xəbər verir.

Fürsətdən istifadə edərək, Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Qarabağı tərk etməsi, heç bir hərbi qarşıdurma olmadan Qazax rayonun 4 kəndinin Azərbaycana qaytarılması barədə razılığın əldə olunması münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi və Azərbaycan xalqını AVCİYA kollektivi və öz adımdan təbrik etməkdən məmnunluq duyuram.

Elxan Süleymanov,
AVCİYA prezidenti

elxam.jpg (39 KB)