• 4 May 2024
logo
Qüdrət Həsənquliyev: Bu inhisarçılıq yaratmaqdır

Qüdrət Həsənquliyev: Bu inhisarçılıq yaratmaqdır

“Dövlətin payı olan bankların və fondların bu cür layihələrin maliyyələşdirilməsinə qanunvericiliklə qadağa qoyulmalıdır”

“Hörmətli sədr! Sizin tövsiyəniz və Əli müəllimin moderatorluğu ilə birinci oxunuşdan sonra biz toplandıq. Komitədə də geniş müzakirə etmişdik və qanun layihəsini yenə də geniş müzakirə elədik. Ona görə də təşəkkür edirəm. Bəzi məsələləri ikinci oxunuşda səsələndirməyi vacib sayıram. Mən, hesab edirəm ki, ilk öncə Siyavuş müəllimin dediyinə münasibət bildirim. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci hissələrinin tələblərinin bu qanunla tətbiq olunmadığı qeyd olunub - sahilboyu zolqda tikinti ilə əlaqədar olaraq”.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkili bildirib ki, amma qanunda bu nəzərdə tutulub: “Siyavuş müəllim, ona görə də narahatlıq yoxdur. Amma mənim söyləyəcəyim odur ki, bu meqalayihədir və təcrübədən çıxış eləməliyik. Bilirik ki, Qaradağ rayonunda belə bir layihə ilə bağlı dövlət bankından da bir milyarddan artıq vəsait götürüldü. Bu vəsait faktiki surətdə dağıdıldı və indi də həmin yarımçıq tikili gözdağı kimi qalıb orada. Ona görə də belə meqalayihələr üçün süni torpaq sahəsi yaradılır, sonra üzərində tikinti işləri aparılacaq. Hesab edirəm ki, biz, 4.3-cü maddədə qeyd olunur ki, süni torpaq sahəsi yaratmaq üçün hansı sənədlər təqdim olunmalıdır. O sənədlərin sırasına müraciət edən şəxsin özünün maliyyə durumu barədə arayış və tikintinin smeta xərcləri barədə məlumat daxil edilməlidir. İkincisi isə bank zəmanəti olmalıdır. Hesab edirəm ki, bu bank dövlət bankı ola bilməz. Ona görə ki, gələcəkdə biz, dövlət bankını özəlləşdirməyə də çıxara bilərik. Və o zaman özəl kommersiya bankının rəhbəri, ümumiyyətlə bu öhdəliklərdən imtina edə bilər. Deyə bilər ki, məsələn, bu avantürist layihədir, mən niyə bu layihəni maliyyələşdirməliyəm. Ona görə də dövlətin payı olan bankların və fondların bu cür layihələrin maliyyələşdirilməsinə qanunvericiliklə qadağa qoyulmalıdır. İkincisi bu sənədlər təqdim olunandan sonra artıq müəyyən ekspertiza işlərinin aparılması üçün ilkin müvafiq icra hakimiyyəti orqanının razılığı olmalıdır. Bu razılıq da ona görə lazımdır ki, qeyd elədiyim kimi həmin müvafiq fiziki, yaxud hüquqi şəxsin müvafiq dövlət orqanlarına müraciət etmək üçün əlində hansısa sənəd olsun. Yoxsa özü gedib deyə bilməz ki, dövlətin istənilən bir ərazisində - dəniz suları da dövlətin ərazisidir - mən gəlmişəm, mənim üçün ekspertiza keçirin. Yəni mən hesab edirəm ki, burada məntiq də yoxdur. Düşünürəm ki, niyə maliyyə sənədləri, smeta xərcləri təqdim olunmalıdır? Biz, bundan sonra tütün və tütün məmulatları haqqında qanuna dəyişiklik edəcəyik. Orada qeyd edirik ki, 34 milyion manatdan az olmayan məbləğdə investisiya yatıran şəxsə biz, hər hansı tütün məmulatı istehsal edən müəssisə açmağa icazə veririk. Əslində bu inhisarçılıq yaratmaqdır. Bəlkə mən, 5 milyonluq bir fabrik tikəcəyəm. Amma görürsünüz, burada qanunda onu tələb edirik, biri tütün fabriki tikir, deyirik ki, sən 34 milyiondan az vəsait qoya bilməzsən. Amma o boyda süni ada yaradılır və onun üzərində də dəyəri bəlkə də milyardlarla olan tikinti obyekti tikiləcək... Mən komitə iclasında da dedim, Şəhərsalma və Arxitektura Komitəsinin məsul şəxslərinə də dedim. Nəsə onlar bu məsələyə çox da diqqətlə yanaşmadılar. Ona görə mən bu məsələni burada bir daha qaldırmağı borc bildim. Bundan başqa mən niyə hesab edirəm ki, dövlət bankları bu işdə iştirak etməməlidir? Çünki, umumiyyətlə dövlət banklarının özəlləşdirilməsi məsələsi də gündəmdədir. Konstitusiyanın 59-cu maddəsi “Azad sahibkarlıq hüququ” adlanır. Konstitusiyanın həmin maddəsinə 11.10.2006-cı ildə dəyişiklik elədik. Həmin dəyişiklikdə qeyd olunur ki, “Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir”. Yəni dövlət sahibkarlıq fəaliyyəti ilə məşğul olmamaldıır. Ona görə də mən hesab edirəm ki, burada mütləq qeyd elədiyim məsələlər öz əksini tapmalıdır. Bir də 8.3-cü maddə ilə bağlı təklifim ondan ibarətdir ki, burada qeyd olunur ki, süni torpaq sahəsi yaradılandan sonra o dövlətin mülkiyyətinə keçir. Bu süni yaradılır. Mən öz vəsaitim hesabına süni torpaq sahəsi, ada yaradıram. Burada məntiq hardadır ki, mənim yaratdığımı sonra dövlət deyir ki sən onu mənim mülkiyyətimə verməlisən. Bu baxımdan bu müddəa da buradan çıxarılmalıdır”.