• 18 Aprel 2024
logo
Türk Dövlətləri daha sıx əməkdaşlığa başlayacaqlar

Türk Dövlətləri daha sıx əməkdaşlığa başlayacaqlar

İlham İsmayılov: “Bu acı günlərdə bir-birinə dayaq olmaq, bir-birinin yanında olmaq Türk Dövlətlərini daha da birləşdirəcək”

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının fövqəladə Zirvə görüşü keçirildi. Əsasən koronovirus pandemiyası ilə bağlı mübarizəyə həsr olunmuş videokonfransa Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov, Macarıstanın Baş Naziri Viktor Orban, Türk Şurasının baş katibi Bağdad Amreyev və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreisus qatıldılar.
Zirvə görüşü ilə bağlı fikirlərini açıqlayan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov bildirib ki, bütün dünyanın bəlasına çevrilmiş pandemiya dönəmində bir çox dövlətlərin və bu dövlətlərin siyasi birliklərin göstərmiş olduqları acı mənzərənin əksinə olaraq, Türk Şurasının belə bir Zirvə görüşünün keçirilməsi çox müsbət haldır: “Biz dünyada mövcud olan bir çox dövlətlərinin davranışlarına baxdıqda görürük ki, aparıcı dövlətlərin bir çoxu pandemiya dönəmində bir-birinə dəstək olmaqdan çox, aralarında gərginlik hökm sürməkdədir. Konkret olaraq, Avropa Birliyi daxilindəki münasibətlərə fikir versək görərik ki, pandemiya dönəmində onlar arasındakı münasibətlərdə mənəvi aşınma, yalnız öz vəziyyətini düşünmə kimi hallara daha çox rast gəlinir. Bu vaxtadək biz bəzi istisnalar olmaqla Avropa Birliyi daxilində həmrəyliyə nail olunmaq üçün atılan addımlara rast gəlmirik. Dünyada belə halların mövcud olduğu bir vaxtda Tütk Konseyinin birlik və bərabərlik sağlaması olduqca təqdirəlayiq haldır ”.
İlham İsmayılov qeyd edib ki, Avropa Birliyi ölkələrindən fərqli olaraq, Türk Şurası yalnız maddi maraqlar deyil, həm də dostluq, qardaşlıq təməlləri əsasında qurulub, eyni soy-kökü , eyni tarixi və mədəniyyəti daşıyan türk xalqlarının birliyidir. “Türk dövlət başçılarının bu gün keçirdikləri görüşdə mühüm olan əsas məsələlərdən biri odur ki, bu gün keçirilən fikir mübadiləsində daha şox post-pandemiya dövründə ölkələrimiz arasındakı əlaqələr, iqtisadi münasibətlər müzakirə olundu, bu ağır sosial-iqtisadi vəziyyətdən çıxmaq üçün qarşılıqlı münasibətləri daha da inkişaf etdirməyin vacib olduğu bildirildi. Bu olduqca vacib bir məsələdir. Ölkə başçılarımızın da dediyi kimi, aydındır ki, pandemiya aradan qalxandan sonra yeni dünya düzəni, yeni iqtisadi münasibətlərlə üz-üzə gələcəyik. Türk Şurası daxilində belə bir dönəmə hazırlanmaq və əlavə variantların indidən hazırlanması çox vacibdir. İnanırıq ki, post-pandemiya dönəmində Türk Dövlətləri daha sıx əməkdaşlığa başlayacaqlar. Təbii ki, bu acı günlərdə bir-birinə dayaq olmaq, bir-birinin yanında olmaq Türk Dövlətlərini daha da bərkidəcək”.
ATXƏM sədri Türk Dövlət başçılarının keçirdikləri videokonfransında Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Gebreisus iştirakını da yüksək qiymətləndirib: “Bilirsiniz ki, koronovirus pandemiyası qlobal xaraker daşıyır və bütün dünya hələlik bu təşkilatın tövsiyyələri ilə hərəkət edir. Lakin bəzi hallarda görürük ki, bu təşkilatın fəaliyyətini kölgələməyə çalışır, lakin alternativ variant da irəli sürmürlər. Bu gün Türk Konseyi daxilində bu təşkilatın baş direktorunun iştirakı bir daha göstərdi ki, Türk Dövlət başçıları bu qlobal pandemiyaya qarşı mübarizəyə daha ciddi yanaşır və bütün dünyanın vahid bir mövqe sərgiləməsinə çalışırlar . Yəni Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır. Və Türk Dövlətləri bir daha göstərdi ki, onlar bu əməkdaşlığa hər zaman hazırdırlar”.