• 28 Mart 2024
logo
Prezident İlham Əliyev: Azərbaycan aparılan testlərin sayına görə dünyada 30-cu yerdədir

Prezident İlham Əliyev: Azərbaycan aparılan testlərin sayına görə dünyada 30-cu yerdədir

İndiyə kimi ölkə üzrə 60 minə yaxın test keçirilib. Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır. Aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdəyik. Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılıb.

Bu barədə Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündəki çıxışında məlumat verib.

Hazırda dünyada tibbi ləvazimatların və avadanlıqların alınmasının problemə çevrildiyini qeyd edən dövlətimizin başçısı deyib ki, istehsal olunan avadanlıqlar və ləvazimatların satılması dövlətlər tərəfindən məhdudlaşdırılıb. Ona görə də daxili istehsal ehtiyacı yaranıb. Daxili tələbatı ödəmək üçün aprel ayının əvvəlində ölkəmizdə operativ şəkildə tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başlayıb.

“Mənim təşəbbüsümlə Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilmişdir. Hazırda bu fonda köçürülmüş ianələrin həcmi 110 milyon manatdan və ya 65 milyon dollardan artıqdır. Dövlət vəsaiti ilə bərabər, ayrı-ayrı şəxslərin, sahibkarların və təşkilatların fonda könüllü ianəsi həm də böyük rəmzi məna daşıyır. Bu, Azərbaycan cəmiyyətində olan həmrəyliyin nümunəsidir”, - deyə Prezident vurğulayıb.