• 1 May 2024
logo
Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi “Bakı bunun qarşılığında Moskvaya nə verib” sualının da müzakirəsinə səbəb olub.

Birincisi, Rusiya kimi bir ölkə geri çəkilirsə, bunun əvəzində nəsə alması ehtimalı həmişə mövcud olub;

İkincisi, sülhməramlıların vaxtından əvvəl çıxarılması belə sualları aktuallaşdırır.

Eyni sual – “Bakı Moskvaya nə verib” məsələsi və bu məsələ üzərindən müxtəlif iddiaların irəli sürülməsi ötən ilin 20 sentyabrında Qarabağda separatizmin təmizlənməsi, Xankəndiyə bayrağımızın sancılması ilə nəticələnən anti-terror tədbirlərində də gündəmdə idi. İndi yenidən aktuallaşıb və bu məsələ ətrafında yeni-yeni iddialar irəli sürülür.

Bakı doğrudanmı Moskvaya “nələrsə” verib, yaxud Rusiyanın “geri çəkilməsi”ndə əsas məqsəd nə ola bilər?

Azərbaycanın Rusiyaya nəsə verməsi ehtimalı zəifdir. Çünki 44 günlük müharibə və sonrasında bölgədə vəziyyət dəyişib, xüsusilə Ermənistanın Moskvaya qarşı siyasəti Rusiyanın Azərbaycanla yaxınlaşmasını, yaxud belə demək mümkünsə, erməni maraqlarının müdafiəsindən imtinasını şərtləndirib. Burada əsas məqam Cənubi Qafqaz uğrunda gedən mübarizədir, Rusiyanın Qarabağdan imtina etməsinin arxasında da bu amil dayanır. Və Moskva Qarabağdan imtina etməklə Cənubi Qafqazdakı maraqlarını qorumağa çalışır.

Bu haqda antiterror tədbirlərindən sonra yazmışdıq. 2022-ci ildə Praqa görüşündən sonra Qarabağda qalmaq Rusiya üçün bölgəyə yox, təkcə Azərbaycana təsir etmək imkanına çevrildi. Qarabağdan imtina edən Ermənistan isə siyasi oriyentasiyasını Qərbə doğru dəyişməyə başladı. Bu, Qarabağ məsələsini bir tərəfdən Moskva-Bakı münasibətlərində problemə çevirir, həm də Ankaranı narazı salır, digər tərəfdən, erməni əhalisinin problemlərinə görə məsuliyyət Rusiyanın üzərində qalırdı. Moskvada anladılar ki, bölgəyə təsir etmək üçün həmişə rıçaq olaraq istifadə etdikləri Qarabağda qalmağa köklənmək bu dəfə Cənubi Qafqazın itirilməsi ilə nəticələnə bilər. Azərbaycanın erməni separatizmini ləğv etməsinə müdaxilə etməyən Rusiyanın sülhməramlılarını da bölgədən çıxarması Cənubi Qafqazda zəifləyən təsir imkanlarının minimum zərərlə qorunması məqsədi daşıyır. Bunun qarşılığında Azərbaycan Rusiyaya yalnız siyasi baxımdan bölgədəki maraqlarının nəzərə alınması sözünü verə bilər, misal üçün, Qərbin Bakı-İrəvan danışıqları üzərindən regiona müdaxiləsinə geniş meydan verməmək kimi...

Asif Nərimanlı