• 29 Aprel 2024
logo
Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Tokayevin İrəvana səfəri Bakıya qarşı müəyyən nüanslarla yadda qaldı. Qazaxıstan prezidenti öncə Azərbaycana gəlməklə və azad edilmiş əraziləri ziyarət etməklə Ermənistan səfərini balanslaşdırmışdı. Və hesab etmək olar ki, Qarabağın azad edilməsindən sonra türk dövlətinin Ermənistanla bu qədər yaxınlaşması o qədər də təhlükəli qarşılanmamalıdır, əksinə, Astana Tokayevin də dediyi kimi, Bakı-İrəvan danışıqlarında platforma rolunu oynaya, Ermənistanı regionda sülhə inandıra bilər.

Astana və İrəvanın “qardaşlaşması” da qarşılıqlı maraqlarından irəli gəlir:

- Rusiya ilə eyni ittifaqlarda yer alsa da, Mərkəzi Asiyada oyunçu olmağa çalışan Qazaxıstan Ermənistanı Cənubi Qafqazda iştirakının artırılması vasitələrindən biri kimi görür;

- Moskvadan uzaqlaşmağa çalışan Ermənistan da Qazaxıstanla Rusiya qarşısında təklənməmək üçün yaxınlaşmaq istəyir.

Məsələyə bu aspektdən baxmaq olardı, lakin gerçək hədəflər fonunda Qazaxıstan-Ermənistan xəttində hadisələrin Azərbaycan maraqlarına uyğun olmayan istiqamətdə inkişafı müşahidə edilir.

Tokayevin İrəvana gəlişində əsas hədəf Qərbin Orta dəhliz üzərində dəstəklədiyi Ermənistana məxsus “Sülh qovşağı” layihəsidir. İrəvanda verilən açıqlamalar Qazaxıstanın bu layihəyə maraq göstərdiyi, lakin prosesin hələ “tanışlıq mərhələsində” olduğu yönündə olsa da, Tokayev Bakıya gəlişindən dərhal sonra Astana İrəvanın layihəsinə siyasi dəstəyini elan etmişdi. Qazaxıstan prezidenti Bakını tərk edəndən (11-12 mart) sonra xarici işlər naziri Murat Nurtleu Ermənistana (18 mart) getdi və İrəvanda bəyan etdi ki, “Sülh qovşağı” layihəsi ölkələrimiz üçün son dərəcə vacibdir. Tokayev də Ermənistana getməmişdən bir gün öncə erməni mediasına müsahibəsində “Sülh qovşağı” layihəsinə dəstək ifadə etdi, İrəvanda da bu layihəni alqışladıqlarını bildirdi.

Ermənistanın irəli sürdüyü layihə Azərbaycanın maraqlarına ziddir.

Birincisi, bu layihədə Zəngəzur dəhlizi sıradan çıxır, yaxud Bakının istədiyi ən azı Naxçıvana maneəsiz keçidin “Azərbaycandan Azərbaycana prinsipi” üzərindən verilməsi də nəzərdə tutulmur;

İkincisi, bu, Ermənistana Avrasiyanın nəqliyyat şəbəkəsində üstünlük qazandırır: belə demək mümkünsə, Azərbaycan nəqliyyat şəbəkəsindəki üstünlüyündən Ermənistana pay verir, əvəzində heç nə qazanmır;

Üçüncüsü, “Sülh qovşağı” Bakı və Ankaranın türk dünyasını coğrafiya-nəqliyyat dəhlizləri üzərindən birləşdirmək planlarına da uyğun gəlmir.

Bu kontekstdə Qazaxıstanın bu layihəni dəstəkləməsi suallar yaradır. Hesab etmək olar ki, Astana Bakının maraqlarını nəzərə almadan yer aldığı Orta dəhlizin bu və ya digər formada reallaşmasına çalışır, hərçənd, Paşinyanın “Süln qovşağı” layihəsi Orta dəhlizə alternativ kimi irəli sürülən “Orta dəhliz 2” adlandıra biləcəyimiz planının tərkib hissəsidir. Bu plan amerikalılar tərəfindən irəli sürülüb.

ABŞ Çindən başlayan, Mərkəzi Asiya, Azərbaycan və Türkiyədən keçərək, Avropaya çıxan Orta dəhlizi nəzarətə götürmək istəyir və Mərkəzi Asiyadan başlayaraq, Azərbaycan, Ermənistan və Türkiyədən keçməklə Avropaya çıxan layihəni təkif edir. Bununla:

- Əsas rəqib kimi gördüyü Çinin “Bir kəmər bir yol” layihəsinin qarşısını alır;

- Avropadan Mərkəzi Asiyaya uzanan bu marşut üzərindən təsir imkanlarını Çin sərhədlərinə qədər genişləndirir;

- Ermənistanı plana daxil etməklə Zəngəzur dəhlizini sıradan çıxarır, bununla Rusiyanın iştirakını bloklayır.

Çin və Rusiyaya qarşı olan bu planda qazanan Ermənistan olur. Tokayevin İrəvana səfəri – Ermənistanla yaxınlaşmaq siyasəti bu plandan qaynaqlanır. Görünür, Qazaxıstan Rusiya ilə eyni ittifaqlarda yer alsa da, Çinlə sıx əməkdaşlıq qursa da, Qərblə - ABŞ-la da müəyyən oyunun içindədir. Hərçənd, bunu tamamilə Ermənistanın maraqlarına uyğun həyata keçirməsi qəbuledlməzdir, çünki rəsmi Astana bu layihədə ən azı Bakının Naxçıvana çıxış üçün “Azərbaycandan Azərbaycana prinsipi”ni dəstəkləyə bilər. İrəvanda verilən mesajlar isə bunun əksini göstərir. Tokayevin İrəvanda dediyi “Mən qədim sivilizasiyadan qaynaqlanan zəngin tarixə və mədəniyyətə malik erməni xalqının torpağına xüsusi hisslərlə baş çəkirəm” sözləri də mübahisələndirilə bilər.

Bütün bunların fonunda bir məqam yada düşür: bu ilin yanvar ayında Qazaxıstan və Ermənistan arasında müdafiə sahəsində əməkdaşlıq planı imzalanıb. Sual yaranır: Qazaxıstan Ermənistana silah göndərəcək, yoxsa hansısa silahların verilməsində tranzit rolunu oynayacaq, ümumiyyətlə, Astana İrəvana hərbi baxımdan hansı yardımları edə bilər?

Bakıda Astana və İrəvanın “qardaşlaşması” və yarana biləcək risklər yaxından izlənilir.

Asif Nərimanlı