• 29 Mart 2024
logo
Mətbuat Şurasında “Neft Daşları” qəzetinin əməkdaşları ilə görüş keçirilib

Mətbuat Şurasında “Neft Daşları” qəzetinin əməkdaşları ilə görüş keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasında “Neft Daşları” qəzetinin rəhbərliyi və əməkdaşları ilə görüş keçirilib. Görüş nəşrin 55 illik yubileyi münasibətilə təşkil olunub.

MŞ sədri Rəşad Məcid yubilyar qəzetin Azərbaycan mətbuat tarixində oynadığı rolun əhəmiyyətindən söz açıb. O bildirib ki, respublikamızın neft sanayesinin salnaməsini Neft Daşları kimi möcüzəvi məkanın timsalında yaratmış nəşr böyük inkişaf yolu keçib. MŞ sədri bu prosesdə, eyni zamanda, mətbuat orqanının ənənələrinin yaşadılmasında onun əməksevər zəhmətkeş kollektivinin böyük rolunun olduğunu vurğulayıb. R.Məcid “Neft Daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayevi rəhbərlik etdiyi qurumun diplomu, əməkdaşları - Zahir Mehrəliyevi və Bəhruz Məmmədovu təşəkkürnaməsi ilə təltif edib.

Yubilyar qəzetin baş redaktoru Xeyrulla Ağayev onun tarixi barədə məlumat verib. O, Azərbaycan jurnalistikasında tanınmış bəzi imza sahiblərinin vaxtilə “Neft Daşları”nda fəaliyyət göstərdiklərini, burada püxtələşdiklərini diqqətə çatdırıb. X.Ağayev toplantının təşkilini görə və qəzetin əməkdaşlarının əməyinin qiymətləndirilməsinə görə təşəkkürünü bildirib.

“Neft Daşları” qəzetinin əməkdaşları – Zahir Mehrəliyev və Bəhruz Məmmədov çıxışlarında uzun müddətdir fəaliyyət göstərdikləri qəzeti əsl jurnalistika məktəbi kimi xarakterizə edib, xatirələrini dilə gətiriblər. Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Nail Rəhimzadə isə çıxışında bildirib ki, “Neft Daşları” jurnalistikanın müxtəlif janrlarının qorunub saxlanmasına xidmət etməklə yanaşı, habelə, istehsalat prosesinin yaradıcılığa gətirilməsi kimi çətin missiyanı yerinə yetirməsi ilə fərqlənir.

Görüşdə Azərbaycan jurnalistlərinin tarixi Neft Daşları şəhəri ilə tanışlığının gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu xüsusda media nümayəndələrinin ora mütəmadi səfərlərinin təşkili onların neft sanayemizlə bağlı biliklərinin artırılmasına dəstək baxımından önə çəkilib.