• 5 Fevral 2023
logo
Mətbuat Şurasında Əhməd Obalı ilə görüş keçirildi

Mətbuat Şurasında Əhməd Obalı ilə görüş keçirildi - FOTO / VİDEO

Azərbaycan Mətbuat Şurasında (MŞ) Güney Azərbaycanın milli fəalı, Güney Azərbaycan Televiziyasının (GünazTV) rəhbəri Əhməd Obalı ilə görüş keçirilib.

Yenicag.az xəbər verir ki, görüşdə Mətbuat Şurasının idarə heyəti və üzvləri, həmçinin bir sıra media orqanları mənsubları iştirak edib.

Əhməd Obalını və tədbir iştirakçılarını salamlayan Mətbuat Şurasının sədri Rəşad Məcid Güneydə baş verən prosesləri daima diqqətdə saxladıqlarını qeyd edib.

Əhməd Obalı Cənubi Azərbaycanda son aylarda baş verən proseslərdən danışıb, həmçinin dünən Xudafərin körpüsünə olan səfərinin təəssüratlarını diqqətə çatdırıb.

“Dünən mən Xudafərin körpüsünün yanında elə hisslər keçirdim ki, danışmağa söz tapmadım. Körpünün o biri tərəfini ot basıb, demək olar ki, hərəkət üçün yararsız olub. Bu çox qəribədir. Amma mən inanıram ki, vaxt gələcək körpünün o hissəsi də bərpa ediləcək”, – o vurğulayıb.

Çıxış edən Azər Həsrət Əhməd Obalının rəhbəri olduğu GünazTV-nin ölkəmizdə yayımı məsələsinə toxunub: “Hər gün bizi tənqid edən, əsassız ittihamlarla çıxış edən rus telekanalları bizdə yayımlanır, amma GünazTV yox. GünazTV-nin Azərbaycanda yerüstü yayımın olması hesab edirəm ki, vacibdir. Necə ki AzTV var, GünazTV də olmalı və biz televiziyada GünazTV-yə baxmalıyıq”.

Akif Aşırlı Cənubi Azərbaycandakı prosesləri Türk Dövlətləri Təşkilatları (TDT) müstəvisinə gətirilməsinin vacibliyini qeyd edib: “Təbii ki, bu prosesləri daimi olaraq təhlil etməli, müəyyən nəticələr çıxarmalıyıq. Amal oradakı soydaşlarımızın əllərindən alınan hüquqları və bərpası, azadlığı olmalıdır. TDT-nın gündəmində də, hesab edirəm ki, Güney Azərbaycan məsələsi müzakirə edilməlidir”.

Çıxışlar bitdikdən sonra Əhməd Obalı media nümayəndələrinin suallarını cavablandırıb.