• 29 Mart 2024
logo
Mətbuat Şurasında veteran jurnalist Ənvər Məşədiyevin 80 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

Mətbuat Şurasında veteran jurnalist Ənvər Məşədiyevin 80 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə veteran jurnalist, “Bakı”-“Baku” qəzetinin baş redaktor müavini Ənvər Məşədiyevin 80 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycanda klassik jurnalistika dəyərlərinin yaşadılmasında müstəsna xidmətləri olan qələm adamları ilə bağlı toplantıların təşkilini ənənəyə çevirib. Belə söz sənəti sahiblərindən biri də 80 illik yubileyini qeyd edən Ənvər Məşədiyevdir. “Ənvər Məşədiyev ömrünü-gününü jurnalistikaya həsr etmiş fədakar həmkarımızdır. O, eyni zamanda fəaliyyəti dövründə yalnız bir mətbuat orqanında çalışması ilə də örnəkdir. 1971-ci ildə jurnalistikadakı əmək fəaliyyətinə “Bakı”-“Baku” qəzetindən başlayıb. Uzun müddət nəşrin məktublar şöbəsinə rəhbərlik edib. Hazırda baş redaktor müavinidir. Ənvər müəllim doğma qəzetinə o qədər sidq ürəklə bağlı olub ki, onun irsini yaşadan kitab da yazıb. “Bakı”, axşamın xeyir” adlı kitab ustad Nəsir İmanquliyev irsinə dərin ehtiramın qədirbilənlik nümunəsi kimi də mətbuat tariximizin öyrənilməsinə layiqli töhfədir”, - deyən Ə.Amaşov vurğulayıb ki, Ə.Məşədiyev ölkə ictimaiyyətinə özünün publisistik yaradıcılığı ilə də tanış simadır, müxtəlif mövzularda kitablar müəllifidir. MŞ sədri çıxışının sonunda yubilyar jurnalistə rəhbərli olduğu qurumun fəxri diplomunu təqdim edib.
Toplantıda Azərbaycan Dövlət İnformasiya Agentliyinin baş direktor müavini Dağbəyi İsmayılov, “Bakı-Baku” qəzetinin baş redaktoru Ağahüseyn Hüseynov, filalogiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli, tanınmış jurnalist Zemfira Məhərrəmli, yazıçı-publisist Xeyrəddin Qoca, tanınmış dramaturq və ssenarist Əmir Pəhləvan, “Xalq qəzeti”nin əməkdaşı İlqar Rüstəmov, tanınmış jurnalist Xanlar Əliyev, Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Süleyman Qaradağlı, veteran jurnalistlər Əlipənah Bayramov, Rauf Ağayev və Afaq Abdullazadə, həmçinin MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri Tahir Aydınoğlu, “Ülfət” qəzetinin baş redaktoru Bəyalı Rzayev, Bakı Dövlət Universitetinin professoru Mikayıl Cəfərov, Azərbaycan Jurnalist Həmrəyliyi İctimai Birliyinin rəhbəri Mədət Məmmədov və başqaları həmkar, yaxın dost kimi Ə.Məşədiyev haqqında fikirlərini bölüşüblər. Onlar yubilyarı hər kəsin ərk edə biləcəyi, qayğıkeş, istiqanlı, prinsipial şəxs, gözəl təşkilatçı, həssas insan, nümunəvi ailə başçısı kimi xarakterizə edən cəhətlərə diqqət çəkiblər, xatirələrini bölüşüblər.
Tədbirdə “Bakı” və “Baku” axşam qəzetlərinin Azərbaycan mətbuatı tarixindəki roluna, nəşrlərin qurucusu ustad qələm sahibi Nəsir İmanquliyevin jurnalistikamızda və ictimai fikir tariximizdəki müstəsna əhəmiyyət daşıyan missiyasına, ziyalılıq keyfiyyətlərinə geniş diqqət yetirilib. Mövcud xüsusda N.İmanquliyev məktəbinin məzunu olmuş Ə.Məşədiyev əsl jurnalist, peşəsinə sadiq həmkar olaraq dəyərləndirilib, yubilyarla bağlı səmimi istək və arzular dilə gətirilib.
Sonda çıxış edən Ənvər Məşədiyev özü barədə söylənilən xoş sözlərə, yaradıcılığına verilən yüksək dəyər və qiymətə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.