• 28 Mart 2024
logo
“Rossiya 1” telekanalında Şuşadakı bərpa işləri ilə bağlı reportaj yayımlanıb

“Rossiya 1” telekanalında Şuşadakı bərpa işləri ilə bağlı reportaj yayımlanıb

“Rossiya 1” telekanalında tanınmış jurnalist Dmitri Kiselyovun müəllifi və aparıcısı olduğu “Vesti nedeli” proqramında Azərbaycanla bağlı reportaj yayımlanıb.
“Vesti nedeli”nin 19 iyun buraxılışında yayımlanan və jurnalist Aleksandr Buzaladzenin müəllifi olduğu “Müttəfiq Azərbaycan” (“Soyuznıy Azerbaydjan”) adlı reportaj Bakı, Şamaxı, Füzuli və Şuşada çəkilib.
Müasir Bakı, Azərbaycan paytaxtının inkişafı, Azərbaycandakı rus icması, Azərbaycan-Rusiya müttəfiqlik əlaqələri, 15 iyun - Milli Qurtuluş Günü, ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu və Prezident İlham Əliyevin gördüyü işlər haqqında danışılan reportajda rusiyalı jurnalist Azərbaycanın Ermənistan işğalından azad etdiyi Füzuli və Şuşaya da səfər edib.
Reportajın Füzulidən yayımlanan hissəsində müəllif xarabalıqlar fonunda Qarabağın son 30 ildə viran qoyulmuş vəziyyətdə olduğunu deyib. Buzaladze azərbaycanlıların bu torpaqlara ayaq basmağa başlayandan birinci yolları bərpa etdiyini, Füzuli hava limanını inşa etdiyini diqqətə çatdırıb: “Füzuli aeroportu artıq beynəlxalq reysləri qəbul edir. Dağ yolları bərpa olunur və möhkəmlənir. Təhlükəsizliyi Azərbaycan polisi təmin edir”.
Reportajın Şuşa ilə bağlı hissəsi də maraqlıdır.
“Şuşada bərpa işləri tam sürətlə gedir. Administrasiya binası yenidən bərpa olunub. Tikinti texnikası gecə-gündüz demədən işləyir. Dahi Azərbaycan opera müğənnisi Bülbülün, hansı ki, əslən buradandır, abidəsi və ev muzeyi artıq bərpa olunub”, - reportajda vurğulanıb.
Reportajın ən maraqlı hissəsi isə sonuncu kadrarxası mətnin videosunda, “Şuşa” yazısının fonunda “Vesti Nedeli iz Azerbaydjana” sözlərinin səslənməsi olub.