• 28 İyun 2022
logo
İstanbulda TDT-nin mediadan məsul rəsmilərinin toplantısı keçirilir

İstanbulda TDT-nin mediadan məsul rəsmilərinin toplantısı keçirilir

İstanbulda Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısı işə başlayıb.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin ev sahibliyi ilə baş tutan tədbirdə ölkəmiz Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunur.
İclas heyət arasında media üçün qapalı şəraitdə görüşlərlə başlayıb. Daha sonra tədbirin rəsmi hissəsi keçiriləcək.
TDT-yə üzv dövlətlər, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi üzv Macarıstan ilə Türkmənistanın dövlət rəsmilərinin bir araya gəldiyi toplantının əsas məqsədi türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığı təkmilləşdirməkdir.
Proqram çərçivəsində “Türk dünyasında dövlət diplomatiyasının yüksələn gücü: serialı-film sektoru”, “Türk dünyasının rəqəmsal gələcəyi: Metaverse”, “Türk dünyasının gələcəyə ortaq baxışı işığında yayım sektorunda əməkdaşlıq imkanları”, “Həqiqətdən kənar dövrdə dezinformasiya ilə mübarizə” mövzularında panel iclasların keçirilməsi nəzərdə tutulur.
Proqrama rəsmi nümayəndə heyətləri ilə yanaşı, türk dünyasından media və kommunikasiya qurumlarının rəhbərləri, ekspertlər, sənətçilər, sosial media fenomenləri, alimlər və iştirakçı ölkələrin müxtəlif təhsil müəssisələrinin kommunikasiya fakültələrinin tələbələri qatılacaqlar.

İstanbulda TDT-nin mediadan məsul rəsmilərinin toplantısı keçirilir