• 29 Mart 2024
logo
Aqil Abbas: “18 faiz ƏDV-nin ləğvi qəzetlərə böyük dəstək olacaq”

Aqil Abbas: “18 faiz ƏDV-nin ləğvi qəzetlərə böyük dəstək olacaq”

“Bu gün Nazirlər Kabineti “İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı”nı təsdiqləyib. Beləliklə, Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edildi. Bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas bildirib.
Aqil Abbas deyib ki, Prezidentin Fərmanı ilə ötən ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqi Nazirlər Kabinetinə həvalə olunmuşdu: “Mən bu gün parlamentdə çıxışımda da bu məsələni qaldırmış və Nazirlər Kabinetinin müvafiq qərar verməsini xahiş etmişdim. Bu qərar çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini əsaslı azaltmaqla inkişafına təkan verəcəkdir. Məsələ ilə bağlı ölkənin çap mediası subyektləri rəhbərləri ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində aparılan müzakirələr və yayım şirkətləri ilə görüşlərdə səsləndirilən fikirlər bu yanaşmanı dəstəkləyir. Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişiklik və bu gün imzalanan qərar media sahəsində aparılan əsaslı islahatların ardıcıllığının və vahidliyinin təmin edilməsinin, eləcə də bu sahədə görülən tədbirlərə kompleks yanaşmanın təzahürü olmaqla, çap mediası subyektlərinin və çap məhsullarının yayımını həyata keçirən şirkətlərin səmərəli fəaliyyətinə və iqtisadi dayanıqlılığının artmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək”.
Baş redaktor qeyd edib ki, qəzet kağızının 1 tonunun qiyməti 900 dollardır: “18 faiz ƏDV-nin ləğvi qəzetin hər tonunda 162 dollar, başqa sözlə 288 manatdır. Beləliklə, kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV-nin ləğvi qəzetlərə də böyük dəstək olacaq”.