• 4 Oktyabr 2024
logo
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydası müəyyənləşir

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydası müəyyənləşir

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydası müəyyənləşir.
Bu, Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, kritik informasiya infrastrukturunun təhlükəsizliyi həmin infrastrukturun təhlükəsizliyinə dair tələblərin müəyyən edilməsi, bu tələblərə uyğunluğunun qiymətləndirilməsi və aşkar olunan uyğunsuzluqların aradan qaldırılması, həmin tələblərə müvafiq olan informasiya təhlükəsizliyini idarəetmə sisteminin tətbiq edilməsi, habelə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması vəziyyətinə nəzarətin həyata keçirilməsi yolu ilə təmin ediləcək.
Dövlət sirri təşkil edən məlumatların, habelə fərdi məlumatların toplanılmasını və işlənilməsini həyata keçirən kritik informasiya infrastrukturunun təhlükəsizliyi dövlət sirri və fərdi məlumatlar haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla təmin olunacaq.
Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunacaq.
Eyni zamanda layihəyə əsasən, kritik informasiya infrastrukturu obyektləri müəyyən edilir.
Obyektin funksionallığının pozulmasının aşağıdakı nəticələrə səbəb ola bilməsi onun kritik informasiya infrastrukturu obyekti hesab edilməsinə əsasdır:
- dövlətin müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və müdafiə qabiliyyətinin pozulmasına təhlükənin, habelə ictimai təhlükəsizliyə mühüm təhdidlərin yaranması;
- dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin pozulması, həyat təminatı infrastrukturunun normal fəaliyyət göstərməsinə ciddi maneələrin yaranması, nəqliyyat və kommunikasiya əlaqələrinin kəsilməsi və ya səhiyyə xidmətlərinin göstərilməsinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması nəticəsində əhalinin mühüm təminatlardan məhrum olması;
- iqtisadi və maliyyə sabitliyinin pozulması, dövlət büdcəsinin formalaşdırılmasına əhəmiyyətli zərərin vurulması;
- ekoloji tarazlığın pozulması və ekoloji vəziyyətin kəskin pisləşməsi.
Kritik informasiya infrastrukturu obyektlərinin meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yuxarıda qeyd edilmiş tələblər nəzərə alınmaqla müəyyən ediləcək.