• 19 Aprel 2024
logo
Dilimizin qorunmasında mətbuat daha aktiv olmalıdır

Dilimizin qorunmasında mətbuat daha aktiv olmalıdır

Media və Mülki Cəmiyyət İctimai Birliyinin “Azərbaycan ədəbi dilinin qorunması mövzusunda tədbirlərin təşkili” adlı layihəsi davam edir. Layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində iyunun 28-də Sumqayıt şəhər Mədəniyyət evində “Azərbaycan dilinin aktual problemləri: reallıqlar və perspektivlər” mövzusunda növbəti ictimai müzakirə keçirilib.
Tədbiri layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədovaçaraq layihənin məqsədinin Azərbaycan dilindən daha dolğun, qanunauyğun şəkildə istifadə olunması üçün maarifləndirmə işinin aparılması və ictimai diqqətin bu işə cəlb edilməsindən ibarət olduğunu bildirib. Onun sözlərinə görə, elektron və yazılı KİV-lərdə, televiziyalarda və küçə reklamlarında, mətn, tərcümə və dublyaj işlərində dildən düzgün istifadənin monitorinqinin aparılması, ictimai müzakirələrin təşkili, eləcə də, Azərbaycan dilindən düzgün istifadə edilməsi üçün təkliflərin hazırlanması və aidiyyatı qurumlara təqdim edilməsi həyata keçirilən layihədə qarşıya qoyulan əsas vəzifələrdəndir.

Mövzu ilə bağlı məruzə ilə çıxış edən Avropa.info saytının baş redaktoru, filoloq Rəsul MirhəşimliAzərbaycan dilinin xalqımızın mənəvi varlığını ifadə edən əsas amil olduğunu deyib: “Qədim dillərdən biri olan Azərbaycan dili böyük inkişaf yolub keçib. Dil xalqın özünüqoruma instiktini gücləndirən, xalqı birləşdirən ən etibarlı vasitədir. Azərbaycan dilinin qorunması ilk növbədə hər bir vətəndaşın vəzifəsidir. İnsan hansı dildə düşünürsə, hansı dili daha yaxşı hiss edirsə, ən çox da o dilə bağlı olur. Hər bir insan nə qədər çox dil bilsə belə, ilk növbədə mənsub olduğu xalqımızın dilini bilməyə borcludur”.
Məruzəçi bildirib ki, Azərbaycan dilinin qorunması qanunvericilik aktları, prezident fərmanları və bir çox normativ sənədlərlə tənzimlənir. “Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu”nda nəzərdə tutulur ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci ildə imzaladığı Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərmanı da dilimizin qorunması üçün tədbirlər planının hazırlanmasını nəzərdə tutur.
“Qeyd edək ki, bir çox hallarda televiziya və radio kanallarında dilimizin normalarının kobud şəkildə pozulmasına rast gəlinir. Bəzi televiziya və radio kanallarının aparıcıları verilişlərə məişət danışını gətirir ki, bu da dilimizin korlanmasına səbəb olur. Nəzərə alsaq ki, tamaşaçı və dinləyəcilər üçün televiziya və radio əsas etibarlı mənbə hesab olunduğundan bəzən insanlar dilimizin imkanlarının bəsit olduğunu düşünür. Halbuki Türkiyənin bir çox dilçi alimləri Türkiyə ədəbi dilinin formalaşmasında Azərbaycan ədəbi dilinin müsbət təsiri olduğunu qeyd edirlər”-deyə R.Mirhəşimli qeyd edib.
Onun fikrincə, bu cür neqativ hallar onlayn mediada da özünü göstərir. Xəbər portallarında və saytlarda ismin -“da”, – “də” yerlik hal şəkilçisi ilə “da”, “də” qüvvətləndirici ədatları ilə qarışıq salmaları, bu ədatların söz kökünə bitişik yazılmasını müşahidə edirik. “Çatışmazlıq” sözünü səhv olaraq “çatışmamazlıq”, “ismarış” sözünü “ismarıc” şəklində yazılmasını görürük. Müqayisə edəndə görürük ki, çap mediasında onlayn mediadan daha az səhvlərə yol verilir. Bəlkə bu da onunla bağlıdır ki, çap mediasının hazırlanması bir neçə mərhələdən keçir, cümlələrin düzgünlüyünün təkrar yoxlanılması bu səhvlərin həcmini azaldır. Onlayn media isə xəbəri anında yaymaq kimi missiya daşıyıcı olduğu üçün bəzən sözlərin yazılış şəklinə, söz sırasının qorunmasına, cümlə struktruna o qədər də ciddi fikir verilmir. Mətbuat Şurası və Milli Televiziya və Radio Şurası mütəmadi olaraq, mətbuat vasitələrində yol verilən dil pozuntularını qeydə alır və təhlilini aparır. Xüsusi vurğulayaq ki, dil qaydalarının pozulması yuxarıda qeyd etdiyim dövlət sənədlərinin tələblərinin pozulmasıdır. Azərbaycan dilinin qorunması üçün hər bir vətəndaş daha da məsuliyyətli olmalıdır. Bu işin təbliğində və dilimizin qorunmasında mətbuat daha aktiv olmalıdır.
Qubadlı rayon MKS-in direktoru Müşkünaz xanım Muradova öz çıxışında bildirib ki, hər bir dövlətin mövcud olmasında onun ərazisinin, paytaxtının olması ilə yanaşı, dövlət dilinin də olması vacib şərtdir: “Bu mənada bizim ana dilimiz tarixi baxımdan çox qədimdir. Bu dil ana dilimizdə yazan Füzulinin, Nəsiminin dilidir, bu dil Xətainin dilidir, çünki Xətai Azərbaycan dilini dövlət dili elan etmişdi. Azərbaycan Xalq Cümhuriyyəti qurulanda da Azərbaycan dili dövlət ili elan olunmuşdu və şükürlər olsun ki, bu gün də bizim dövlət dilimiz Azərbaycan dilidir. Bu dili qorumaq bizim hamımızın mənəvi borcudur”.
Sumqayıt Regional Mədəniyyət İdarəsi Qubadlı rayon nümayəndəliyinin baş məsləhətçisi Əmrah Hüseynov öz çıxışında dilində bir canlı orqanizm olduğunu və onun da inkişaf etməsinin vacibliyini qeyd edib: “Mən öz ana dilimiz olduğu üçün demirəm, amma dünya dilləri içərisində Azərbaycan dilindən gözəl, həzin, rəvan, danışdığımız dili incitməyən başqa dil tanımıram. Bir gözəlliyi vəsf eləmək üçün məhz Azərbaycan dilindən istifadə eləmək lazımdır. Nə xoş bizim halımıza ki, bu dildə danışırıq”.
Tarix Diyarşünaslıq muzeyinin direktoru Vaqif Babayev dilimizin çox keşməkeşli bir yol keçdiyini bildirdi. Onun fikrincə, bir əsrdə əlifbamızın 3 dəfə dəyişdirilməsi bunun əyani sübutudur.
Tədbir iştirakçısı Günel Quluzadənin də çıxışı çox maraqlı oldu: “Doğrudur, ədəbi dilimizi qorumaq, formalşdırmaq, zənginləşdirmək, inkişaf etdirmək lazımdır. Amma bu zaman dialektləri necə kənara qoya bilərik? Min illər boyu formalaşmış, həmin dialektlərdə danışan müxtəlif bölgələrin təmsilçiləri olan insanları necə uzaqlaşdıra bilərik ki, gəlin hamınız ədəbi dildə danışın. Mən fikirləşirəm ki, heç olmasa, region televiziyalarının verilişlərində öz ləhcələri, dialektləri ilə danışsınlar. Məsələn, Şəki televiziyasında Şəki ləhcəsində verilişlərin aparılmasının nəyi pisdir ki? Axı niyə öz ləhcələri ilə danışmasınlar, bizi nə utandırır, nə qorxudur, görəsən”?
Digər çıxışçılar da ədəbi dil normalarının qorunmasında, Azərbacan oxucusunun və tamaşaçısının ədəbi-bədii zövqünün formalaşmasında dövlətlə yanaşı, bütövlükdə cəmiyyətin mühüm rol oynaya biləcəyini bildirdilər.