• 5 İyul 2025
logo
“İctimaiyyətin ölkə reallıqları barədə dolğun məlumatlandırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşür”

“İctimaiyyətin ölkə reallıqları barədə dolğun məlumatlandırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşür”

Alim Hüseynli: “Bu missiyanın obyektivliyə, qərəzsizliyə söykənməsi zərurətdir”

Ən əsası, nəzərə alsaq ki, Azərbaycanın uğurlarını qəbul etməyən ermənipərəst dairələr daim ölkəmizə qarşı daim qarayaxma kampaniyası aparırlar. İkili standartdan çıxış edən bəzi dairələr tərəfindən Azərbaycanın qeyri-demokratik ölkə kimi təqdim olunması da aparılan bu qərəzli siyasətin tərkib hissələrindəndir. Belə şəraitdə qələm sahiblərimiz, xüsusən mətbuat məkrli yanaşmalara cavab olaraq Azərbaycanın əldə etdiyi uğurları obyektiv və operativ şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır. Əlbəttə, plüralizmin inkişafı kimi, ölkə daxilində müxtəlif baxışlar, müxtəlif siyasi meyllərin mövcudluğu təbiidir. Bu, hərəkətverici qüvvə kimi hər bir normal cəmiyyətdə olmalıdır. Lakin burada dövlət və milli maraqların üstün tutulması jurnalist peşəkarlığı, ən əsası, onun vətənpərvərlik duyğuları çox vacibdir. Söz, mətbuat azadlığı həmçinin söz, mətbuat məsuliyyətini inkar etməməli, “kim nəyi necə istəyir, elə də yazır” praktikasından imtina edilməlidir.
“Müstəqillik əldə etdiyi gündən inkişaf və demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın fikir, söz və məlumat azadlığının istiqamətdə atdığı addımlar və onların uğurlu nəticələri bəllidir. Artıq demokratiyanın vacib elementlərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən birinə çevrilib. Lakin müstəqilliyimizin ilk illərinə nəzər salsaq həmin dövrdə ölkədə xaos, anarxiya, özbaşınalığın hökm sürdüyünü görərik. Bu vəziyyət, digər sahələr kimi, mətbuata da öz təsirini göstərirdi. Söz, fikir azadlığı boğulur, jurnalistlər fiziki və mənəvi təzyiqlərə məruz qalırdılar”. Bu fikirləri “Xalq Cəbhəsi”nə hüquqşünas Alim Hüseynli bildirib. A.Hüseynli qeyd edib ki, belə bir çətin şəraitdə hakimiyyətə gələn mərhum prezident Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə də diqqətini əsirgəmədi: “1998-ci ildə senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan ulu öndər, imzaladığı sərəncamlarla informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqan və informasiya agentliklərinin, elektron KİV-in, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı: “”Mətbuat cəmiyyətin güzgüsüdür” çağırışı ulu öndərin ən çox dəyər verdiyi ifadələrdən biri idi. Əsl, peşəkar jurnalistlərdən əsas tələbi də bu idi ki, heç vaxt, heç bir ləkə bu güzgünün təmizliyinə, saflığına xələl gətirməsin. Mərhum president Heydər Əliyev söz, fikir, mətbuat və məlumat azadlığının, eləcə də plüralizmin inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu. “Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir” söyləməklə, açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan etdi. Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönələn bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi. İnsanların şəxsi həyatına müdaxilənin aradan qaldırılması, böhtan xarakterli yazıların qarşısının alınması üçün Konstitusiyada olunan bəzi əlavə və dəyişikliklərdə mətbuatla ictimaiyyətin üzərinə düşən vəzifələr bir daha dəqiqləşdirildi. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid təmin olundu. Bu isə şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və beynəlxalq standartların tələblərinə uyğunlaşmasına şərait yaratdı”.
Onun sözlərinə görə, həyata keçirilən bu kimi tədbirlər insan hüquqlarının qorunması istiqamətində atılan ən düzgün addım kimi ölkə ictimaiyyəti tərəfindən də dəstəkləndi. Jurnalistlərin sosial vəziyyəti və mətbu orqanların maddi-texniki bazasının yaxşılaşdırılması, həmçinin digər tədbirlər mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir: “Bunun nəticəsi olaraq ölkəmizdə fikir, söz, mətbuat azadlığı və plüralizm daim inkişaf edir və yüksək səviyyədə qorunur. Dövlət başçısı İlham Əliyevin dəfələrlə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi isə ötən dövr ərzində mətbuatın inkişafına göstərilən diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyərdir. Məlumdur ki, çağdaş dünya dövlətləri arasında gedən açıq və gizli qarşıdurmalar, iqtisadi-siyasi-hərbi müdaxilələr əsasən beş istiqamətdə aparılır. Bunlar su və quru, hava və kosmos, eləcə də virtual aləm vasitəsilə həyata keçirilir. Bu baxımdan müasir texnologiyaya söykənən sonuncu istiqamətin təsir dairəsini önə çəkən dünyanın aparıcı siyasətçilərinin XXI əsri informasiya mübarizəsi əsri adlandırması tamamilə başadüşülən və qəbulediləndir. Məhz bu baxımdan istər respublika, istərsə də beynəlxalq ictimaiyyətin ölkə reallıqları barədə dolğun məlumatlandırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşür. Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, bu missiyanın obyektivliyə, qərəzsizliyə söykənməsinin böyük zərurət olduğu aydın dərk olunur. Ən əsası, nəzərə alsaq ki, Azərbaycanın uğurlarını qəbul etməyən ermənipərəst dairələr daim ölkəmizə qarşı daim qarayaxma kampaniyası aparırlar. İkili standartdan çıxış edən bəzi dairələr tərəfindən Azərbaycanın qeyri-demokratik ölkə kimi təqdim olunması da aparılan bu qərəzli siyasətin tərkib hissələrindəndir. Belə şəraitdə qələm sahiblərimiz, xüsusən mətbuat məkrli yanaşmalara cavab olaraq Azərbaycanın əldə etdiyi uğurları obyektiv və operativ şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır. Əlbəttə, plüralizmin inkişafı kimi, ölkə daxilində müxtəlif baxışlar, müxtəlif siyasi meyllərin mövcudluğu təbiidir. Bu, hərəkətverici qüvvə kimi hər bir normal cəmiyyətdə olmalıdır. Lakin burada dövlət və milli maraqların üstün tutulması jurnalist peşəkarlığı, ən əsası, onun vətənpərvərlik duyğuları çox vacibdir. Söz, mətbuat azadlığı həmçinin söz, mətbuat məsuliyyətini inkar etməməli, “kim nəyi necə istəyir, elə də yazır” praktikasından imtina edilməlidir. Çünki dünyada hüququn, azadlığın sərhədi, balansı var. Bir insanın hüququ digərinin hüququ başlayan yerdə bitir. Burada müxalifətçilik dövlət maraqlarına, xalqın mənafeyinə zidd addımların atılması kimi qəbul olunmamalıdır. Qərbin ikona-şəkil demokratiyasına uyan bəzi saytların cəmiyyətimizdə mövcud olan plüralizmdən istifadə edərək dövlət və cəmiyyətimizi nüfuzdan salmağa çalışması da qətiyyən yolverilməzdir. Çünki belə KİV-lər Qərbdə formalaşan düşüncə və yaşam tərzini cəmiyyətə təqdim etməklə, əslində, özünəməxsus mədəniyyəti olan ölkənin demokratiyanı formalaşdırmasını yox, yad demokratiyanın ölkəni formalaşdırması tezisini müdafiə edirlər. Halbuki, hər bir xalqın dövlət quruluşu, demokratik durumu onun dini, fəlsəfəsi, incəsənəti ilə, ümumiyyətlə, onun mədəniyyəti ilə birgə vahid bir substansiyanı, vahid ruhu əmələ gətirir. Bu vahiddən onun istənilən tərəfini ayırmaq nə qədər zərərlidirsə, ona anti-milli fikri, sözü calaq etmək də bir o qədər zərərlidir. Təəssüf ki, qərbin cazibəsinə düşən bəzi yazarlar onun demokratiya şablonundan çıxmaq imkanından məhrum olaraq milli kimliyini, adət-ənənəsini unutmaq dərəcəsinə enib, daxili problemlərin ölkə xaricində qərəzli müzakirəsinə can atırlar”.
Hüquqşünas qeyd edib ki, mətbuatın cəmiyyətin güzgüsü olduğunu nəzərə alsaq, şübhəsiz ki, problemlərlə bağlı öz sözünü deməlidir: “Amma yanaşma obyektiv olmalı, heç bir qərəzə söykənməməlidir. Elə ölkəmizdə demokratik təsisatların, o cümlədən fikir, söz, məlumat azadlığının, plüralizmin inkişafı istiqamətində lazım olan bütün tədbirləri həyata keçirən Azərbaycan dövlətinin və cəmiyyətin də istəyi budur. Mətbuatın əsas vəzifəsi görülən işləri işıqlandırmaq, neqativləri obyektiv qabartmaq, həllini gözləyən məsələlərin çözülməsinə dəstək olmaqdır. Təbii ki, birgə səylər inkişafa, tərəqqiyə böyük yol açır”.

Əli