• 5 Noyabr 2024
logo
Ədliyyə Nazirliyində “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib

Ədliyyə Nazirliyində “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib

İnsan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi dövlətimizin ən ali məqsədi hesab olunur. Bu məqsədin müəyyənləşdirilməsi, onun həyata keçirilmə mexanizmlərinin işlənilməsi və reallaşdırılması, sözügedən sahədə hüquqi bazanın yaradılması müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
İnsan hüquqlarının təmin olunmasında müstəsna rolu olan məhkəmə hakimiyyətinin KİV ilə əməkdaşlığı müasir dövrdə mühüm əhəmiyyət kəsb edir. Senzuranın ləğv olunması ilə bağlı Ulu Öndərin 1998-ci ildə imzaladığı tarixi Fərmanı mətbuatın inkişafı üçün yeni dövr açıb və Azərbaycan mətbuatı tam şəkildə azad fəaliyyət göstərməyə başlayıb. Bu siyasət Azərbaycan Prezidenti İlham Əliyevin səriştəsi və həssas yanaşması ilə davam etdirilərək mətbuat ölkədə ən sürətlə inkişaf edən, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə təkmilləşən fəaliyyət sahələrindən birinə çevrilib. Bu gün ölkə mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində, hüquqi maarifləndirmə sahəsində mühüm rol oynayır.
Ədliyyə Nazirliyi fəaliyyətində şəffaflığa, aşkarlığa və ictimaiyyətlə əlaqələrə daim böyük önəm verərək kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlıq edir.
Dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel tarixli Fərmanı ilə aidiyyəti qurumların qarşısında mühüm vəzifələr qoyulub. Fərmanın icrası çərçivəsində məhkəmə hakimiyyətinə ictimai etimadın artırılması, məhkəmə fəaliyyətində şəffaflığın artırılması, geniş ictimaiyyətin məlumatlandırılması üzrə işlərin davamı olaraq Məhkəmə-Hüquq Şurasının son iclasında Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədovun təşəbbüsü ilə kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqələrin səmərəli qurulması üzrə təşkilati məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul olunub.
Bununla əlaqədar 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən Məhkəmə-Hüquq Şurası və Azərbaycan Mətbuat Şurası ilə birgə “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib.
Görüşdə Ədliyyə Nazirliyinin aidiyyəti qurumlarının, Məhkəmə-Hüquq Şurasının və Azərbaycan Mətbuat Şurasının rəhbərliyi və əməkdaşları, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, çoxsaylı KİV rəhbərləri və jurnalistlər iştirak ediblər.
Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış edərək Beynəlxalq İnsan Hüquqları Günündə keçirilən tədbirin əhəmiyyətini qeyd edib, demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən insan hüquqlarının təmin olunmasının dövlətimizin ali məqsədi kimi bəyan edildiyini, bu istiqamətdə mühüm addımların atıldığını vurğulayıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə, vətəndaş cəmiyyətinin inkişafına yönələn davamlı tədbirlər görülür, bu sahədə nüfuzlu beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edilir, həmçinin respublikamız 50-dən çox beynəlxalq sənədə qoşularaq beynəlxalq öhdəliklərin həyata keçirilməsi daim diqqətdə saxlanılır.
İdarə rəisi insan hüquqlarının etibarlı təmin olunmasında məhkəmə hakimiyyətinin müstəsna rolunu qeyd edərək məhkəmələrdə mətbuatla əlaqələrə məsul spiker-hakimlərin ayrıldığını diqqətə çatdırıb. Bildirib ki, görüşün məqsədi həmin hakimlərlə tanışlıqla yanaşı, məhkəmələrlə media orqanları arasında əməkdaşlığın genişləndirilməsi, məhkəmə fəaliyyəti barədə əhalinin mütəmadi, dolğun və düzgün məlumatlandırılması məsələlərinin müzakirə olunmasıdır.
Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli medianın məhkəmə fəaliyyətinin, məhkəmə işlərinin işıqlandırılmasında daim maraqlı olduğunu vurğulayıb. Qeyd edilib ki, jurnalistlərin etik davranış Kodeksi mətbuat nümayəndələrinin bu sahədə obyektiv və qərəzsiz fəaliyyəti üçün mühüm əsas yaradır. Ədliyyə Nazirliyinin KİV-lərlə fəal əməkdaşlığın qurulmasına böyük əhəmiyyət verdiyini və bu sahədə səmərəli əməkdaşlığın qurulduğunu deyən M.Ələsgərli keçirilən birgə tədbirlərin bunun bariz nümunəsi olduğunu vurğulayıb.
Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi Elçin Qasımov bildirib ki, məhkəmələrin əsas vəzifəsi insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasıdır. Məhkəmələrdə baxılan işlərin sayı bəzi illərdə yarım milyona çatıb və bu işlər ümumilikdə bir milyona yaxın insanı əhatə edib. Azərbaycanda məhkəmə qərarlarının sabitlik göstəricisinin 90 faizə yaxın olduğunu vurğulayan E.Qasımov dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə görülən kompleks qanunvericilik, institusional və praktiki işlərdən danışıb, həyata keçirilən tədbirlərin mediada geniş işıqlandırıldığını diqqətə çatdırıb. O, məhkəmələrin nüfuzunun artırılması, şəffaflığın təmin olunması üçün KİV təmsilçiləri ilə görüşlərin əhəmiyyətini qeyd edib.
Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynov Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının məhkəmə-hüquq sistemində islahatların dərinləşməsinə xidmət etdiyini bildirib, Məhkəmə-Hüquq Şurasında hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün “qaynar xətt”in yaradılmasını, məhkəmələrin fəaliyyətinə dair mütəmadi monitorinqlərin aparılmasını və məhkəmələrdə bilavasitə vətəndaş qəbullarının keçirilməsinə başlanıldığını qeyd edərək bunun insanların hüquqlarının etibarlı müdafiəsinə yönəldiyini vurğulayıb. Qeyd edib ki, məhkəmə hakimiyyətinə ictimai etimadın artırılmasında media ilə münasibətlərin düzgün qurulması olduqca vacibdir və bu, digər dövlətlərdə də aktualdır. Bununla bağlı ötən il İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən hakimlərin media ilə əlaqələrinin gücləndirilməsinə dair mühüm sənəd qəbul olunub. Bu məsələ Məhkəmə-Hüquq Şurasının iclasında müzakirə olunub və ilkin olaraq Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən məhkəmələrin hər birində media ilə işləyəcək bir hakim, eləcə də Şuranın özündə məsul əməkdaş müəyyən edilib. Həmin şəxslər tədbirdə KİV təmsilçilərinə təqdim olunub.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu insanların öz hüquqlarını bilmələrinin təşviqi baxımından tədbirin önəmini xüsusi vurğulayıb. Konstitusiyaya əsasən, ölkəmizdə məhkəmələrin müstəqil fəaliyyətinin tam təmin olunduğunu qeyd edən H.Babaoğlu məhkəmələrin nüfuzunun artırılması, media ilə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı məlumatlandırılması baxımından hakimlərin, tanınmış hüquqşünasların dövri mətbuatda mütəmadi çıxış etmələrinin zəruriliyini bildirib. H.Babaoğlu məhkəmələrdə media ilə əməkdaşlıq üzrə hakimlərin ayrılmasının mətbuatın Azərbaycanda məhkəmə-hüquq sahəsində inkişaf prosesinə cəlb olunması baxımından önəmini vurğulayıb.
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Ədliyyə Nazirliyinin media ilə əlaqələrini yüksək qiymətləndirib, bu əlaqələrin hakimlərlə qurulmasının əhəmiyyətini qeyd edərək məhkəmələrin fəaliyyətinin ictimailəşdirilməsinin medianın da üzərinə mühüm vəzifələr qoyduğunu bildirib. Son illər Azərbaycanda məhkəmə-hüquq sahəsində mühüm islahatların həyata keçirildiyini diqqətə çatdıran V.Rəhimzadə medianın da bu islahatlar barədə məlumatların ədalətli və operativ qaydada ictimaiyyətə çatdırılmasına maraq göstərdiyini söyləyib.
“SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev tədbirin Beynəlxalq İnsan Hüquqları Günündə keçirilməsi ilə xüsusilə önəmli olduğunu, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə demokratik hüquqi dövlətin qurulduğunu, insan hüquqların etibarlı müdafiə mexanizmlərinin yaradıldığını diqqətə çatdıraraq bildirib ki, bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizi daha da möhkəmləndirməliyik. O, əsas vəzifəsi insan hüquqlarının təmin olunması olan məhkəmə hakimiyyətinin və hüquq-mühafizə orqanlarının fəaliyyətinə ictimai marağın böyük olduğunu qeyd edərək media ilə əməkdaşlığın qurulmasının ölkəmizdə məhkəmə-hüquq sahəsində reallaşdırılan islahatların növbəti mərhələsi olduğunu vurğulayıb.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, Mətbuat Şurasının idarə heyətinin üzvü Elçin Mirzəbəyli, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, Mətbuat Şurasının idarə heyətinin üzvü Azər Həsrət, Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov, vətəndaş cəmiyyətinin təmsilçiləri Səadət Bənənyarlı, Əliməmməd Nuriyev, Əhməd Abbasbəyli və digərləri çıxışlarında məhkəmələrdə mətbuat məsələlərinə məsul şəxsin fəaliyyət mexanizminin qurulması, media tərəfindən məhkəmə prosesinə müdaxilə etmədən fəaliyyətin obyektiv və qərəzsiz işıqlandırılması, hakimlər tərəfindən ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı mediada daha tez-tez çıxışların edilməsi, hakimlər və jurnalistlər üçün birgə müvafiq təlim və seminarların təşkili və digər məsələlərlə bağlı təkliflər səsləndiriblər.