• 25 Aprel 2024
logo
ANS ÇM-ə görə ziyalılar Prezidentə müraciət etdi

ANS ÇM-ə görə ziyalılar Prezidentə müraciət etdi

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan ANS ÇM - 102 FM radiotezliyinin satışı ilə bağlı tender Azərbaycan ictimaiyyətinin narahatlığına səbəb olub. İctimaiyyət nümayəndələri, ziyalılar yaranmış vəziyyətlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər. Müraciətdə deyilir:
Çox hörmətli cənab prezident!
Çox hörmətli Mehriban xanım!

Azərbaycanın yaradıcı ziyalıları və kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı, qorxmaz və cəsur jurnalist, ölkəmizdə reportyor məktəbinin banisi Çingiz Mustafayevin adını daşıyan ANS ÇM – 102 FM radiotezliyinin satılması ilə bağlı tender keçirilməsinə dair dərin narahatlıq və həyəcanla Sizə müraciət edir. Çirkin erməni təbliğatına qarşı mübarizədə silinməz iz qoyan Çingiz Mustafayevin 60 illik yubileyi ərəfəsində Milli Televiziya və Radio Şurası, Avrasiya məkanında müstəqil və özü-özünü təmin edən Kütləvi İnformasiya Vasitələri yaratmaq üçün ilk cəhdlər təcəssüm etdirən kütləvi məlumat institutunu bizim tarixi yaddaşımızdan tələsik silməyə çalışır. FM radiotezlik diapazonu 50-dən çox yeni radiostansiya yerləşdirməyə imkan versə də, Şura, 27 ildir milli qəhrəmanın adını daşıyan radio tezliyini tələsik halda satmağa çalışır. Azərbaycan özünün sürətlənmiş siyasi və iqtisadi inkişafında yeni bir mərhələyə qədəm qoyub və sizin rəhbərliyiniz altında həyata keçirilməyə başlayan çoxşaxəli və genişmiqyaslı islahatlar çiçəklənən ölkəmizin dinamik inkişafında, sözsüz ki, yeni bir mərhələ müəyyənləşdirəcək. Üstəlik, Azərbaycan hələ də düşmənlə sərt və barışmaz informasiya müharibəsindədir. Təəssüf ki, bu tarixi dövrdə bəzi qüvvələr, işğalçının xain gülləsindən həlak olan milli qəhrəmanın adını xaincəsinə silmək cəhdləri ilə ümummilli dəyərləri devalvasiya edirlər. Əgər Qarabağ müharibəsi qəhrəmanlarının adlarını xalqın yaddaşından silirlərsə, cəmiyyət necə yeni qəhrəmanlar yarada bilər? Hər hansı başqa ölkə cəsur bir jurnalistin adını daşıyan radiostansiyası ilə fəxr edərdi. Axı təkcə Çingiz Mustafayevin xatirəsini deyil, eyni zamanda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün qəhrəmanların adlarını unutdurmağa cəhd edirlər.
Dahi Azərbaycanlı Heydər Əliyevdən tutmuş, prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevayadək, bütün Əliyevlər ailəsi Çingiz Mustafayevin Azərbaycan gənclərinin tərbiyəsi və formalaşmasında gördüyü işlərin əhəmiyyətini və qəhrəmanlıqlarını dəfələrlə ən yüksək kürsülərdən çıxışlarında qeyd ediblər. Biz ümid edirik ki, ədalətli qərar qəbul edəcəksiniz, Vətən uğrunda canını fəda edən jurnalistin adının unudulmasına imkan verməyəcəksiniz və ANS ÇM - 102 FM radiostansiyası gələcəkdə də Çingiz Mustafayevin adını daşıyacaq.
Müraciət edən şəxslər:
Azərbaycanın Xalq artisti Afaq Bəşir qızı, Xalq artisti Afaq Məlikova, Xalq artistləri Xuraman və Fidan Qasımovalar, xalq yazıçısı Anar Rzayev, xalq yazıçısı Çingiz Abdullayev, xalq şairi Sabir Rüstəmxanlı, əməkdar artist Fəxriyyə Xələfova, Xalq artisti Mənsum İbrahimov, Xalq artisti Rasim Balayev, rejissorlar Ayaz Salayev, Eldar Quliyev, Oqtay Mirqasımov, Vasif Babayev, Mehriban Ələkbərzadə, tanınmış jurnalistlər Arif Əliyev, Mais Məmmədov, Elbrus Ərud, Qulu Məhərrəmli, Mehman Əliyev, Rauf Arifoğlu, Eynulla Fətullayev, Tofiq Abbasov, Elçin Şıxlı, Xalq artisti Brilliant Dadaşova, Xalq artisti Zülfiyyə Xanbabayeva, Xalq artisti Fəxrəddin Manafov, Xalq artisti Faiq Ağayev, Xalq artisti Nurəddin Mehdixanlı, dirijor Rauf Abdullayev, bəstəkar Cahangir Zülfüqrov, rejissor Cəmil Quliyev, Xalq artisti Murad Dadaşov, aktyor Tahir İmanov, teatr rejissoru Cənnət Səlimova, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elmira Abbaslı, xalq şairi Ramiz Rövşən, tanınmış sənətkarlar Fərid Ələkbərov və Nərminə Vəliyeva, xalq artisti, bəstəkar Siyavuş Kərimi, ictimai xadim Tənzilə Rüstəmxanlı, ölkənin elmi ictimaiyyətinin nümayəndələri: professor Vəfa Quliyeva, professor Bədirxan Əhmədli, professor Valeh Mirzəzadə, professor Solmaz Tohidi-Rüstəmova, Fəlsəfə üzrə fəlsəfə doktoru Rasim Müzəffərli, professor Nəsiman Yaqublu, professor Kamil İbrahimov, tarix elmləri doktoru Firdovsiyə Əhmədova, Xalq artisti Təranə Muradova ...