• 19 Aprel 2024
logo
Yalnız jurnalistlərmi obyektiv, qərəzsiz və vicdanlı olmalıdır?

Yalnız jurnalistlərmi obyektiv, qərəzsiz və vicdanlı olmalıdır?

Niyə məhz Azərbaycan televiziyası?
Obyektiv, qərəzsiz və vicdanlı olmaq yalnız jurnalistlərin deyil, məmurlar başda olmaqla bütün cəmiyyətin ən ali prinsipi olmalıdır...

Bu gün sosial şəbəkələr, eləcə də internet telekanallarının tüğyan etdiyi bir dönəmdə ənənəvi televiziya kanallarının adəti üzrə yalnız məlumatlandırmaq, maarifləndirmək və əyləndirmək kimi öz funksiyalarını yerinə yetirməsi çoxmilyonlu tamaşaçını qane etmir. Elə məhz bu üzdəndir ki, teleseyricilər arasında sosial sorğu keçiriləndə, onların əksəriyyəti “mən yerli televiziya kanallarına baxmıram”, deyə birbaşa öz etirazlarını bildirirlər. Sorğu iştirakçıları bu etirazları ilə əslində ənənəvi televiziya kanallarından daha çox onları narahat edən sosial problemlərin işiqlandırılmasını tələb edirlər. Başqa sözlə desək, əksər insanlar sosial media, həmçinin internet televiziya kanallarına ünvanladıqları sosial xarakterli problemlərinin ənənəvi televiziya kanallarında yayınlandığı zaman daha tez həll olunabiləcəyinə böyük ümid bəsləyirlər. Çünki, tamaşaçılar yaxşı bilir ki, onların problemlərinə biganə yanaşan bəzi məmurlar sosial media və internet telekanallarına heç də ciddi yanaşmırlar. Sözsüz ki, bu yerdə tamaşaçıların haqlı olduğunu qəbul etməmək ən azı ədalətsizlik olar.
Ancaq nəzərə almaq lazımdır ki, ölkə Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində medianın həm də ictimai nəzarət funksiyasını önə çəkməsi, Azərbaycan media qurumlarının, eyni zamanda jurnalistlərinin üzərinə çox ciddi bir vəzifə qoymuş oldu.
Diqqət edin, əgər Prezident, “Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”, deyirsə, demək vətəndaşların sosial problemlərinin işıqlandırılması, həmçinin həll olunmasında obyektiv, qərəzsiz və vicdanlı olmaq yalnız jurnalistlərin deyil, məmurlar başda olmaqla, elə həm də bütün cəmiyyətin ən ali prinsipi olmalıdır.
Əlbəttə, bu sahədə yazılı mediadan fərqli olaraq vizuallığına və təsirlilik gücünə görə ən böyük iş televiziyaların, xüsusən də bir saylı televiziyamız olan Azərbaycan televiziyasının üzərinə düşür. Niyə məhz Azərbaycan televiziyası? Bu suala iki aspektdən yanaşaraq şərtləndirmək olar: birinci, Azərbaycan televiziyası dövlət tərəfindən maliyyələşdirildiyindən o, digər telekanallarda olduğu kimi sosial problemlər adı altında məişət yönümlü məsələləri işıqlandırıb reytinq xatirinə şou yaratmayacaq. İkinci, artıq hər kəsin dilində AzTV kimi səslənən Azərbaycan televiziyası fəaliyyətə başladığı ilk gündən dövlətçiliyə, xalqın dilinə, ictimai-siyasi dünyagörüşünə, milli düşüncəsinə, ədəbiyyatına, tarixinə, musiqisinə və ümumilikdə milli mədəniyyətinə öz töhfəsini heç vaxt əsirgəməyib. Bu mənada xalqla hökumət arasında süni narazılıq yaratmağa cəhd edən bəzi məmurların özbaşınalıqlarının qarşısını almaq üçün, vətəndaşların sosial problemləri məhz bu televiziya kanalında yayınlansa, onun həllinə daha tez nail olunar. Çünki, burada həm də bütün məmurlar ən azı öz sahələri ilə yanaşı, ölkə xəbərlərindən – Prezidentin sərəncamlarından, fərmanlarından və qərarlarından məlumatlı olmaq üçün AzTV-ni mütəmadi olaraq izləyirlər. Bu isə kreslosunu itirmək istəməyən məmurları süründürməçilik hallarına son qoymağa məcbur edəcək.
Bu arada, Azərbaycan televiziyasında əvvəlki dövrlərdən fərqli olaraq baş verən yeniliklərə nəzər yetirməmək haqsızlıq olar. Gəlin etiraf edək ki, bu gün tamaşaçı olaraq digər televiziya kanallarında görə bilmədiklərimizi AzTV-də seyr edə bilirik. Televiziyadan az-çox anlayışı olanlar yaxşı bilir ki, efirə verilən xəbərlər operativliklə yanaşı, həm də dinamikliyi sevir. Artıq bugünkü AzTV illər öncə öz tamaşaçısını standart qəlibə salınmış soyuq “roborta” bənzər teleaparıcılarla qarşılamır. Gün ərzində səkkiz dəfə müxtəlif dillərdə efirə çıxan “Xəbərlər” informasiya proqramının aparıcıları ölkədə və dünyada baş verən olayları bizə yüksək peşəkarlıqla çatdırırlar. Onların xəbəri təqdim edərkən hərəkətli olmaları və yerli-yerində jestlərdən istifadə etmələri, tamaşaçını ekrana cəlb edir və efiri sözün əsl mənasında canlı göstərir. “Xəbər” aparıcılarının nitq etikasına və ya ədəbi dil normalarına riayət etməsi, səs tembri tamaşaçıya həqiqətən də zövq verir. Xarakterindən asılı olaraq hər bir xəbəri duyaraq çatdırmaları isə teleseyriciləri təqdim olunan xəbərdəki hadisənin az qala canlı şahidinə çevirir.
Azərbaycan televiziyasının “xəbər”ində süjetlərini təqdim edən reportyorların yeni, xüsusən gənclərdən ibarət olması da, 66 yaşlı AzTV-ni xeyli gənc və çevik göstərir. Cəsarət Qəmbərli, Leyla Abbasova, Röya Qarabağlı, Vüsal Qaraca, Vasif Acalov və digər gənc reportyorlar öz stendaplarında dinamiklikləri ilə təqdim etdikləri materialı olduqca maraqlı edirlər.
Ölkənin bir saylı televiziyasının proqramları zənginliyi və rəngarəngliyi ilə də digər telekanallardan seçilir. İctimai-siyasi proqramlar redaksiyasının təqdim etdiyi “Günün nəbzi”, elə bu qocaman televiziyanın gənc rəhbəri - Rövşən Rafiqoğlunun təqdimatında hər bazar efirə gedən “Həftə” proqramı, Tofiq Abbasov, Rüfət Həmzəyev, Ətayə Ələmdarqızı və Elnar Məmmədli kimi peşəkar teleaparıcıların təqdimatında “Əsas məsələ” ictimai-siyasi tok-şousu, gənclərin fərdi inkişafını, dünyagörüşünü, təfəkkürünü formalaşdıran “GƏNCSƏN”, tamaşaçıları ölkəmizdə və dünyada baş verən ən maraqlı hadisələrlə, həmçinin bu hadisələrin yaranma səbəbləri ilə tanış edən “BELƏ-BELƏ İŞLƏR", milli-mənəvi dəyərlərimizin qorunmasını təbliğ edən “ƏSLİNDƏ BİZ” və digər bu kimi maraqlı proqramlar AzTV-ni öz tamaşaçılarına daha da yaxın edir.
Ancaq bu teleproqramların sırasında özünəməxsusluğu ilə seçilən “Çıxışa Doğru”, AzTV-nin əsl tapıntısıdır desək, yanılmarıq. Peşəkar telejurnalist Nailə Babayevanın təqdimatında həftədə beş dəfə canlı efirə gedən bu proqramın hər verilişində gündəmdə olan ən aktual məsələlər müzakirə olunaraq, mümkün çıxış yolları axtarılır. Bildiyimiz kimi canlı efirin öz tələbləri və çətinlikləri olur. Ancaq proqramı təqdim edən teleaparıcı televiziya mədəniyyətini özündə əks etdirməyi məharətlə bacarır. Ekspertlərə öz fikirlərini bildirmək üçün eyni şəraiti yaradır. Müzakirələrə bəzi hallarda özü də münasibət bildirsə də, amma etik qaydalara yüksək dərəcədə üstünlük verərək şəxsi mövqeyini digərlərinin mövqeyindən üstün tutmur. Hər kəsin fikrinə hörmətlə yanaşaraq verilişin balansını peşəkarlıqla qoruya bilir. Əlbəttə, televiziya “məhsulu” kollektiv əməyin “məhsulu” olur. Bu mənada canlı efiri təqdim edən kollektiv – redaktor, rejissor, operatorlar və digər texniki heyət istənilən çətinlikdən məharətlə çıxış yolu tapa bilirlər. Bu, heç şübhəsiz ki, onlarının ayrı-ayrılıqda peşəkarlıqlarının göstəricisidir.
Ancaq “Çıxışa doğru”nu tamaşaçıya sevdirən əsas cəhətlərə gəlincə isə, burada tamaşaçıları maraqlandıran məsələlərin müzakirəyə çıxarılması və verilişdə ekspertlərin öz fikirlərini sərbəst, açıq, bir çox hallarda müzakirə mövzusu olan problemə cavabdeh şəxslərin ünvanına haqlı tənqidi fikirlər səsləndirmələrinə şəraitin yaradılmasıdır.
Bu baxımdan yuxarıda qeyd edilən şərtləri əsas götürərək, ölkə Prezidentinin ictimai nəzarət kontekstində medianın üzərinə qoyduğu vəzifənin öhdəsindən şərti adı “İradlar və təkliflər” olmaqla, tamaşaçı məktublarının, video görüntülərinin, telefon bağlantılarının əsasında yeni bir teleproqramın ərsəyə gəlməsini məhz səmərəliliyinə görə Azərbaycan televiziyası həyata keçirə bilər. Nəticədə təqdim edilən proqram ölkədə məmur özbaşınalığına, rüşvətxorluğa və korrupsiyaya qurşanmış, bu xüsusda xalqla hökumət arasında süni narazılıqlar yaratmaq istəyənlərin arzusuna son qoymuş olar.
Mübariz Əhmədov, BSU-nun jurnalistika kafedrasının dosenti, müstəqil jurnalist