• 29 Mart 2024
logo
MEDİA və medianın 1 ili

MEDİA və medianın 1 ili

Medianın İnkişafı Agentliyinin (MEDİA) yarandığı gündən 1 il ötür. Qısa müddətdir və illərdən bəri yığılıb qalmış problemləri nəinki 1 il, hətta islahatların nə dərəcədə sürətlə həyata keçirilməsindən asılı olmayaraq, 5 il ərzində belə həll etmək mümkün deyil. Çünki sektorun iştirakçılarının sayı kifayət qədər çoxdur və belə olduğu təqdirdə, yalnız yuxarıdan aşağı islahatlar aparmaqla arzuolunan nəticələrə nail olmaq inandırıcı görünmür. Bu xüsusda bir məqama da diqqət çəkməyi vacib hesab edirəm. Bunu etiraf kimi də qəbul etmək olar: Media sektorundakı real problemlərin əhəmiyyətli olmasa da, çox mühüm və bəlkə də həlledici hissəsinin ayrı-ayrı media subyektlərinin rəhbərlərinin təqdimatında ön sırada dayanan nəsnələrlə yaxından-uzağa heç bir əlaqəsi yoxdur. Media subyektlərinin bir hissəsi problemlərə və onların həllinə yanaşmada bir çox hallarda tərəf kimi çıxış edir. Hər kəs öz maraqlarından çıxış etməyə, onun və rəhbərlik etdiyi subyektin problemlərinin hamıdan çox olduğunu diqqətə çatdırmağa və son nəticədə “yorğanı” öz üzərinə çəkməyə çalışır. Gerçək problemlərin fundamental önəm kəsb edən hissəsi isə, zənnimcə bütün bu korporativ təqdimatlardan kənarda, gözlə görünməyən, yaxud məqsədyönlü şəkildə gizlədilən detallardadır. Ötən 1 il ərzində gəldiyim qənaət də bundan ibarətdir, hətta ilk baxışda öz ziyanım(ız)a olsa da belə...
MEDİA-nın 1 illik fəaliyyətində təqdir etdiyim ən önəmli cəhət, təsisatın sektordakı problemlərin həllinə mane olan amillərə real mənzərəni tam çılpaqlığı ilə ortaya qoyan baxış bucağından yanaşmasıdır. Mənə görə, MEDİA-nın 1 illik qazancı, arxasında bir çox hallarda korporativ maraqların dayandığı yanaşma və təqdimatları bir kənara qoyaraq, ümumi mənzərəyə bir az kənardan və öz baxış bucağından yanaşmasıdır. Və bu, çox böyük qazancdır!
Bu yazıda hər kəsə bəlli olan ayrıntılara diqqət çəkmək, nələrisə böyütmək, yaxud kiçiltmək niyyətində deyiləm. Hər şey görünə biləcək qədər yaxınlıqda və aydınlıqdadır. Medianın müasir çağırışlara uyğun hüquqi bazasının yaradılması, jurnalistlərin və sektorda çalışan digər peşə sahiblərinin peşəkar vərdişlərinin artırılması, beynəlxalq və real təcrübə mübadiləsi, gəlir və xərclərin optimallaşdırılması, güzəştlərin tətbiqi və digər istiqamətdə həyata keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlər də həmçinin... Nəticələr ölçülə biləndir və hansısa təbliğat maşının “istehsal etdiyi” söz yığını deyil...
...Zənnimcə ötən il ərzində görülən işlərin real nəticələri bu ilin ikinci yarısından etibarən daha aydın şəkildə nəzərə çarpacaq. Həm də tədricən... Addım-addım, hissə-hissə, yaxud ola bilsin ki, daha kiçik ölçüdə... Amma görünəcək. Buna zərrə qədər də şübhə etmirəm.
...Ötən 1 il ərzində MEDİA ilə həm də bir-birimizi anlamağa çalışdıq. Və buna nail olduğumuzu düşünürəm. İndi ədalət hissini heç bir zaman kəsiyində və şəraitdə itirməyən həmkarlarımın ön yarğı “qalxan”larını bir kənara atıb öz işləri ilə məşğul olduqlarını görəndə, sevinirəm. Qənaətimə görə, təkcə MEDİA-nın yox, həm də medianın ötən il, ola bilsin ki, bir az daha artıq zaman ərzində əldə etdiyi ən böyük qazanc, hər kəsin öz işi ilə məşğul olmağa başlamasıdır. Gözlər yollardan yığılıb və redaksiyaların divarlarının sərhədlərinə çəkilib. Hər kəs anlayıb ki, möcüzə bu divarlar arasında baş verməlidir. Dəyişikliklərin, islahatların yolu redaksiyalardan keçir. MEDİA isə bu prosesin iştirakçılarından, yəni bizdən biridir. Vəssalam.
İndi bütün fərqli çalarları və xüsusiyyətləriylə bərabər medianın bir üzü və bir yolu var. Bu yol da BİZ-dən keçir – mediadan və MEDİA-dan...

Elçin Mirzəbəyli
Əməkdar jurnalist,
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru