• 30 Noyabr 2021
logo
Əsgər mundirinin şərəfi

Əsgər mundirinin şərəfi

44 günlük Vətən müharibəsi, sadəcə ərazi bütövlüyümüzün bərpası nəticələnmədi, 30 ilə yaxın zaman kəsiyində doğulduqları, boya-başa çatdıqları yurd yerlərinin həsrətilə yaşayan həmvətənlərimizin niskilinə, ağrı-acılarına son qoymadı, həm də xalqımızın mi illərin sınağından keçiriərək cilaladığı dəyərlərin – mərdliyin, cəsarətin, Vətən təəssübkeşliyinin, əzmin, iradənin, qətiyyətin yenidən əsas qiymətləndirmə meyarına, ölçüyə çevrilməsinə zəmin yaratdı, illərdən bəri cəmiyyətimizə təslimçilik ruhu aşılamaq üçün sırınan qondarma, saxta “dəyərləri” arxa plana keçirdi...

Bəlli oldu ki, biz təkcə yurd yerlərimizin sıx meşələri, sərin bulaqları, gur çayları, dağı-daşı, otunun, gülünün, çiçəyinin, havasının qoxusu üçün darıxmamışıq, yağmalanmış torpaqlarımızla, düşmən tapdağında inləyən əlçatmaz, ünyetməz zirvələrimizlə birlikdə qan yaddaşımıza sığınan dəyərlərimizə təşnə olmuşuq. Biz QÜRUR acı olmuşuq, ÇÖRƏK acı yox...

44 günlük Vətən müharibəsində canını el yolunda fəda edən igidlərimizin, sağlamlığını yurd üçün qurban verən qazilərimizin, düşmənin başına od yağdıran əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı, 200 ildən artıq bir zaman kəsiyində, ən müxtəlif təbliğat vasitələriylə, sıxma-boğmalarla, təzyiqlərlə, düşünən beyinlərimizi, vuran əllərimizi məhv etməklə bizdən alınan, daha doğrusu alınmasına cəhd göstərilən, əslində isə qanımızda qorunan, içimizə qandallanan döyüş ruhumuzun yenidən şahə qaldırdı, əsgər çəkməsi yurda ayaq basanların simgəsinə, Azərbaycan ordusunun, silahlı qüvvələrin şəxsi heyətinin mundiri bayraq-bayraq ucalan qürurumuzun rəmzinə çevrildi, gözümüzə, könlümüzə rahatlıq gətirdi. Dəyər olmağa layiq olanlar dəyərə mindi və təəssüf ki, eyni zamanda xalqın öz ordusuna, əsgər və zabitinə olan nəhayətsiz sevgisindən öz şəxi mənfəəti üçün yararlanmaq istəyən dələduzlərin əlində öz miskin ehtiyaclarını ödəmələri üçün vasitəyə çevrildi...

Və indi, olduqca təhlükəli bir tendensiyanın şahidi oluruq...

Gözümüzün önüdə Azərbaycan xalqının öz əsgərinə, zabitinə, şəhidinə, qazisinə, onların doğmalarına və yaxınlarına olan sevgisinin, dərin ehtiramının istismarına cəhd göstərilir. Müharibənin “M”sının yanından keçməyənlər mediada və sosial şəbəkələrdə Vətən savaşındakı “qəhrəmanlıq”larından danışır, özlərini “xüsusi təyinatlı”, qazi, şəhidlərin doğmaları kimi təqdim edir, xidmət etmədikləri hərbi qurumların geyimlərində poz verir, Azərbaycan xalqından layiq olmadıqları sevgi və ehtiram dilənirlər...

Gözümüzün önündə hər anı qəhrəmanlıq səlnaməsi olan Vətən müharibəsinin gedişatı təhrif olunur, qürur duyulası gerçəkliklər bər-bəzəkli yalanlarla pərdələnir, müqəddəs savaşımızın reallıqla yaxından-uzağa əlaqəsi olmayan saxta mənzərəsi formalaşdırılır.

İctimai qınaq artıq öz təsirini itirib və bir çox hallarda həqiqətlə gerçəklik arasındakı fərqi müəyyənləşdirmək də mümkün olmur. Məhz bu baxımdan, həm də Şərəf və Qürur tariximizin gözdən salınmaması üçün, Vətən Müharibəsini, Silahlı Qüvvələrimizin, Azərbaycan Ordusunun və onun elit bölmələlərinin, əsgər və zabitlərimizin şərəfli adının qanunvericilik səviyyəsində qorunmasına, milli qürur mənbəyimizdən sui-istifadəyə cəsarət edənlərin cəzalandırılmasına ehtiyac var. Hərbçi olmayan şəxslərin hərbi formadan və atrubutlardan istifadəsi təcrübəsinə son qoyulmalıdır. Hərbi xidmətini başa vuraraq ehtiyata buraxılan şəxslər də artıq başa düşməlidirlər ki, onlar harada və necə xidmət etmələrindən asılı olmayaraq, mülki vətəndaşdırlar və qanunla hərbi forma daşımaq hüququna sahib deyillər.

Bu məqam, Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnaməsinin 1-ci fəslinin ilk müddəasında da öz əksini tapıb. Sözügedən müddəada qeyd olunur ki, “Hərbi geyim forması – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin (bundan sonra Silahlı Qüvvələr) şəxsi heyəti və hərbi litseyin kursantları üçün müəyyən edilmiş, hərbi qulluqçuların hərbi geyim predmetləri, fərqləndirmə nişanları və hərbi ləvazimatlarının komplektidir”. Vəsalam! Bu məsələdə istisnaya yol vermək olmaz. Çünki istənilən istisna yeni presidentlər yaradacaq.

Narahatlıq doğuran başqa bir məqam, keçmiş əsgərlərin bir çox hallarda "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnaməninin tələblərini kobud şəkildə pozmaları, hərbi geyimi mülki geyimlə sintez etmələridir. Təhrif olunmuş hərbi geyimlərin estetik baxımdan xoşagələn olmadığını, bəzən isə ikrah doğurduğunu, düşünürəm ki, bir çoxumuz dilə gətirməsək də ağlımızdan keçiririk. Bu sıraya hərbçiyə yaraşmayan davranışları, qeyri-ciddi və yüngül hərəkətləri də əlavə etsək, “mənzərə” tamamilə aydın olur.

İctimai qınaqla problemin həllinə tam nail olmaq mümkün deyil. Bu istiqamətdə edilən cəhdlər, bir çox hallarda məsələnin mahiyyətini dərk etmən, yaxud dərk etmək iqtidarında olmayan insanların, bəzən isə qarşısına Azərbaycan Ordusunu gözdən salmaq hədəfi qoyulan sosial şəbəkə “trol”larının linçetmə kampaniyaları ilə yekunlaşır.

İctimai qınaq olmalıdır, şübhəsiz. Həm də əsaslandırılmış, təhqirdən uzaq üslubda. Amma problemin hüquq müstəvisində həlli, daha dəqiq desəm, yazıda sadalanan neqativ halların qarşısının alınması üçün hüquqi mexanizmlərin tətbiqi zəruridir. Bu baxımdan, İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi istisnasız olaraq tətbiq edilməlidir. Sözügedən maddədə qeyd olunur ki, “Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir”.

Qeyd edim ki, İnzibati Xətalar Məcəlləsinin sözügedən maddəsi hələ də qüvvədədir və tətbiq olunmasını məhdudlaşdıran hər hansı bir rəsmi qərar, yaxud prosedur yoxdur. Azərbaycan hüquqi dövlətdir və qanun qarşısında hər kəsin bərabərliyinin təmin edilməsi hüquqi dövlətin ən vacib şərtlərindən biridir. Məhz bu səbəbdən, İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi də digər hüquqi-normativ aktların müvafiq müddəaları kimi, istisnasız olaraq təbiq edilməlidir.

Qeyd edim ki, dünyanın bütün ölkələrində mülki şəxslərin hərbi geyim daşımasına icazə verilmir. Cərimələr isə müxtəlifdir. Məsələn, Ukraynada mülki şəxslər hərbi geyimdən istifadə etdikləri halda, 220 AZN (3400 qrivna) cərimə ödəməlidirlər. Eyni hal təkrarlandıqda, cərimənin məbləği 440 manata (6800 qrivna) qədər artırıla, yaxud 30-40 günlük ictimai işlərə cəlb edilməklə əvəzlənə bilər.

Xatırladım ki, ABŞ, Kanada və digər ölkələrdə mülki şəxslərin hərbi geyimlərdən və atributlardan istifadəsi qadağan olunmaqla yanaşı, bu geyimlərin satışına da ciddi məhdudiyyətlər tətbiq edilir. Və bu ölkələrdə hərbi geyimlərdən qanunsuz istifadə, həmçinin onların xüsusi icazə olmadan satışı cinayət məsuliyyətilə təqib edilir. Həm də belə qanun pozuntularına görə yalnız sıravi vətəndaşlar yox, çəkdikləri filmlərdə, yaxud televiziya proqramlarında hərbi geyimlərdən müvafiq dövlət qurumlarının rəsmi icazəsi olmayan istifadə edən kino və televiziya şirkətləri də cinayət məsuliyyəti daşıyırlar.

Düşünürəm ki, hərbi geyimlərin satışı ilə bağlı ABŞ və Kanadanın təcrübəsini Azərbaycanda da tətbiq etmək mümkündür və bəlkə də zəruridir. Ən azından hərbi geyimlərin satışı ilə məşğul olan ticarət obyektlərində Xüsusi Təyinatlı Qüvvələrin hərbi formasının satışına məhdudiyyət tətbiq edilməlidir. Bütövlükdə isə uniforma ilə bağlı bütün hüquqi-normativ aktlara yenidən baxılmalı, mülki şəxslərin Azərbaycan Silahlı Qüvvələrinin, yaxud hərbiləşdirilmiş, yarımhərbiləşdirilmiş qurumların geyimlərindən istifadə təcrübəsinə son qoyulmalıdır.

Əsgər və zabitlərimiz Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə bizim şərəfimizi qoruduqları kimi, biz də təkcə əsgər və zabitlərimizin yox, həm də onların mundirlərinin şərəfini qorumalıyıq. Müzəffər Azərbaycan Ordusunun qələbəsinin bizı bəxş etdiyi döyüş ruhuna, əsgərə, zabitə, orduya olan sevgiyə azacıq da olsa xələl gətirən, hərb sənətini gözdən salan bütün neqativ halların qarşısı alınmalıdır. Bunu bizdən bir millət və dövlət olaraq, qarışımıza qoyduğumuz böyük hədəflər tələb edir.

Elçin Mirzəbəyli

Əməkdar Jurnalist, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru