• 29 Mart 2024
logo
MŞ-da intiharların mediada işıqlandırılması ətrafında müzakirə aparılıb

MŞ-da intiharların mediada işıqlandırılması ətrafında müzakirə aparılıb

Azərbaycan Mətbuat Şurasında (MŞ) yaradılmış, tərkibində 17 dövlət qurumunun təmsil olunduğu İşçi Qrupun üzvlərinin intihar və intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə KİV rəhbərləri ilə görüşü keçirilib.
MŞ-dan verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov bildirib ki, intihar və intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorunun təşəbbüsü ilə yaradılmış İşçi Qrupun üzvlərinin media təmsilçiləri ilə təmasları vacibdir: “Bugünkü toplantı da belə təmasın yaradılması, mövcud sahədəki problem və çətinlikləri birgə müzakirə etmək və çıxış yolları müəyyənləşdirmək məramından irəli gəlir. Biz bəzən medianın intihar hallarına geniş yer ayırdığını görürük. İntihar və intiharı doğuran səbəblər mediada necə işıqlandırılmalıdır? İctimaiyyət bu barədə hansı tərzdə informasiyalar əldə etməlidir? İntiharın ictimai yükü varmı? Necə fəaliyyət göstərilməlidir ki, media materialı intiharı təbliğ edən vasitə təsiri bağışlamasın? Bu kimi məsələlər son dərəcə vacibdir”. Ə. Amaşov onu da bildirib ki, intihar mövzusu bəzən müəyyən KİV tərəfindən manipulyasiya predmetinə çevrilir. Belə xoşagəlməz halların qarşısının alınması üçün mövcud sahədə maarifləndirməyə və digər qabaqlayıcı tədbirlərə ehtiyac duyulmaqdadır.
Şura sədri mövcud istiqamətdə rəhbərlik etdiyi qurumla sözügedən işçi qrupun səmərəli əməkdaşlıq göstərməsi zərurətinə də toxunub.
MŞ-nin icraçı katibi, intihar və intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə yaradılmış İşçi Qrupun üzvü Şəmsəddin Əliyev çıxışında dünyada intiharlarla bağlı statistika ilə Azərbaycan reallığı arasında paralel aparıb. O bildirib ki, ölkəmizdə il ərzində 500 intihar hadisəsi baş verib. Bu rəqəm dünya dövlətləri ilə müqayisədə kiçik sayılsa da, narahatlıq üçün əsaslar verir.
İntiharı və intihara cəhdi doğuran səbəblər barədə danışan Ş. Əliyev bu baxımdan alkoqol asılılığını, narkotik maddə aludəçiliyini önə çəkib.
O, həmçinin bildirib ki, intihar və intiharı doğuran halların araşdırılması üçün ayrıca elmi-tədqiqat mərkəzinin yaradılması daha faydalı olardı.
Ş.Əliyev onu da vurğulayıb ki, intihar halları birbaşa Baş Prokurorluq tərəfindən araşdırılır və mediaya onunla əlaqədar məlumatın bu dövlət orqanı tərəfindən nəzərdən keçirildikdən sonra verilməsi məqsədəuyğundur.
Görüşdə müxtəlif media qurumlarının baş redaktorları iştirak edib və mövzu ilə bağlı fikirlərini ifadə ediblər.