• 25 Aprel 2024
logo
Gürcüstandan olan jurnalistlər və blogerlər Gəncəyə səfər ediblər

Gürcüstandan olan jurnalistlər və blogerlər Gəncəyə səfər ediblər - FOTO 

Gürcüstandan olan media nümayəndələri və blogerlər Gəncəyə səfər ediblər.
APA-nın yerli bürosunun məlumatına görə, onlar Vətən müharibəsi dövründə Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, mülki insanlara qarşı törədilən hərbi cinayətlərin nəticələri ilə tanış olublar.
Qonaqlar erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüblər. Qonaqlara cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin ümumilikdə 8 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raket zərbələri ilə atəşə tutulması barədə məlumat verilib. Bildirilib ki, dinc sakinlərin sıx yaşadığı ərazilərə raket atılması nəticəsində 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın olmaqla 26 dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb.
Həmçinin bildirilib ki, 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib. Raket hücumları nəticəsində Gəncənin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüblər.