• 19 Aprel 2024
logo
“Mediada xəbərlərin keyfiyyəti aşağıdır”

“Mediada xəbərlərin keyfiyyəti aşağıdır”

Qulu Məhərrəmli: “Bəzən xəbərlərə yersiz, düşük, bayağı, sensasiyalı başlıqlar qoyulur”

“Bu gün Azərbaycan saytlarının əksəriyyəti xəbər üzərində köklənib”. Saytların missiyası xəbərçilikdir. Amma bu xəbər işi nə dərəcədə peşəkar həyata keçirilir?”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, professor Qulu Məhərrəmli deyib. O, “Təbii ki, bizim peşəkar saytlarımız da var”,- deyə bildirib: “Onların əməkdaşları jurnalistikada o ənənəni mənimsəyiblər. Ona görə də bunların verdiyi xəbərlər keyfiyyətlidir. Təəssüf ki, son illər yaranan saytların çoxu xəbər texnologiyasını mənimsəyə bilməyib. Hansı xəbəri seçmək lazımdır? Bu xəbər cəmiyyətə verilməlidirmi? Bu xəbərin verilməsi, yoxsa verilməməsi lazımdır? Bu xəbərdən cəmiyyətə nə fayda var? Hər hansı bir xəbər yayılarkən bu parametrlər göz önünə gətirilməlidir. Ona görə ki bu sualların hamısı xəbər parametrləri, keyfiyyətli xəbərin şərtləri üzərində qurulub. Bu baxımdan deyə bilərik ki, xəbərlərin keyfiyyəti aşağıdır. İkinci bir məsələ bəzi məsələlərin cəmiyyətə xəbər kimi sırınmasıdır. Bizim hansı xəbəri seçməyimizlə bağlı dəqiq kriteriyalar var. Peşəkarlıqla yanaşı onlayn media hər dəqiqə xəbər yenilənməsinə cəhd göstərir ki, bu da bəzən keyfiyyətsiz xəbərlərin yayımlanmasına yol açır. Ona görə də saytlarda xəbərlər bir-birinə bənzəyir, bir mənbənin yaydığı xəbərləri saytlar öz xəbəri kimi yayır. Bunlar da təbii ki, müəyyən problemlərə yol açır. Mənə elə gəlir ki, xəbərçilik məsələsində biz müəyyən məqamları daim gündəmdə saxlamalıyıq. Birincisi saytların və reportyorların mütləq özəl xəbərləri olmalıdır. İkincisi auditoriyaya çatdırılan xəbərlər xəbər parametrlərinə uyğun gəlməlidir, yəni keyfiyyətli olmalıdır. Üçüncüsü ən ciddi məsələ xəbərlərin təqdimatıdır. Mən necə edim ki, bu xəbəri çox adam oxusun düşüncəsi ilə davranılır. Bəzən yersiz, düşük, bayağı, sensasiyalı başlıqlar qoyulur, amma mahiyyət etibarilə görürüsən ki, adi bir xəbərdir. Yəni xəbərin üslubunu mənimsəyərək təqdim etməliyik. Bunlara əməl etsək, hesab edirəm ki, keyfiyyətli xəbərlər istehsal edə bilərik”.

“Analitik materiallar hazırlamaq peşəkarlıqlıq, analitik təfəkkür və məntiq tələb edir”

Digər janrların azlığı ilə bağlı məsələyə toxunan Qulu Məhərrəmli “təbii ki, xəbərdən fərqli olaraq analitik materiallar hazırlamaq, təhlillər yazmaq bilik, peşəkarlıq, intellektual yanaşma, analitik təfəkkür və məntiq tələb edir”, - deyə vurğulayıb. Q.Məhərrəmli bildirib ki, çap və digər media quruluşlarında bu keyfiyyətlər olmayanda istər-istəməz analitika azalır: “Mən yeri gəlmişkən araşdırma məsələsinə də toxunmaq istəyirəm. Bizim mediada demək olar ki, araşdırma tipli materiallar yoxdur. Düzdür, bəzən araşdırma adı ilə adi təhil yazılar olur. Amma araşdırma materialı tamam fərqlidir. Araşdırma odur ki, o məsələ ilə bağlı cəmiyyətə məlumatlar verilmir, jurnalistin fərqli yanaşması ondan ibarətdir ki, onu tapsın, araşdırsın, təhlil eləsin və auditoriyaya çatdırsın. Dünyada araşdırma ən böyükl peşəkarlıq, analitik təfəkkür və müəyyən geniş əlaqələrin, təməl xəbər mənbələrinin olmasını tələb edir. Ona görə də arzu edərdim ki, mediamızda araşdırma tipli yazılar olsun. Başa düşürəm, bu çətindir, təhlükəlidir və jurnalistikanın ümumi səviyyəsini nəzərə alsaq təbii ki, problemləri aydın şəkikldə görə bilirik”.

“Hər şeyi məqsəd müəyyənləşdirir”

Dezinformasiyaların və qərəzli məlumatların yayılmasına gəlincə Qulu Məhərrəmli diqqətə çatdırıb ki, ümumiyyətlə hər şeyi məqsəd müəyyənləşdirir: “Məqsəd hansısa məsələ haqqında məlumat verməkdirsə bunu dürüst etməlisiniz. Yox əgər, sensasiya yatratmaq, qərəzli olmaq, kiməsə guya əzələ nümayiş etdirmək istəyirsinizsə, qərəzlisiniszə bilərəkdən faktları təhrif edir, dezinformasiya yayrsınız”. Onun sözlərinə görə, bu jurnalist etikasına ziddir və redaktorlar belə halların qarşısını almalıdırlar: “Jurnalistika istehsal prosesi baxımından daim hərəkətdə olan bir sahədir. Yəni bu mexanizm daim işləyir. Eləcə də bu mexanizmdə daim çalışan, onun elementi olan jurnalistlər, reportyorlar daim öz üzərlərində işləməli, peşəkarlıq səviyyələrini artırmalıdırlar. Bunun müxtəlif yolları var. Bu redaksiya daxilində, jurnalist təşkilatları səviyyəsində, müəyyən layihələrdə iştirak səviyyəsində də ola bilər. Önəmli olan odur ki, jurnalistlər daim biliklərini artırmalıdır və yeniliklərdən xəbər tutmalıdır. Çünki indi jurnalistika həm mürəkkəb ictimai münasibətlər sistemində irəliləyib, həm də olduqca maraqlı texnoloji şəraitdə çalışır. Bu texnoloji şərait, həm də cəmiyyətdən irəli gələn qeyri-adekvat şərait jurnalisti məcbur edir ki, daim öz üzərində çalışsın, özünün peşə biliyini, yazdığı sahələrlə bağlı olan spesifik bilikləri artırsın. Onda jurnalistin yazdıqları, normal qarşılanır və təbii ki, onun adı, şöhrəti də yüksək olur. Buna diqqət yetirilməlidir”.

Əli Zülfüqaroğlu