• 17 Sentyabr 2021
logo
“Saytların çoxu xəbər texnologiyasını mənimsəyə bilməyib”

“Saytların çoxu xəbər texnologiyasını mənimsəyə bilməyib”

Qulu Məhərrəmli: “Xəbərlərin keyfiyyəti aşağıdır”

“Bu gün Azərbaycan saytlarının əksəriyyəti xəbər üzərində köklənib”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, professor Qulu Məhərrəmli deyib. O, bildirib ki, saytların missiyası xəbərçilikdir: “Amma bu xəbər işi nə dərəcədə peşəkar həyata keçirilir? Təbii ki, bizim peşəkar saytlarımız da var. Onların əməkdaşları jurnalistikada o ənənəni mənimsəyiblər. Ona görə də bunların verdiyi xəbərlər keyfiyyətlidir. Təəssüf ki, son illər yaranan saytların çoxu xəbər texnologiyasını mənimsəyə bilməyib. Hansı xəbəri seçmək lazımdır? Bu xəbər cəmiyyətə verilməlidirmi? Bu xəbərin verilməsi, yoxsa verilməməsi lazımdır? Bu xəbərdən cəmiyyətə nə fayda var? Hər hansı bir xəbər yayılarkən bu parametrlər göz önünə gətirilməlidir. Ona görə ki bu sualların hamısı xəbər parametrləri, keyfiyyətli xəbərin şərtləri üzərində qurulub. Bu baxımdan deyə bilərik ki, xəbərlərin keyfiyyəti aşağıdır. İkinci bir məsələ bəzi məsələlərin cəmiyyətə xəbər kimi sırınmasıdır. Bizim hansı xəbəri seçməyimizlə bağlı dəqiq kriteriyalar var. Peşəkarlıqla yanaşı onlayn media hər dəqiqə xəbər yenilənməsinə cəhd göstərir ki, bu da bəzən keyfiyyətsiz xəbərlərin yayımlanmasına yol açır. Ona görə də saytlarda xəbərlər bir-birinə bənzəyir, bir mənbənin yaydığı xəbərləri saytlar öz xəbəri kimi yayır. Bunlar da təbii ki, müəyyən problemlərə yol açır. Mənə elə gəlir ki, xəbərçilik məsələsində biz müəyyən məqamları daim gündəmdə saxlamalıyıq. Birincisi saytların və reportyorların mütləq özəl xəbərləri olmalıdır. İkincisi auditoriyaya çatdırılan xəbərlər xəbər parametrlərinə uyğun gəlməlidir, yəni keyfiyyətli olmalıdır. Üçüncüsü ən ciddi məsələ xəbərlərin təqdimatıdır. Mən necə edim ki, bu xəbəri çox adam oxusun düşüncəsi ilə davranılır. Bəzən yersiz, düşük, bayağı, sensasiyalı başlıqlar qoyulur, amma mahiyyət etibarilə görürüsən ki, adi bir xəbərdir. Yəni xəbərin üslubunu mənimsəyərək təqdim etməliyik. Bunlara əməl etsək, hesab edirəm ki, keyfiyyətli xəbərlər istehsal edə bilərik”.

Əli Zülfüqaroğlu