• 25 Aprel 2024
logo
"Report" İnformasiya Agentliyinin 5 yaşı tamam oldu

"Report" İnformasiya Agentliyinin 5 yaşı tamam oldu

Hazırda ölkə mediasında özünəməxsus yer tutan və mötəbər xəbər mənbələrindən biri sayılan Report İnformasiya Agentliyi 5 yaşını tamamlayır. 5 ildir, oxucuları ən son yeniliklərlə, ölkə və dünya gündəmi ilə bağlı ən qaynar xəbərlərlə təmin edən agentliyin fəaliyyətini dəyərləndirmək, redaksiya mühitini, xəbər mətbəxini işıqlandırmaq üçün musavat.com olaraq biz də həmkarlarımızın qapısını döydük. "Report"un kollektivi müxtəlif ünvanlarda gələn təbrikləri qəbul etməkdə, 5 yaşın həyəcanını yaşamaqda idi. Bununla belə, operativ iş, xəbər istehsalı da davam edirdi və hər kəs kompüteri qarşısında öz sahəsi ilə bağlı son yenilikləri axtarırdı. Bizi agentliyin redaksiyası ilə tanış edən "Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev bildirdi ki, yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsədlər ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto və video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub və ötən 5 ildə bu məqsədlərə nail olunub: "İlk gündən eksklüziv xəbərlərə üstünlük verdiyimizdən, "Report" hazırda əksər yerli saytlar üçün etibarlı istinad mənbəyinə çevrilib. Günümüzdə "Report"un özəl xəbərlərini gün ərzində 100-dən çox yerli və xarici mötəbər KİV-lər istinadla dərc edir". M.Əliyev vurğuladı ki, hazırda "Report"un işğal olunmuş ərazilər istisna olmaqla, bütün ölkə ərazisində müxbir postları mövcuddur: "Bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir. Agentliyin Gürcüstan, Rusiya, Türkiyə və Fransada fəaliyyət göstərən xüsusi büroları isə həmin ölkələrdə baş verən mühüm hadisələri, iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı məqamları, orada yaşayan azərbaycanlıların fəaliyyətini diqqətlə izləyir, müxtəlif səpkili yazılar hazırlayırlar. "Report" agentliyinin öz fəaliyyətində xüsusi diqqət ayırdığı məsələlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı proseslərin əhatəli işıqlandırılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu məqsədlə il ərzində 24/7 formatında fasiləsiz çalışan Report.az saytında dərc olunan xəbərlər, şərhlər rus və ingilis dillərinə operativ şəkildə tərcümə olunur". Qeyd edək ki, "Report" informasiya agentliyi xəbərləri Azərbaycan, rus və ingilis dillərində dərc edir. Hər gün saytda yerləşdirilən 200-ə yaxın xəbər, analitik yazılar digər dillərə tərcümə olunur. Agentliyin tərcümə şöbəsinin əməkdaşlarının peşəkarlığı və operativliyi sayəsində həm Azərbaycanın, həm də region və dünyanın ən aktual xəbərləri geniş auditoriyaya çatdırılır. Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımdan xüsusi əhəmiyyət kəsb edən tərcümə prosesinə agentlikdə xüsusi diqqət ayrılır. Redaksiyada həmsöhbət olduğumuz digər "reportçu"lar "Report"un daxili siyasət şöbəsinin redaktoru İmdad Əlizadə, agentliyin daxili siyasət şöbəsinin redaktoru Pərvin Abbasov, "Report"un rus dili redaksiyasının redaktoru Viktoriya Lebedeva, həmin bölmənin redaktoru Ellada Hacıyeva, agentliyin iqtisadiyyat şöbəsinin redaktoru Namiq Hüseynov da ötən 5 ildə qazandıqları uğurlardan bəhs edərək, bu media qurumunun peşəkarlıq kriteriyalarına üstünlük verdiyini və etibarlı xəbər mənbəyi kimi qazandıqları inamı qorumalı olduqlarını vurğuladılar. Daha ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.