• 13 İyul 2025
logo
Qılıncla qələmin vəhdəti

Qılıncla qələmin vəhdəti

44 günlük Vətən müharibəsi təkcə Böyük Qələbə ilə yekunlaşmadı, həm də xalqımıza, dövlətimizə, ordumuza tarixin heç bir dönəmində nəzərə çarpmayan və əbədiyyətə qədər davam edəcək birlik, bərabərlik, bütövlük qazandırdı. Ali Baş Komandanın əmri ilə Azərbaycan Respublikasının vətəndaşları, dünyanın müxtəlif ölkələrində, tarixi vətənlərində yaşayan soydaşlarımız, qəlbi Azərbaycan sevdasıyla döyünən həmvətənlərimiz ən uzaq məsafələrdən belə dəmir yumruq kimi və DƏMİR YUMRUQla bütövləşdilər. Bu gün üçrəngli bayrağa tapınan, onun daim zirvələrdə dalğalanmasını arzulayan hər kəs müqəddəs Zəfərimizlə bərabər MİLLİ BİRLİYİMİZin, mənəvi bütövlüyümüzün, döyüş əzmimizin qürurunu yaşayır!

44 günlük müqəddəs Vətən savaşında qələmini süngüyə çevirib düşmənlə döyüşə atılan, qələminə sarılıb qələbəyə aparan yolara ayna tutan, düşmənin misli görünməmiş vəhşiliklərini ən qaynar nöqtələrdən dünyaya təqdim edən media nümayəndələri gecə-gündüz bilmədən, hansı missiyanı yerinə yetirmələrindən asılı olmayaraq, sözün bütün mənalarında cəngavər kimi savaşdılar, döyüş meydanında da, informasiya məkanında da müzəffər Ordunun qalib əsgərlərinə çevrildilər. Onların xidmətləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi və dövlətimizin orden və medalları ilə təltif olundular...
Ayrı-ayrı dövlət qurumları, o cümlədən daim media nümayəndələrilə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması üçün yaxından və faydalı əməkdaşlıq edən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də bu ənənəni davam etdirərək, müharibə və informasiya savaşının qaliblərini, müqəddəs Zəfər yolunda canını fəda edən media təmsilçilərinin doğmalarını daim diqqət mərkəzində saxladı, həm xoş, həm də çətin anlarında onlarla birlikdə oldu.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Milli Mətbuatımızın 146-cı ildönümü ərəfəsində də öz missiyasını davam etdirərək, hər bir media təmsilçisinin müqəddəs saydığı Milli Mətbuat və Jurnalistika Gününü Vətən müharibəsinin, informasiya savaşının qəhramanları ilə birlikdə qeyd etdi, onların fədakarlıqlarının heç zaman unudulmayacağı, Azərbaycanın bütövlüyü naminə qılıncla qələmin daim vəhdətdə olacağı mesajını verdi.

Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media orqanlarının cəbhə bölgələrində çalışan əməkdaşları, Vətən müharibəsində döyüşçü kimi iştirak etmiş jurnalistlər, Xidmətlə yaxından əməkdaşlıq edən mətbuat nümayəndələri, hərbi bloggerlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general –polkovnik Arzu Rəhimovun müvafiq əmri ilə “Hərbi vətənpərvərliyin təbliğində xidmətlərinə görə” diplom, fəxri fərman və xatirə plaketləri ilə, həmçinin şəhid jurnalistlər Abışov Sirac Abış oğlu və İbrahimov Məhərrəm Əli oğlu “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif olundular. Bu münasibətlə paytaxt Bakıda və qəhrəman şəhərlərimizdən olan Tərtər rayonunda keçirilən tədbirlərdə, həmçinin şəhid jurnalistlərimizin doğmaları ilə keçirilən görüşlərdə Azərbaycanın fədakar media mənsublarının Vətən qarşısındakı xidmətlərinin heç zaman unudulmayacağı və gələcək nəsillər üçün nümunə olacağı vurğulandı.
Daha öncə də qeyd etdiyim kimi, 44 günlük Vətən savaşı bizə təkcə 30 ilə yaxın həsrətlə gözlədiyimiz Zəfəri bəxş etmədi, həm də düşünən beyinlərimizlə vuran əllərimizin, döyüş əzmimizlə yaradıcılıq ruhumuzun, QILINCLA QƏLƏMİN vəhdətini qazandırdı. Heç şübhəsiz ki, bu birlik, bu vəhdət əbədiyyətə qədər düşüncəsi, əzmi, yaradıcılıq ruhu ilə Azərbaycanın bütövlüyünə keşik çəkəcək, daha güclü, daha qüdrətli Azərbaycan naminə gələcəyə doğru birlikdə yürüyəcəkdir!

Elçin Mirzəbəyli

Əməkdar jurnalist