• 19 Aprel 2024
logo
Haqqın yolunda olmaq...

Haqqın yolunda olmaq...

Jurnalist, media mənsubu olmaq və həm də ölkədə, dünyada baş verən hadisələrə öz baxış bucağından yanaşmağı, mənsub olduğun xalqın, sevdiyin peşənin dəyərlərinə sadiq qalmağı bacarmaq imtiyaz deyil, xüsusi təyinatdır.
...Təxminən bir neçə il öncə dostlarımdan birinin sosial şəbəkələrdə paylaşdığı yazıma münasibət bildirən dəyərli ziyalılarımızdan birinin “Jurnalist haqqın yanında olmalıdır” sözlərinin qarşılığında ona “Haq haradadır” sualını vermişdim. Cavab gəlməmişdi...
Haq Tanrının dərgahında, dövlətin ədalətində, insan olduğunu anlayan hər kəsin vicdanındadır. İnsan olduğunu anlayan hər kəsin... Əgər sən vicdanının “dərinliklərinə” boylanıb özünlə üz-üzə qalmaq istəmirsənsə və öz vicdanının “divarlarındakı” yazıları oxumadan medianın vicdanına ayna tutacağını gösləyirsənsə, deməli yaşından, təcrübəndən, intellektindən asılı olmayaraq, yanlış yoldasan...
Mən haqqın yolundayam. “Haqqın yanında olmaq” ritorikadır.

***

Bizim üçün özəl olan bu gündə pozitivə köklənməyə çalışıram, amma nədənsə özümü qəzaya uğramış gəminin sərnişini kimi hiss edirəm. Sanki nəhəng dalğaların sahilə atdığı taxta parçasının üzərində, fırtınadan sonra göyü, Yeri “alovuna” bürüyən qızmar Günəşin şüaları altındayam. Gəminin bir hissəsi hesab etdiyim taxta parçası Günəşin şüaları altında bərq vuraraq dalğaları xatırladan qum topalarının üzərində hərəkətsiz qalıb. Mən isə hələ də dalğaların qoynunda fırtınaya sinə gərdiyimi düşünürəm. Mənim kimi ümidini itirməyən hər kəs çox güman ki, belə düşünür...
Həssas və məsuliyyətli bir zaman kəsiyinin düz mərkəzindəyik. Belə bir zaman kəsiyində, şəxsən mən qurdun itdən seçilməsi üçün Günəşin doğmasını gözləyirəm... Və o mütləq doğacaq!

Elçin Mirzəbəyli