• 13 Fevral 2025
logo
“Mediada islahatlara doğru” mövzusunda keçirilən silsilə seminarlar yekunlaşıb

“Mediada islahatlara doğru” mövzusunda keçirilən silsilə seminarlar yekunlaşıb

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə iyunun 14-dən iyulun 10-dək davam edən “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başa çatıb.

İyulun 14-də seminarın bağlanış mərasimində çıxış edən ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə bu təlimlərin media sahəsində yeni trendin başlanğıcına, jurnalistlərin peşəkar inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov seminarların əhəmiyyətindən danışaraq təlim iştirakçılarına uğurlar arzulayıb.

ADA Universitetinin prorektor müavini, İxtisasartırma proqramlarının rəhbəri Aygün Hacıyeva seminarlar çərçivəsində əldə olunan nailiyyətlərə dair təqdimatla çıxış edib.

Universitetin Kommunikasiya və rəqəmsal media üzrə müəllimi Şəfəq Mehrəliyeva seminarların buraxılışı münasibətilə iştirakçıları təbrik edib, media nümayəndələri arasında təcrübə mübadiləsi aparmaq baxımdan təlimlərin rolunu vurğulayıb. Öz növbəsində, seminar iştirakçıları təşkilatçılara təşəkkürünü bildiriblər.

Sonra seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, seminarlarda 75 media qurumunun rəhbər üzvləri iştirak edib. Seminarlar zamanı iştirakçılar qarşısında həm yerli, həm də xarici, o cümlədən "Al Jazeera" və "Haber Global"ın mütəxəssisləri təcrübələrini bölüşüblər.