“Sosial medianın tənzimlənməsi çox çətin, lakin yolu tapılmalı, korrekt yanaşma tələb edən məsələdir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Cebhe.info xəbər portalının direktoru Rəfail Becanov deyib: “Çünki sosial şəbəkələr internet və məlumat azadlığının ən ön sırasında yer alır. Bu gün sosial şəbəkələr sosial media statusundadır. Qanunvericiliklə idarə olunmur və idarə olunmasının da optimal variantı hələ yoxdur. Müəyyən inzibati cəzalar və s. hüquqi bazada əks olunsa da, yetərli deyil. Məsələn, Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə görə - internet informasiya ehtiyatında yalançı və saxta profil və ya hesablardan istifadə edərək, böhtan atma və ya təhqir etmə cinayətdir. Bu hərəkətlərin edilməsi cinayət məsuliyyətinə cəlb edilməyə imkan verir. Çünki bu əməli törədən adam başqasının zərər vurmaq istəyir və cəhd edir. Qanunvericilikdə bunlar var. Amma daha ciddi mexanizmlərin tətbiq edilməsi zəruridir. Çünki bu hərəkətlərin qurbanına təkcə adamları deyil, dövləti də, xalqı da çevirmək istəyənlər artır. Konkret və aşkar, detallı forma tapılmalıdır. Günün tələbi budur. Ancaq ən böyük problem budur ki, o forma necə olmalıdır, necə tətbiq edilməlidir ki, internet və məlumat azadlığını pozmaqda suçlu sayılmayasan? Ona görə çətin məsələdir”.
İnformasiya təxribatı plasdarmı
Onun fikrincə, sosial şəbəkələrdəki eybəcərliklər gündən günə böyüyür, çoxalır, həndəsi silsilə ilə artır: “Dezinformasiya, təhqir, şantaj subyektlərinin ən üst qatında bu gün sosial şəbəkələr dayanır. Kimin kimdən xoşu gəlmirsə sosial şəbəkədə onunla bağlı nəsə yazır, dezinformasiya yayır, guya acığını çıxır. Yaxud bir kimsə yatıb yuxusunu qarışdırır, səhər tezdən durub nəsə yazır, hansısa şantaj, yalan məlumat paylaşır. Bu tip qruplar, adamlar cəzasızlıq sindromu yaşayırlar. Ona görə də sosial şəbəkələrdən sui-istifadə artıb. Dövlətçilik, milli mənafe kimi məsələlərdə bu ciddi problemlər yaradır. Müxtəlif şəbəkələrin əlində olan şəxslər, üzdə kiminsə əleyhdarı görünüb, batində öz əleyhdarına xidmət edən şəxslər və qruplar üçün bu platformalar əsl informasiya təxribatı plasdarmına çevrilib. Ona görə də sosial şəbəkələr üçün xüsusi mexanizm yaratmaq zamanı çatıb.
Sosial şəbəkələrin yerli və regional nümayəndəliklərinin yaradılması ilə bağlı qanunvericilik bazası günün tələblərindəndir. Qanunvericilik bazasında sosial platformaların naşirlik statusunu önə çəkmək olar. Bu, ölkə daxilində və ölkə qanunvericiliyinə görə naşir statusu alan platformalarda istifadəçilərinə, istifadəçilərin fəaliyyətinə görə cavabdehlik məsuliyyəti yarada bilər. Eyni zamanda şəbəkə istifadəçilərinin qeydiyyatının sənədləşməsi əsas şərt olmalıdır. Dezinformasiya, yalan, böhtan xarakterli məlumatlara görə cərimələrin maksimum həddinin təyini və s. kimi metodlar tətbiq etmək mümkündür. Ciddi və əsaslı qanunvericilik bazası yaradılacaqsa, əməl məhkəmə predmetinə çevriləcəksə, çoxları qınına çəkiləcək, dezinformasiyalar azalacaq, böhtançılar sıradan çıxacaq. Yəni öz gözündə tirləri görməyənlər başqalarında tük axtarışını dayandıracaqlar”.
Əli Zülfüqaroğlu