• 3 Dekabr 2021
logo
Bakıda türkdilli ölkələrin informasiya və media üzrə İşçi qrupunun iclası keçirilir

Bakıda türkdilli ölkələrin informasiya və media üzrə İşçi qrupunun iclası keçirilir

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısına hazırlıq məqsədilə İşçi qrupunun 8-ci iclası keçirilir.

APA-nın məlumatına görə, toplantı çərçivəsində digər məsələlərlə yanaşı, türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı, türkdilli dövlətlərin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər müzakirə olunur.

İşçi Qrupunun iclasına sədrlik edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibinin müavini Qismət Gözəlov öncə Azərbaycanı Vətən müharibəsindəki qələbə münasibəti ilə təbrik edib. Eyni zamanda vətən müharibəsi dövründə həqiqətlərin dünyaya çatdırılmasında böyük pay sahibi olan Türkiyə mediasının rolunu xüsusi vurğulayıb və təşəkkür edib: “Türk Şurası türkdilli ölkələr arasında media sahəsində münasibətlərin inkişafının tərəfdarıdır.”

Q. Gözəlov İşçi qrupunun üzvlərindən 2021-2022-ci illər üçün Fəaliyyət Planı ilə bağlı təkliflərini təqdim etməsini istəyib.

Türkiyə Prezident Administrasiyasının departament rəhbəri Ömər Faruk Tanrıverdi Azərbaycanı Vətən müharibəsində qələbə münasibəti ilə təbrik edib: “Torpaqlarını azad edən şanlı Azərbaycan Ordusunu təbrik edirik. Qardaş Azərbaycana ev sahibliyi üçün təşəkkür edirik. Media sahəsində qardaşlarımızla ikitərəfli platformada münasibətlərimiz inkişaf edir. Türk Şurası çərçivəsində əməkdaşlığı inkişaf etdirmək üçün ardıcıl toplantıların keçirilməsini dəstəkləyirik və bu gün İşçi qrupunun 8-ci toplantısı keçirilir. Türk Dünyasını tanıdan birgə layihələrinin keçirilməsini artırmaq vacibdir. Bunun üçün sənədli filmlərin hazırlanmasına üstünlük verə bilərik. “TRT Avaz” telekanalı ortaq layihələrin həyata keçirilməsində önəmli rolu var. Bu il bir sıra türk dilli ölkələrin müstəqilliyinin 30 illiyinin tamam olması ilə bağlı bir media forumunun keçirilməsini də təklif edirik”.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktor müavini Murad Hüseynov türk xalqlarının mədəniyyəti, tarixi və ənənələrinin təbliği üçün Ortaq Türk Evi proqramının yayımını təklif edib: “Bu veriliş siyasi, iqtisadi tok-şou xarakterli deyil”.

Tədbir türkdilli ölkələrin İşçi qrupundakı nümayəndələrinin çıxışları ilə davam edib.

Qeyd edək ki, sabah Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı baş tutacaq. İclasda Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Qırğız Respublikası Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti naziri Kayrat İmanaliyev, Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev, Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf nazirinin müavini Asxat Oralov, Macarıstan Xarici Əlaqələr və Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi Peter Sztaray, Türk Şurasının Baş katibi Bağdat Amreyev iştirak edəcəklər.

Aprelin 11-də isə nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərinə və Gəncə şəhərinə səfər edəcək.