• 29 Mart 2024
logo
Jurnalistlərlə birgə ağac əkilib

Jurnalistlərlə birgə ağac əkilib - VİDEO

Yaşıllıq sahələrinin artırılması, ağac əkininin təşviqi məqsədilə yaz ağacəkmə kampaniyası çərçivəsində növbəti tədbir Torpaq çərşənbəsi günündə jurnalistlərin binası qarşısında keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Medianın İnkişafı Agentliyinin və KİV nümayəndələrinin iştirakı ilə keçirilən ağacəkmə aksiyasında nazirliyin tinglik sahələrində yetişdirilən 400-ə yaxın meyvə və həmişəyaşıl ağac tingi əkilib. Eyni zamanda, öz bağ sahələrində ağac əkmək üçün müraciət edən media nümayəndələrinə tədbir çərçivəsində əlavə meyvə tingləri paylanılıb.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev kütləvi informasiya vasitələrinə açıqlamasında bildirib ki, builki yaz əkini mövsümün öz məxsusiliyi ilə seçilir: “Hər zaman doğma Qarabağımızda ağac əkməyi arzulayırdıq. Həmin arzumuz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında, rəşadətli ordumuzun və müsəlləh əsgər olan xalqımızın sayəsində həyata keçib. Bu il ağacəkmə aksiyasına işğaldan azad olunmuş Zəngilandan başladıq. Orada yerli şəraitə uyğun ağaclar əkdik. Hazırda təbiətin oyanan vaxtıdır. Bütün vətəndaşlarımıza belə tədbirlərdə aktiv olmağa, təbiətə dost münasibət formalaşdırmağa səsləyirik. Çünki ağacların sayı, yaşıllıqların sahəsi nə qədər çox olsa, bir o qədər də ətraf mühitimiz ekologiyamız sağlam olacaq. Biz nazirlik olaraq mövcud ağacların qorunmasında daha çox maraqlıyıq. Meşələr, yaşıllıqlar hər birimizin sərvətidir. Hər bizimiz onların mühafizəsində məsuliyyət daşıyırıq.

İlkin olaraq yaz akın mövsümündə 200 hektara yaxın meşə fonduna daxil olan ərazidə ağac əkmək nəzərdə tutulub. Payız əkin mövsümündə də bu işlər davam etdiriləcək və bütövlükdə 1000 hektara yaxın ərazidə bu işlər görüləcək. Təkcə ağac əkmək yox, meşəbərpaya, təbii bərpaya kömək üçün də tədbirlər keçirilir. Hər bir ağac qulluq tələb edir. Əsas hədəfimiz əkilən ağaclara qulluq etmək və ölkəmizdə meşələrdə tala adlandırılan seyrək əraziləri ağaclarla əhatə etmək, respublikamızda meşələrin, yaşıllıq ərazilərin faizini artırmaqdır. Çünki o ölkə yaşıl ölkə sayılır ki, onun ərazisinin 20 faizindən çoxu meşə ilə örtülü olsun. Bu istiqamətdə də müvafiq işlər görülür”.

“Düşmən əsarətindən azad edilən torpaqlarımızda işğala qədər 260,3 min hektar ərazidə meşə fondu var idi. Onun 228 min hektarı bilavasitə yaşıllıqlarla örtülü idi. İlkin aparılmış monitorinqlər nəticəsində və kosmosdan əldə edilmiş fotolara əsasən müəyyənləşdirilib ki, 54 min hektar ərazi tamamilə məhv edilib. Azərbaycanın mövcud meşələrinin 34 faizi işğala qədər o ərazilərdə yerləşirdi. Məhv olunan elə ərazilər var ki, meşə fonduna aid olmasa da, yaşıllıq ərazilər olub. Vandalizmin miqyası çox dəhşətlidir. Dünya ölkələrinin bir neçəsinin meşə ehtiyatını bir yerə yığsaq, yenə də həmin rəqəmlərdən az olur. Ölkə başçısının elan etdiyi kimi “Böyük qayıdış”dan irəli gələrək planlarımız var. Həmin əraziləri yenidən bərpa edəcəyik. Sevindirici haldır ki, yaz əkin mövsümünün ilkini elə işğaldan azad olunmuş ərazilərdən birində - Zəngilanda başladıq. Azad edilmiş torpaqlarımız işğalda olarkən erməni terrorçuları tərəfindən minalandığından hələ ki, orada kütləvi tədbirlər keçirilmir. ANAMA-nın əməkdaşları ərazidə mütəmadi olaraq minaların təmizlənməsi prosesini aparırlar. Ərazilər təmizləndikcə yaşıllaşdırma tədbirləri həyata keçiriləcək. Həmin ərazilərdə oranın təbiətinə uyğun ağac növləri əkiləcək. Əsasən meşəcinsli ağaclara üstünlük veriləcək. Gələcəkdə isə orada tinglik təsərrüfatlarının da yaradılması nəzərdə tutulur ki, təbiətimizə dəymiş ziyanı zaman-zaman bərpa edilsin. Bu qısa müddətdə olan məsələ deyil, uzun zaman lazım olacaq. Bununla yanaşı, dəymiş ziyan monitorinqlər keçirilərək öyrənilir. Bu məsələ beynəlxalq qurumlar qarşısında qaldırılacaq. Bildiyimiz kimi Azərbaycan 20-yə yaxın Konvensiyanın tam hüquqlu üzvüdür. Həmin konvensiyaların nümayəndələri ölkəmizə gələcək və işğaldan azad edilmiş ərazilərdə birgə monitorinqlər keçiriləcək. Onlar erməni vandallarının 30 il ərzində bizim təbiətimizə nə qədər ziyan vurduqlarının şahidi olacaqlar. Biz o əraziləri yenidən dilbər guşələrə çevirəcək, həmin torpaqların əzəli və əbədi sahibləri olduğumuzu bütün dünyaya bir daha sübut edəcəyik”, - deyə nazir müavini qeyd edib.