• 2 Mart 2021
logo
Şəhidlər haqqında çəkilən reportajların ümumi reyestri aparılır

Şəhidlər haqqında çəkilən reportajların ümumi reyestri aparılır

“Ümumölkə telekanalların illik monitorinq nəticələrinin təhlili göstərir ki, dövlət büdcəsindən maliyyələşən AZTV, MƏDƏNİYYƏT TV, İDMAN TV, İTV-nin proqram səbətində xüsusilə maarifləndirici proqramlar, layihələr üstünlük təşkil edir. Bu yayımçıların proqram səbətində ölkə və dünya mədəniyyətinə, incəsənətinə, idmanına və s. həsr olunmuş keyfiyyətli efir materialları yer alır. Bu kanallarda yayımlanan proqramlar geniş tamaşaçı auditoriyasının zövqünü nəzərə almaqla hazırlanmaqdadı”.

APA-nın xəbərinə görə, bu, Milli Televiziya və radio Şurasının illik hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, dövlət büdcəsindən maliyyələşən yayımçıların efirlərinin izlənilməsi zamanı bəzi çatışmamazlıqlar da aşkarlanıb. Belə ki, “Televiziya və radio yayımı haqqında” Qanunun 32.0.10-cu maddəsinə görə, dövlət və ictimai teleradio yayımçıları tərəfindən insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayrılmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımı təmin edilməlidir. Monitorinqlər zamanı yayımçıların Qanunun bu tələbinə tam şəkildə riayət etdikləri müşahidə edilmir: “ARB 24 və REAL TV kanalları istisna olmaqla ümumölkə televiziya yayımçıları tərəfindən “Televiziya və radio yayımı haqqında” Qanunun 32.0.8-ci maddəsinin (karlar və zəif eşidənlər üçün tədris və informasiya xarakterli sosial yayımlar təşkil olunmalıdır) tələblərinə əməl edilməməsi diqqəti cəlb edir. 12 ümumölkə televiziya kanalından 8-nin (AZTV, İTV, ARB 24, REAL TV, LİDER TV, MƏDƏNİYYƏT TV, İDMAN TV, CBC SPORT TV) efirində maarifləndirici, müzakirə və informativ xarakterli layihələr üstünlük təşkil edib. Digər 4 kanalın (ATV, XƏZƏR TV, ARB və SPACE TV) efir səbətində isə maarifləndirici-informativ proqramlarla yanaşı, əyləncə və şou xarakterli layihələrə də geniş yer ayrılıb. Qeyd olunmalıdır ki, il ərzində baş vermiş ictimai əhəmiyyətli hadisələri nəzərə alaraq bütün yayımçılar öz proqram səbətlərini operativ olaraq dəyişib və bir sıra yeniliklər həyata keçirib. Buna misal olaraq, televiziya və radio yayımçıları tərəfindən COVİD-19 pandemiyasına qarşı mübarizə çərçivəsində maarifləndirici-informativ yayımların həyata keçirilməsini göstərmək olar. Yayımçılar bu virusla mübarizə istiqamətində müzakirə və maarifləndirici proqramlar, sosial çarxlar nümayiş etdirib, qaçan sətirlə məlumatlandırma metodundan istifadə ediblər. MƏDƏNİYYƏT TV və ARB GÜNƏŞ kanalının efirində Təhsil Nazirliyinin dəstəyi ilə teledərslərin yayımlanması xüsusi vurğulanmalıdır. Pandemiya zamanı ölkə məktəblilərinin distant (və ya onlayn) təhsilinin davam etdirməsi şəraitində belə teledərslərin onlar üçün müstəsna əhəmiyyəti olub”.

Hesabatda qeyd olunub ki, 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlanması ilə ölkə teleradio yayımçılarının proqram səbətlərində və verilişlərin formatında ciddi dəyişikliklər edilib, daha çox hərbi-vətənpərvərlik mövzularında yayımlara üstünlük verilmişdir. Müharibənin ilk günü Milli Televiziya və Radio Şurası ölkədə fəaliyyət göstərən teleradio yayımçılarına və subyektlərinə müraciət edərək onlara təqdim etdikləri informasiya və məlumatlarda, həmçinin, video reportajlarda istisnasız olaraq rəsmi mənbələrə əsaslanmalarını, daha mütəmadi və operativ informasiya təqdim etməyə çalışmalarını, efirin nikbin ruhlu hərbi-vətənpərvərlik proqramları ilə zənginləşdirilmələrini tövsiyə edib. Monitorinqlər göstərmişdir ki, bütün yayımçılar bu tövsiyələrə riayət edib, efirdə informasiya və xəbər proqramlarının sayı xeyli artıb, əhalinin operativ və mötəbər informasiya ilə təmin olunması həllini tapıb. Bu dövr ərzində də qaçan sətirlə təqdim olunan informasiya növündən mütəmadi istifadə olunub.

23 dekabr 2020-ci il tarixdə Milli Televiziya və Radio Şurasında ümumölkə televiziya kanallarının xəbər departamentlərinin rəhbərləri ilə keçirilmiş görüş zamanı Azərbaycan televiziya kanallarının müharibə dövründə fəaliyyəti ümumən müsbət qiymətləndirilib. Vətən uğrunda şəhid olan əsgər və zabitlərimizin adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlıqları barədə materialların hazırlanmasında televiziya kanallarının müstəsna rolu qeyd olunub. 44 gün davam edən Vətən Müharibəsi zamanı vətən uğrunda həlak olmuş heç bir şəhidin diqqətdən kənarda qalmaması məqsədilə Şura və televiziya kanallarının birgə təşəbbüsü ilə şəhidlər haqqında çəkilən reportajların ümumi reyestrinin aparılması razılaşdırılıb. Milli Televiziya və Radio Şurasının monitorinq qrupu tərəfindən hazırlanan reyestrə televiziya kanallarında şəhidlər haqqında çəkilmiş reportaj və materiallar haqqında məlumat daxil edilir. Reyestr mütəmadi olaraq yenilənir və ilin sonuna olan məlumata görə artıq 733 şəhid barədə reportaj televiziya kanallarında yayımlanıb.